Həmid Herisçi: "O gün məni yenə həbs etmişdilər"

Həmid Herisçi:  "O gün məni yenə həbs etmişdilər"
12 fevral 2025
# 12:50

Kulis.az "Günün şeiri" layihəsindən Həmid Herisçinin "Anamın kitabı" adlı yeni şeirini təqdim edir.

Yanğından təxliyə planları, sxemləri
çəkərdi rəhmətlik anam.
Axırlarına gözəl xətlə qısa imzasını qoyardı:
“Sxemi çəkdi: mühəndis T. Axundova”

İndi hansı rəsmi idarəyə getsəm,
Min qat cəriməylə hədələnsəm,
Lombarddakı nişan üzüyümü geri istəsəm,
Qəfil azca kənara çəkilsəm,
Kölgələrdən birini axıracan izləsəm,
Özümdən, taleyimdən qəfil küssəm,
Dünyanın ən əclaf sifətləri ilə üzləşsəm,
Qəfil, birdən
Divarda anamın təxliyə planını, sxemini görəcəm...
Üzümdə heç nə bildirmədən.

Anamın işarələdiyi istiqamətə gedəcəm...

Kələfin ucunu,
İdarələrdən qaçıb çıxmaq yolunu
Azadlıq folklorunu
Tam dəqiq göstərir mənə rəhmətlik anam
Əvvəl astaca pıçıldayır qulağıma:
“Gəl arxamcan.

İzlə çəkdiyim qırmızı oxu,
Gözlərini bərəlt, yaxşı-yaxşı oxu
Sxemdəki gizli işarələrimi.
Sənə yazdığım şerimi.
Tut, sıx, day buraxma əlimi
Mənə tapşır min cür dərdini
İşıqlığa, pəncərəyə, qapıya
Özüm çıxaracam səni

Ay ana... Allah sənə rəhmət etsin qəni-qəni...

O gün məni yenə həbs etmişdilər,
Bir yumruğa yerə sərmişdilər.
Ancaq mən artıq bələdləmişdim,
Anamın səsini eşitmişdim
ən uzaq divardakı
Təxliyə sxemindən
Bir şüa,
İlahi dua
Fikir vermədən min bir caduya,
Yüz minlik polis ordusuna
Gəlirdi köməyimə.

Küncdəki əli süpürgəli xadimə
Anam cildində canlandı gözlərimdə.

Həmid Herisçi kimdir?

Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış irihəcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə "Space" telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə "ANS" telekanalında "Gizli Azərbaycan" verilişinin aparıcısı olub.

# 5694 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər