"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari
19 sentyabr 2026
# 14:10

Bu gün finlandiyalı romançı Mika Valtarinin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Hətta elə bir zaman gəlsə belə ki, nə kasıb, nə də varlı olsun, yenə də həmişə ağıllılar və axmaqlar, hiyləgərlər və sadəlövhlər olacaq, çünki onlar həmişə olublar və olacaqlar da. Güclü insan zəiflərin boynuna ayaq qoyur; hiyləgər adam sadəlövhün pul kisəsini götürüb qaçır və səfehləri özü üçün işləməyə məcbur edir. İnsan əyri-üyrü işlər görən biridir və hətta onun fəziləti də qüsurludur. Yalnız bir daha heç vaxt ayağa qalxmamaq üçün uzanan kəs tamamilə xeyirxahdır.

***

Min kitab oxuyandan sonra insan məyusedici həqiqəti sezməyə başlayır. On min kitab isə onu kədərləndirir.

***

İnsan o qədər axmaqdır ki, o, keçmiş səhvlərindən heç nə öyrənmədən və sabahın bugünkündən daha yaxşı olacağını düşünərək həmişə gələcəyə ümid bağlayır.

***

Həqiqət iti bıçaqdır, həqiqət sağalmaz yaradır, həqiqət aşındırıcı turşudur. Məhz buna görə də gənclik və qüvvət günlərində insan həqiqətdən kef məclislərinə qaçır, özünü işlə və qızğın fəaliyyətlə, səyahətlər və əyləncələrlə, hakimiyyət və dağıntılarla kor edir. Lakin elə bir gün gəlir ki, həqiqət onu nizə tək deşib keçir və o, artıq düşünməkdən və ya əlləri ilə işləməkdən zövq duymur, əksinə, öz həmcinslərinin arasında tək-tənha qalır və tanrılar onun tənhağına heç bir təskinlik gətirə bilmirlər.

***

Bu gün səni ilk dəfə gördüm və səninlə danışdım.
Bu, zəlzələ kimi idi; içimdə nə varsa alt-üst oldu, ürəyimin qəbirləri açıldı və öz təbiətim mənə yadlaşdı.
Qırx yaşım var və inanırdım ki, həyatın payızına çatmışam.
Çox gəzmişdim, çox şey bilmişdim və bir çox həyatlar yaşamışdım. Rəbbim mənə müraciət etmiş, özünü bir çox cəhətdən büruzə vermişdi; mələklər mənə özlərini aşkar etmişdi, mən isə onlara inanmamışdım. Lakin səni görəndə başıma gələn möcüzəyə məcburən inandım.

***

Bəzən insanın xəyallarını əlindən almaqdansa, onu öldürmək daha mərhəmətli ola bilər.

***

Bir insanla digəri arasında heç bir fərq yoxdur, çünki hamı bu dünyaya çılpaq gəlir. İnsanı dərisinin rənginə, danışığına, geyiminə və zinət əşyalarına görə deyil, yalnız ürəyinə görə ölçmək olar. Yaxşı insan pis insanlardan üstündür, ədalət isə haqsızlıqdan yaxşıdır - bildiyim tək şey budur.

***

Hər kəs həyatın bədbəxtlikləri və uğursuzluqları qarşısında öz etiqadında təskinlik axtarır.

***

Və qəflətən qəlbimə elə böyük bir rahatlıq çökür. Əsəbilik əriyərək əzəmətli bir ucalıq hissəsinə çevrilir. Ağrı və sıxıntı yox olur. Hər bir insanın qabığından parıldayan axın kimi fışqıran o izaholunmaz, sirli fərdiyyəti görürəm. Onu maddənin əməllərinin, vərdişlərin, vəzifələrin, narazılığın, depressiyanın, qorxunun və nifrətin qabığı əhatə edir. Ancaq haradasa o, insan varlığının gizli dərinliklərindən qaynayıb çıxır. Və heyranedici, qeyri-adi bir anda insan həyatın böyük bütövlüyünü dərk edir. Belə keçici bir an bütün bir ömrün dəyərinə bərabərdir.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 581 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər