"Eşq dolu kandarda dayanmış o qızı salamlayacağam..." - Füruğ Fərruxzad

"Eşq dolu kandarda dayanmış o qızı salamlayacağam..." - Füruğ Fərruxzad
5 iyul 2026
# 10:30

Kulis.az "Bazar oxusu" layihəsində Füruğ Fərruxzadın Məhəmməd Nurinin tərcüməsində şeirlərini təqdim edir.

ÖPÜŞ

Onun gözlərində günah gülürdü,
Ay işıq saçırdı yanaqlarında.
Pənahsız bir şölə gülümsəyirdi
onun lal və dinməz dodaqlarında.

Həm utancaq, həm də istəklə dolu
onun xumar gözlərinə baxdım mən.
Bu gözlər dillənib dedi ki, nəysə
hasil etməliyik biz bu sevgidən.

Bir kölgə birləşdi o biri ilə
o sirli gecədə, gizli bucaqda.
O an yanaqlara nəfəs toxundu,
bir öpüş odlandı iki dodaqda.


KÜLƏK BİZİ APARACAQ

Mənim kiçik gecəmdə, əfsus,
ağacların yarpağıyla görüşü var küləyin.
Mənim kiçik gecəmdə dağılmaq qayğısı var.

Qulaq as,
eşidirsən zülmətin əsməyini?
Mən qəribcəsinə bu xoşbəxtliyə baxıram.
Mən adətkərdəyəm öz ümidsizliyimə.

Qulaq as,
eşidirsən zülmətin əsməyini?

Nəysə keçir indi gecədən.
Ay qırmızı və təşvişlə dolu.
Və hər an çökmə qorxusu keçirən bu damın üstündəki buludlar
yaslılar kütləsitək
yağmaq anını gözləyirlər sanki.

Bir an
və ondan sonra heç.
Bu pəncərə arxasında titrəyir gecə
və yer
qalır fırlanmaqdan.
Bu pəncərə arxasında naməlum biri
məndən, səndən nigarandır.
Ey yamyaşıl olan başdan ayağa!
Aşiq əllərimə qoy əllərini
yaxıcı bir xatirətək.
Və dodaqlarını həyatın isti bir duyğusu kimi
aşiq dodaqlarımın nəvazişlərinə tapşır.
Külək bizi özüylə aparacaq.
Külək bizi özüylə aparacaq.

YENİDƏN SALAMLAYACAĞAM GÜNƏŞİ

Yenidən salamlayacağam Günəşi.
İçimdə axan çayı.
Fikirlərim kimi uzanıb gedən buludları.
Mənimlə bərabər quru fəsillərdən keçən
bağ qovaqlarının ağrılı böyüməsini.
Gecə tarlalarının ətrini
mənimçün hədiyyə gətirən
qarğa dəstələrini.
Güzgüdə yaşayan
və mənim yaşlanmış şəklim olan anamı.
Və yer üzünü,
o yer üzünü ki,
məni təkrarlamaq istəyi onun od tutub yanan içini
yaşıl tumlarla doldurardı,
salamlayacağam yenidən.

Gəlirəm, gəlirəm, gəlirəm.
Torpaq altındakı qoxuların davamı olan saçımla.
Qaranlığın qəliz təcrübələri olan gözlərimlə.
Və divarın o üzündəki meşələrdən qopardığım kollarla.
Gəlirəm, gəlirəm, gəlirəm
və kandar eşqlə dolur.
Və mən kandarda sevənləri,
hələ də orada – eşq dolu kandarda dayanmış o qızı
salamlayacağam yenidən.

# 1094 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər