Xoşqədəmi vurmaq istəyirlər...

Xoşqədəm Hidayətqızı

Xoşqədəm Hidayətqızı

25 yanvar 2022
# 11:20

Kulis.az Ayxan Ayvazın “Xoşqədəm yox, Xoşqədəm xanım!” yazısını təqdim edir.

Xoşqədəm Hidayətqızının verilişdə hansısa vətəndaşımızı “başa saldığı” videoya baxanda yadıma uzaq-uzaq illərdə Həmid Herisçinin söhbəti düşdü. Verilişlərin birində qonaq olan Həmid Herisçi Xoşqədəm xanımın adını yadına sala bilməyib “Üçqədəm” xanım demişdi. Bilməyənlər üçün deyim ki, Həmid Herisçinin təqdimatında “Üçqədəm” sözü “Üç nöqtə” qəzetinə işarəydi. Çünki o vaxtlar Xoşqədəm xanım “Üç qədəm”, pardon, “Üç nöqtə” qəzetinin baş redaktoru idi. Və o “Üç nöqtə”də mənim də bir-iki yazım çap olunmuşdu, üstəlik tələbə dostum o qəzetdə nisyə işləyirdi. O nisyə pulları da Xoşqədəm, eee, Xoşqədəm xanım heç vaxt vermədi – nəticədə dostum eləcə, pulsuz-parasız işəyib kor-peşman rayonuna qayıtdı.

İndi Xoşqədəm xanım verilişdə hansısa azərbaycanlıya müraciət formasını öyrədirdi. Diqqətimi çəkən bir məqam oldu: orda Xoşqədəm xanım özünü göyün yeddinci qatına qaldırdı. Təxminən dedi ki, sən kiminlə danışdığını unutmusan. Halbuki müraciət formasında kimlik fərqi yoxdur. Əgər şəxsi tanımırsansa, ona rəsmi qaydada müraciət etməlisən. Hətta ruslarda balaca uşaqları belə tanımayan şəxs onlara “siz” deyə müraciət edib əzizləyir.

Xoşqədəm Hidayətqızını hər dəfə görəndə bibimi xatırlayıram. Uzun illər əvvəl Rusiyada, Yessentukidə bibimgildə qalanda ev əhli bütün günü Xoşqədəm xanımın verilişinə baxır və necə deyərlər, bıldır-bıldır göz yaşı axıdırdılar. O vaxtlar bibimə Xoşqədəmin bir tamaşa qurduğunu danışmağa çalışsam da, xeyri olmamışdı. Bibim çəp-çəp mənə baxıb üstümə çəmkirmişdi ki, get öz işinlə məşğul ol. Hələ o vaxtlar bibim oğlunun sadiq dostu, rus əsilli Vadim də gəlib Xoşqədəmə qulaq asır və gözləri dolurdu. Vadim azərbaycanca bilməsə də, kədərin dilini çox yaxşı başa düşürdü. Və anlamışdı ki, bu verilişdə nəsə çox kövrək məqamlar üzərində gəzişmələr var. Rusiyada qaldığım o günlərin birində Vadim bir səfər bibimgilə gəlib Xoşqədəmə baxdıqdan sonra demişdi ki, Ayxan, mənə Azərbaycan dilini öyrət, istəyirəm, Xoşqədəmin verilişinə gedim, bəlkə o mənim Azərbaycanlı atamı tapa bilər. Vadimin anası azərbaycanlıyla vətəndaş nikahında yaşamışdı. Sonra bizim azərbaycanlının yadına öz Vətəni və ailəsi düşmüşdü, yığdığı pulları da götürüb qayıtmışdı komasına. O günlərdən Vadim yadigar qalmışdı. Mən gözləri dolmuş göy gözlü oğlana baxıb dedim:

“Vadim, birincisi, Xoşqədəm yox, Xoşqədəm xanım!”

Vadim zarafatıma gülümsünüb bir həftəlik yoxa çıxmışdı. O bir həftədən sonra Xoşqədəmin yalandan tamaşa qurduğu video yayıldı və foyası meydana çıxdı. Vadim suyu süzülə-süzülə geri qayıtdı və mənə dedi:

“Heç vaxt Azərbaycan dilini öyrənməyəcəm”.

Vadim kədərlə başını aşağı əyib azərbaycansayağı köks ötürəndə Xoşqədəm xanıma əməlli-başlı əsəbiləşdim. Bibimin yanına gəlib ona “gördün?” demək istəyirdim ki, o, məni qabaqladı:

“Xoşqədəmin paxıllığını çəkirlər. Hamıya əl tutur deyə vurmaq istəyirlər. Belə şeylərə inanma, mənim balam”.

Növbəti həftə bibim daha həvəslə yaylığını üzünə tutub Xoşqədəmin, tfu, Xoşqədəm xanımın verilişinə baxıb gəncliyini xatırlamışdı.

# 9892 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər