Dörd tərəfdən türk rüzgarı əsir - Fərid Mahmudoğlu

Dörd tərəfdən türk rüzgarı əsir - Fərid Mahmudoğlu
12 iyul 2024
# 15:12

Kulis.az Fərid Mahmudoğlunun şeirlərini təqdim edir.

Xatirə…

Şəhid övladını həyətdə gördüm,
Əlində mavi rəng bir şarı vardı.
Dedim, gəl oynayaq, şarı mənə at,
Onun cümlələri etdi məni mat.
Dedi şarı atsam birdən partlayar,
Onda mənim üçün həyat dayanar.
Dedim,əziz balam,fikir eləmə,
Yüzlərlə belə şar alaram sənə.
Dedi mənim şarım qeyri-adidir,
Bu mənə atamın hədiyyəsidir.
Bilirsən nə üçün əzizdir bu şar?
İçində atamın gül nəfəsi var…


Qarabağ

Bu gün sevinc içindədir Qarabağ!
Otuz illik həsrətə son qoyulub!
Füzuli də, Zəngilan da qayıdıb,
Xan çinarlı Cəbrayıl azad olub!

Qubadlıyla, Laçınla qürrələnən,
Əsir qalmış Ağdamı geri dönən,
Kəlbəcərli, Xocavəndli Vətənim,
Gözəl Şuşa sanki bir nazlı gəlin!

Şəhid ruhu dolaşdıqca ölkəni,
Laləzara dönüb çölü-çəməni.
Doğulduqca Mübarizlər, Poladlar,
Önümüzdə neçə qələbələr var!

Turan eli lərzə salıb dünyaya!
Bürünübdü hər yan ulduza-aya!
Dörd tərəfdən Türk rüzgarı əsir,
Övladların barış-sülhə tələsir.

Sən min yaşa, mənim Odlar diyarım!
Nəhayət ki, çin olur arzularım!
Gözəl gündə tar-kamanın dillənsin,
Dörd tərəfin çiçəklənsin, güllənsin,


Nə gözəldir!

Nə gözəldi qara sazın nəvası,
“Naxçıvani”, “Azərbaycan” havası!
“Dübeyti”si,”Dolhicranı”, “Bəhməni”,
Ağrın alım, ağlat “Yanıq Kərəm”i!

Bir “Mixəyi” havası çal, sən Allah!
“Şəşəngi”də qol götürüb oynayaq!
“Sarıtorpaq şikəstəsi”, “Dilqəmi”,
Ağrın alım, ağlat “Yanıq Kərəmi”!

“Gödək donu”, “Paşa köçdü”, “Heydəri”,
Yetmiş yeddi saz havası - gəl bəri!
Qoç igidlər kəssin bəndi-bərəni,
Ağrın alım, ağlat “Yanıq Kərəmi”!

“Ruhani”ylə qoy dolanım aləmi,
“İrəvanın çuxuru”na sal məni!
“Müxəmməs”də ələ aldım qələmi,
Ağrın alım, ağlat “Yanıq Kərəmi”!


“Allah…”

Allah, məndən nə xəbər var?
İşlərimdən razısanmı?
Haqq, nahaq əməllərimi,
O dəftərə yazırsanmı?
Bura yaman bulanıqdı…
İstəyirəm durulaşam,
Hüzuruna çıxan zaman,
Sevincimdən aşam-daşam.
İnsanın üzü qışadır,
Sonda Sənə dönəcək o.
Günəş kimi parlasa da,
Ulduz kimi sönəcək o.
Əsas sonrakı həyatdı,
Ruhun azad olduğu gün.
Hökmümü haçan verirsən?
Bu gün?
Sabah?
Ya birigün?


“Xoşbəxtlik”

Xoşbəxtliyə zəng elədim,
Telefonu qapatdı.
Güman etdim yaxındadır,
Mənə “Məşğulam” atdı.

Biraz keçdi, o gəlmədi,
Təkrar dönüb aradım.
Təəssüf ki, nömrəsinə,
Bu dəfə zəng çatmadı…

Öz-özümə çox düşündüm,
Dedim: “Bu necə işdi?”
Görən mənim xoşbəxtliyim,
Marşrutmu dəyişdi?

Qarmaqarış fikirlərlə,
Qələmi ələ aldım.
Beynimdəki misralardan,
Varağa naxış saldım.

Gözüm yolda, qulaq səsdə…
Mesaj gəldi nömrəmə.
Yazılmışdı: “Gələcəyəm,
Amma bu gün gözləmə…”

Bu cümləni oxuyaraq,
Bir azca rahatladım.
Xoşbəxtliyi gözləyərkən,
Şirin yuxuya daldım…

# 2752 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər