Əsayla “qaytarılan” borc

Əsayla “qaytarılan” borc
13 oktyabr 2017
# 14:43

Reyhan Məcidli

Sənin qırış tutmuş əllərini uşaq kimi tutub bağrıma basmaq istəyirəm. Onlar mənə necə də iri, kainat boyda görünürdü. İndi qaxaca dönmüş əllərinin cizgisini oxumaq, onları anlamaq, dərk etmək istəyirəm. Bu əllər nə çilələr çəkdi, nə ağrılar keçirdi, nələrə imza atdı?!

Nəfəs aldığın hər məkan, toxunduğun hər nöqtə, əllərin dəyən hər nə varsa - daş, divar, toz, torpaq mənim üçün müqəddəsdir, əzizdir. Onlarda sənin alnından süzülən tərin izləri qalıb.

Onlar yeddi övladının başına pərvanə kimi dolanan anaya illərdir uzatdığın mübarək əllərdir. Mənə güc, qürur verərək, məktəbə, universitetə aparan, çıraq başına dolandıran, “Müqəddəs kitab”ın altından keçirən əllər…

Onlarda mən qorxumu, həyəcanımı unutdum, yumrulanıb xoş avazınla, şirin səsinlə oxuduğun lay-layda xumar-xumar yatdım, uşaqlıq illərimi qayğısız, ərköyün keçirdim.

Uşaqkən kölgə səhnəcikləri quran, cürbəcür şəklə düşüb məni həyəcanlandıran, oynadan, yaxalayan, şıltaqlıq edəndə göyə atıb-tutan, ağladıqca gözümün yaşımı silən, saçlarımı oxşayan əllər…

Kitablarda, misralarda gizlənən, əlimdən tutub məni nəvazişlə yazdıran əllər…

Anam naxoşlayarkən sənin yapdığın çörəyin dadı damağımdadır. İri, güclü əllərin bizi yedirdər, anamın ağrılarını unutdurardı. Sonra biz süfrədən ayrılar-ayrılmaz halsız şəkildə öz gözlərinin yaşını silərdin. Sakitcə anamın başını qaldırıb balıncını düzəldər, hərarətini ölçərdin.

O əllər taxtadan gəlincik də düzəldərdi…

Onlar ağac əkdi, yer bellədi, daşı daş üstə qoyub ev tikdi. Dırnaqlar göyərdi, düşdü...

O əllər çiçəklər yığdı, mənə çələng düzəltdi. Saçlarımı hördü.

Onlar tikana düzülsə belə, ağacın ən əlçatmaz budağından ilk meyvəni mənə dərən əllərdi. Onlar şeir yazdı, rəsm çəkdi. Onlar bizlər üçün Uca Tanrıya gecə-gündüz dua etdi. Silah tutdu, düşmənə atəş açdı, bəzən kobudlaşdı, rəhmsizləşdi, qabardı.

Onlar haqsızlığa dözməyib əsəbdən gərilən, masaya zərbə vuran, heyvərələri yumağa döndərən əllərdi. Nə qədər yetim-yesirə çörək verdi. Nə bacarırdısa etdi.

Mən isə...

Mən isə…

Bu gün onlara fərəhlə bir əsa aldım. Əllər titrədi, əsdi, gah yaxınlaşdı, gah uzaqlaşdı, tərəddüd etdi. Sanki dil açıb danışmaq istədi, sonra ondan bərk-bərk yapışdı...

# 2670 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər