Bütün unudulmuş əlifbalarla susdum sənə... - Səbinə Xasıyevanın şeirləri

Bütün unudulmuş əlifbalarla susdum sənə... - Səbinə Xasıyevanın şeirləri
16 may 2026
# 15:00

Kulis.az Səbinə Xasıyevanın yeni şeirlərini təqdim edir.

Darıxır


Darıxır hər gecə bir halı pərişan, darıxır.
Yenə bir can qalıb hicrində nigaran, darıxır.

Dolanır xatirələr boynuma qollar sayağı,
Nəfəsinçün ürəyim gizlicə hər an darıxır.

Sığışıb bir gilə göz yaşıma dəryaca fəraq,
Baxaraq damlaya qibtəylə bir ümman, darıxır.

Bu dəli aşiqinin halını hərdən xəbər al,
De ki məndən ötəri hardasa bir can darıxır.

Sən gedən yollara həsrətlə baxan gözlərimin,
Bəbəyində alışan od kimi hicran, darıxır.

Ruhumu çəkdi dara həsrətin ey sevgili yar,
Elə bil vermək üçün canını qurban, darıxır.

​Dəli eşqinlə vuran nəbzimə loğman da baxıb,
Dedi- dərman buna neylər ki, bu insan darıxır!

Ürəyin yansa da, gəl dərdi nihan tut, Səbinə,
Sevən insan susub içdən-içə pünhan darıxır.

Unutmuşam, bağışla...

Qucaqladım ətrin qoxan küləyi,
Sızıldadı düz burnumun dirəyi,
Həsrətinlə can çəkişən ürəyi ,
Ovutmağı unutmuşam,bağışla...

Dağa vurdum,daşa vurdum özümü,
Bir görsəydin məndəki bu dözümü,
Gizlin-gizlin yaş süzülən gözümü ,
Qurutmağı unutmuşam, bağışla...

Unutmuşam göydəyəmmi, yerdə mən?
Düşmüşəmmi, qalxmışammı dərdə mən?
Yaddaşa bax , bircə səni ,birdənəm!
Unutmağı unutmuşam, bağışla...

***


Bütün unudulmuş əlifbalarla susdum sənə,
Misir heroqliflərinin daşlaşmış sirri ilə
Maya tayfalarının yandırılmış tumarları ilə ,
Silinmiş Brayl şriftinin kor qaranlığı ilə ,
Oxumadın heç birini.

​Bütün ağrı növlərində sınağa çəkdim yoxluğunu,
Barmağı kəsən kağızın qəfil giziltisində,
Donvurmadan ayılan bədənin sümük sızıltısında,
Kəsilib atılmış bədən üzvünün xəyali sancısında...
Sızlamadın heç birində.

​Bütün zaman ölçülərində yubandım sənə,
Qum saatının tıxanan boğazında,
İşıq ilinin milyard illik gecikməsində,
Ölən adamın dayanan qol saatında...
Rastlaşmadıq heç birində.

​Bütün yerüzü fəlakətlərinə atdım xatirəni,
Qurumuş Aral dənizinin duzlu dibinə,
Xirosimanın divarlara hopmuş insan kölgələrinə,
Çernobılın tərk edilmiş uşaq meydançasına..
Heç biri qorxunc olmadı gedişinin səssizliyindən...

​İndi
qanqren olmuş bir yaraya
vurulan sonuncu keyləşdirici qədər hissizəm.
Kimsəsizəm, səssizəm ...
Azca qalıb ölümümə deyəsən,
Mən hələ də "heroqlifəm" "Braylam"
sənsizəm...

***


O gün uşaqlığın son gecəsiydi,
Atam evimizdən çıxıb gedirdi .
Rəngbərəng, min cürə körpə arzunu ,
Qara çamadana yığıb gedirdi...

Tutdu qardaşımla mənim əlimdən,
Üz tutduq biz üzü asfalta tərəf .
Küçədə dayanan qırmızı taksi ,
Sanki ürəyimi almışdı hədəf...

Çevirdim üzümü atama sarı,
Sığal çəkdi sağ tərəfdən başıma .
Başımın sağından bir ağrı tutdu ,
O ağrı çox idi 9 yaşıma ...

Guya ki Bakıya gedirdi zalım,
Bakını mən uzaq bilmirəm, Allah
Məni bağışlasın günahsız şəhər,
O gündən Bakını sevmirəm ,Allah.

Buludtək anamın qonur gözləri ,
Kirpiyi altında yağış saxladı .
İllər qar ələdi qara zülfünə ,
Onu da atamdan naxış saxladı.

Sonra aylar-illər qovdu bir-birin ,
Beləcə on yeddi yaşıma gəldim.
O qədər qorxurdum ümidim ölər,
İlahi, qorxduğum başıma gəldi .

Bir xəbər eşitdim uzaq şəhərdən,
O şəhər hardadır,o şəhər harda ,
Dedilər bir qəza keçirib atan ,
Elə öz canını tapşırıb orda ...

Dedilər əlləri görməli deyil,
Sınmış barmaqları ələ gəlmədi .
Başım sağ tərəfdən əlində idi ,
O gündən başım da ələ gəlmədi...

Yenə xatirələr dağıldı evə ,
Al qana boyandı qəlbdə sarğılar.
Nə olar bu köçü yığışdır, Allah
Başımın sağında güclü ağrı var...

***

Yenə kimsə saçlarına toxundu,
Yenə kimsə taleyimlə oynadı .
Gözüm dolcaq qəhərləndi buludlar,
Yağacaqdı, külək əsdi qoymadı ...

Yenə kimsə əllərinə toxundu ,
Yenə tutdu əllərimin əsməsi .
Səssizliyin ürəyimi doğrayır ,
O kimdisə ,de sözünü kəsməsin.

Yenə kimsə ürəyinə toxundu ,
Bilmirdinmi vəfa yoxdur çoxunda ?
Yenə şükür unutqansan, əzizim ,
Bu da keçər ,unudarsan yaxında...

# 2002 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

11:32 7 noyabr 2026
"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

17:23 6 noyabr 2026
“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər