Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

Vüsal  Yurdoğlu

Vüsal Yurdoğlu

11 iyul 2025
# 18:36

Bu gün gənc şair Vüsal Yurdoğlunun doğum günüdür. Kulis.az onun yeni şeirlərini təqdim edir.

Qadınlar nə istəyir?!


Bu gülü bəyənmədin, o gülü bəyənmədin,
Bu gün başqa donunu geyinmək istəyirsən,
Dinləyirəm, dinmirəm, anlayıram, danmıram,
Qərarsızlıq içində deyinmək istəyirsən.

Gileylisən yenə də susub baxan halımdan,
Dünən, sabah.., həftəni çıxarmısan valından.
Dəymişimi tökmüsən, nə istərsən kalımdan?!
Demə, elədiyinlə öyünmək istəyirsən.

Həyat belə keçərmi, hər gün sevinc, kef-damaq?!
Deyirsən, gülmək varkən nəyə gərək ağlamaq?!
Yaman əlinə düşüb, istəyirsən oynamaq,
Ürəyimlə.., uşaqtək sevinmək istəyirsən.

Çağırmısan, gəlmişəm yanına həsəhəsdə,
Səbəbim bircə sənsən, bəhanəm dəstə-dəstə.
Turp əkmək istəyirsən bir dəfə başım üstə,
Sinəm altı qəfəsdə döyünmək istəyirsən.

Sənin də haqqın budur, - fikir, diqqət, nəvaziş,
Hər kişinin borcudur qadına xoş davranış.
Sənə sevirəm deyim, od-alovsuz yan, alış,
Bilirəm, sevməkdən çox sevilmək istəyirsən.

Balaca bir şəhərdə


Bir gün görərəm səni, bir gün, lap təsadüfən,
O vaxtacan çətin ki, tamahımdan keçərsən.
Ancaq gizli sevərəm, ürəyimdə, içimdə
Ah çəkərəm, hər dəfə tam ahımdan keçərsən

Bəlkə, görmərəm daha,
ya eynək, ya tor olar gözlərimdə...
Bəlkə də, gözlərim də görər-görməz kor olar.
Olar ki, həmin anda qəlbin gözü yorular,
Mən səni soruşanda allahımdan, keçərsən.

İllər keçib, ölmərəm daha köhnə ağrıdan,
Heç ala da bilmərəm dünənimi "oğru"dan.
Gülümsəyib deyərəm,-"Tanımadım, doğrudan,
Tanımadım, bağışla"!
Günahından keçmişəm, günahımdan keçərsən.

Görüşərik, susarsan.
...kaş, bu yerdən köçəydik,
Balaca bir şəhərdi, balaca bir küçəydi,
Əvvəl-axır üz-üzə, göz-gözə gələcəkdik.
Sevgimizin uğrunda canımızdan keçərdik...
...Mən yanından keçərəm, sən yanımdan keçərsən.


Unudulsun


Deyirdin, sevgimiz unudulacaq,
Deyirdim, istəyir, qoy unudulsun.
Yer bizim olmadı, unudulacaq...
Göy bizim olmadı, göy unudulsun.

Yox, elə sənin də var unutduğun,
Görmüsən, yadından çıxıb bir yuxun...
Murad elədiyin, arzu tutduğun,
Mənə tutmadığın toy unudulsun.

Hamı necə dözür, biz də bax elə,
Keçən keçib gedib, gözləmə gələ.
Könlünün nisgilin qopar at çölə,
Gözünün yaşını soy, unudulsun.

Əvvəlcə dediyim son sözü unut,
Sonra da, bu üzü, bu gözü unut!
Hamıdan birinci sən özün unut,
Təki xatirəmdən doy, unudulsun.

Kiçilt yavaş-yavaş, ürəyə sığım,
Elə ki, balaca gileyə sığım...
Səni yaşatmağı bacarmadığım,
Məni öldürdüyün boy unudulsun.

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər