Ana dili müsabiqəsinin qalibi olan inşa – Mətn

Ana dili müsabiqəsinin qalibi olan inşa – Mətn
2 avqust 2019
# 13:30

Kulis.az “Araz” supermarketlər şəbəkəsinin Ana dili mövzusunda keçirdiyi müsabiqəsinin qalibi olan inşanı təqdim edir.

Ana dilimizlə bağlı nə qədər araşdırmalar aparılıb, nə qədər dissertasiya işlərinə mövzu olub. Kifayət qədər pafoslu şerlər demişik, nitqlər söyləmişik, yazılar yazmışıq dilimizin şəninə...

Yox, mən o silsiləni davam etməyəcəm. Etsəm də təbii alınacağına ümidim azdır.

Hazırda Amerikanın ölkəmizdəki səfirliyi ilə Xarici Dillər Universitetinin təşkil etdiyi iki aylıq bir proqramın “dil partnyoru”yam...

Bu müsabiqə artıq altı həftəsini geridə qoyduğum proqramın gedişatında müşahidələrimi paylaşmaq üçün vasitə oldu.

Deməli, CLS (Critical Language Scholarship) adlanan proqramın məqsədlərindən biri də dünyada az danışılan dillərə diqqət çəkmək üçün gənc Amerika vətəndaşlarının həmin dillərin danışıldığı ölkələrə aparılmasıdır.

Bəli, çox təəssüflər olsun ki, Azərbaycan dili də az danışılan dillər sırasındadır.

Həyəcan təbili ilə öyrənilmək üçün ödənişsiz proqram təşkil edilib və tələbələr iyul ayından Bakıdadırlar.

CLS-in Azərbaycan partnyorları bu məqsədlərini gerçəkləşdirmək üçün iki ay ərzində əziyyət çəkir. Ölkəmizə gəlmiş amerikalıları evlərlə (ailələrlə) təmin edir, xüsusi ekskursiyalar təşkil edir, həftənin beş günü Azərbaycan dili ilə bağlı dərslər keçilir. Bir də həftənin iki günü onlarla vaxt keçirmək üçün azərbaycanlı partnyorlar təşkil edilir.

Caroline - mənim amerikalı partnyorumun adı belədir. İyirmi üç yaşı var. Proqramın sonlarına yaxınlaşırıq, o isə ölkəmizdən ayrılmaq istəmir. Burda yaşamağın yollarını araşdırır, iş imkanları ilə maraqlanır.

Təəccüblüdür, deyilmi?

Fürsət yaransa, kifayət qədər həmvətənimizin yaşamaq üçün tərcih edəcəyi ölkənin vətəndaşı Azərbaycanda qalmaq üçün çalışır.

Dilimizdə daha yaxşı danışa bilmək üçün səy göstərir.

Bizim dilimizdə.

Öz ölkəsində öz vətəndaşlarının hamısının sərbəst danışa bilmədiyi ana dilimizdə.

“Siz çox şanslısınız, qədim tarixiniz var. Amerika belə deyil” - deyir fürsət düşdükcə.

Yeni-yeni danışmağa başladığı dilimizi daha çox istifadə etməyə səy göstərir.

Məsələn, bərabər getdiyimiz məkanlarda satıcılarla özü ünsiyyət qurur, yemək sifarişlərini özü verməyə cəhd edir və s.

Və düşünürəm...

Görəsən onun dilimizdə gördüyü nədir? Hansı ki, biz o bucaqdan baxa bilmirik.

Yaxud, niyə Heydər Əliyev dilimizdən danışanda qəhərlənirdi, biz isə daha çox rus, ingilis, yeni dəb olan türk dillərində danışmaq üçün səy göstəririk.

Yaxud X.R.Ulutürkün

...İllər ötdü, yaşa doldum.

Anladım ki, ana dilim

Ürəyimdən çıxmaz mənim,

doğransam da dilim-dilim.

Anladım ki, sinəmdəki sözlər deyil,

babaların nəfəsidir...

- misralarını nə qədər pafosla söyləsək də, onun dediyi kimi təsirli ola bilmirik.

O təsiri heç özümüzə edə bilmirik.

İnsan varlığın içində olanda qədirbilməz olurmuş deyib atalarımız. O nemətin əhatəsində bir az nankorlaşmışıq.

Məsələn, bir səbəb budur...

Digər səbəbləri yazmayacağam...

Sadəcə bildiyim odur ki, nə yaxşı bütün nöqsanlarımızla, səhvlərimizlə Azərbaycan dilində yazıram, danışıram...

Nə yaxşı müxtəlif ləhcələri, dialektləri, rəngarəngliyi, zənginliyi ilə ünsiyyət qurduğum həmvətənlərim var.

Ümidimsə ana dilimizdə danışmağın rahatlığını və möhtəşəmliyini dərk etməmizdir.

Bəli, yazımı illər əvvəl yazılmış bu misraları doğma dilimizdə təkrar etmənin qüruru ilə bitirirəm:

Sağdır dilim,

demək, sağdır şərafətim, ləyaqətim.

Sağdır, demək,

milyard yaşlı məmləkətim...

Gülnarə Məmmədova

# 4348 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər