Xan qayıdıb öz payi-taxtında oturdu

Xan qayıdıb öz payi-taxtında oturdu
21 dekabr 2023
# 13:19

Kulis.az Ulucay Akifin "Xan qayıdıb öz payi-taxtında oturdu" adlı yeni yazısını təqdim edir.

- Alo! Rasim, hardasan? Çatmısan işə?

- Yox e, nə iş? İşdə deyiləm bu gün. Dünən demədim, sabah oyuna gedəcəm? Xankəndidəyəm.

Yadına düşür ki, hə, dostların Xankəndidədir.

Pəncərəni açıb dekabr günəşini otağına dəvət edirsən.

Kənddə əlüzyuyanlar olur e... Uzun dəmir sallanır içindən, o dəmiri yuxarı itələyirsən, ovuclarına su dolur...

İndi kəndimizdə olsaydım, o suyu şappıltıyla üzümə çırpardım...

Özümə çay süzüb süfrəyə keçirəm. Pəncərələri taybatay açmışam. Qışdı. Çöldən bir çiçək qoxusu da, bir quş səsi də girmir evə, amma mən baharın qoxusunu duyuram, səsini eşidirəm.
Xankəndidə deyib-gülən dostlarımızın səsi bura kimi gəlir.

Feysbuka girirəm. Çayımdan qurtumlaya-qurtumlaya paylaşımlara baxıram.

Xankəndidən şəkillər, statuslar, videolar paylaşılır.

Orxan Məmmədlinin paylaşdığı videoya baxıram.
Videoya belə başlıq yazıb: “Bu gün Xankəndidə hava günəşlidir”.

Öz-özümə fikirləşirəm ki, bu nə sirri-xudadırsa, belə möhtəşəm günlərdə hava həmişə günəşli olur.

İstəyirəm, Orxana zəng eləyib deyəm ki, Bakıda da hava günəşlidir, bu gün bütün Azərbaycanda hava günəşlidir.

Xankəndi stadionunda “Qarabağ” ilə “MOİK” komandalarının oyunu var bu gün.

Rasim şəkil paylaşıb Xankəndi stadionunun qarşısından.

Tahir Hümbətov da şəklə şərh yazıb:

“12-ci sinif – ƏN YENİ TARİX”.

Bəli, Azərbaycanın ən yeni tarixinin səhifələrini birgə vərəqləyirik.

Birgə ayaq basırıq bizdən uzun illər ayrı düşmüş torpaqlarımıza.

Şuşada şeir deyirik, Laçında rəqs edirik, Ağdamda namaz qılırıq.

Hər daşına, hər ağacına yenidən salam veririk.

Əyilib öpürük torpağını.

Əyilib öpürük axan sularını.

“Qardaşım ağaclar, bacım çiçəklər”ə qovuşuruq.

Adamın içindəki səma böyüdükcə böyüyür.

Adamın içi axar sular kimi durulur.

Bu gün Xankəndidəyik.

O Xankəndidə ki, illərlə onu Stepanakert kimi təqdim etməyə çalışdılar dünyaya.

O Xankəndidə ki, özlərinə “paytaxt” seçdilər.

Xankəndi paytaxt olmadı heç kimə.

Xan qayıdıb öz payi-taxtında oturdu.

Bundan sonra hər şey daha gözəl olacaq!

Mən buna bütün qəlbimlə inanıram!

Biz daha azad, daha məğrur, daha məsud yaşayacağıq!

Çünki biz buna layiqik!

Çingiz Özgürün yazısı da çıxdı qarşıma, başlığı belə idi:

“Qarabağ” - “MOİK” oyununa "bal kimi" proqnoz: qalib indidən bəllidir”

Bəli, qalib indidən bəllidir.

Qalib dünəndən bəllidir.

Bu gün Xanın övladları Xankəndidə ayağını ayağının üstünə aşırıb “Qarabağ” və “MOİK” oyununu izləyəcək.

Bu oyunun qalibi çoxdan bəllidir.

Biz qollarımızı stadiondan kənarda - çoxdan vurmuşuq.

# 4451 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər