Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza

Alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər... - Rəsul Rza
7 iyul 2026
# 16:17

Kulis.az "Günün şeiri" layihəsindən Rəsul Rzanın "Ərk qalası" şeirini təqdim edir.

Təbriz – gözəl şəhər!

Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə – yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən-könülə keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.

1958

# 1021 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

11:32 7 noyabr 2026
"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

17:23 6 noyabr 2026
“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər