Biz qəflət toruna düşmüş bir quşuq... - Ömər Xəyyamın rübailəri

Biz qəflət toruna düşmüş bir quşuq... - Ömər Xəyyamın rübailəri
18 may 2026
# 16:00

Bu gün görkəmli şair, riyaziyyatçı, astronom və filosof Ömər Xəyyamın anım günüdür.

Kulis.az onun rübailərini Mirmehdi Seyidzadənin tərcüməsində təqdim edir.

Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?!

***

Biz getsək yenə də duracaq cahan,
Bizdən qalmayacaq bir iz, bir nişan.
Biz yoxkən çəkmirdi o heç bir zərər,
Getsək də görünməz onda bir nöqsan.

***

Kuzəni, qədəhi alıb, ay gözəl,
Bir bulaq başına, çəmənzarə gəl!
Çox ayüzlüləri bu fələk yüz yol
Kuzəyə döndərib, məhv edib əcəl.

***

Xəbərin varmıdır, ağarınca dan,
Nə üçün xoruzlar qaldırır fəğan?
Deyirlər: ömründən keçən gecəni,
Dur, seyr et səhərin saf aynasından.

***

Sən könül qırmağı eyləsən adət,
İnsan incitməyi bilsən səadət,
Ağlın matəmində otur, ey nadan!
Bil ki, əskik deyil səndən rəzalət.

***

Könül, rast gəlməsən tikana, xara,
Yetişə bilməzsən gül üzlü yara.
Yüz parça olmasa darağın bağrı,
Heç əli çatarmı ipək saçlara!..

***

Keçir külək kimi ömrün karvanı,
Qənimət bilməli zövqü, səfanı.
Saqi, gəl sabahı düşünmə, mey ver,
Keçir gecə, gedir işrət zamanı.

***

Biz qəflət toruna düşmüş bir quşuq,
Dünyanın dərdindən cana doymuşuq.
Nə gəlmək arzumuz olub, nə getmək.
Bu damsız, qapısız yerə uymuşub.

***

Ey könül, elə bil sənindir cahan!
Sən şadlıq bağında şənsən hər zaman.
Bir gecə çəmənə düşən şeh kimi,
Səhər birdən-birə yox olacaqsan.


***

Tutaq, hər arzunu götürdün, sonu?
Həyat kitabını bitirdin, sonu?
Elə bil yaşadın yüz il, ömrünü
İkinci yüz ilə yetirdin, sonu?

***

Ey Xəyyam, bədənin çadıra bənzər,
Ruh isə sultandır, bəqadə gəzər.
Sultan duran kimi əcəl fərraşı,
Başqa bir mənzildə çadırı bəzər.

***

Pərişan saçına uzatdımsa əl,
Ona məhəbbətdən bağladım əməl.
Saçlarında gördüm dəli könlümü,
Odur əl uzatdım ona, ey gözəl.

***

Ariflər yaratmış sözdən dürr, gövhər,
Göylərin işindən qalmış bixəbər.
Cahanın sirrini aça bilmədən,
Bir neçə söz deyib çıxıb getmişlər.

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər