"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

Yalçın islamzadə

Yalçın islamzadə

18 iyul 2026
# 11:30

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Bazardan təhsil sektoruna gəlmiş bir yaramazla mübahisə edirdik. Bəzi etik prinsipləri qanmasına ümidsizcə nail olmağa çalışırdım. Guya mənə qarşı arqument irəli sürdü, "Heç bir yerə bir ildən artıq işləməmisən".

Bir çox iş yerində qısamüddətli işləyə bilmişəm, doğrudur. Həmişə çalışmışam ki, "Az aşım ağrımaz başım", "Palaza bürün, elnən sürün", "Sürüdən ayrılanı qurd qapar" kimi milli müdriklik prinsiplərimizi özümə rəhbər edim, bacarmamışam.

Azərbaycan iş mühiti olduqca qeyri-sağlamdır. İnsanların bir-birinə münasibətlərinə baxırsan, elə bil 31 Dekabrda "Hamımız Azərbaycanlıyıq!" şüarları paylaşanlar bunlar deyil.

Bir gün iş yerində intervülər aparılırdı, böyük bir Avropa şirkətinin burdakı nümayəndəliyi bir neçə işçi götürəcək idi. Məndən otağı bir neçə saatlığına onlara verməyimi xahiş etmişdilər. Mən də yır-yığış edib çıxmağa hazırlaşırdım. Namizədlərdən birini açıqca ələ saldılar, əyalət görkəmində, utanan-sıxılan bir xanım idi. "Rus dilini bilirsiniz?" sualına "Yox" deyəndə bunları gülmək tutdu. Xeyli ürəkdən güldülər, namizəd də pərt oldu. "Gedə bilərsiz" dedilər, hələ qapıdan çıxmamış başladılar qəhqəhələr atmağa, "Çuşkaya bax" deməyə.

Həsrət məllimə dedim ki, meyarlara cavab vermir, mədəni şəkildə sağollaşın. Niyə üzünə qarşı ələ salırsız? Utana-utana gəlib onsuz da, bütün mədəni cəsarətini yox edirsiniz. Mübahisə yarandı, yenə dedim ki, "Həsrət məllim, universitetlərdən birinin sabiq rektorunun oğlu olmaqdan başqa heç bir göstəriciniz yoxdur. Bu işə də atanızın əlaqələri sayəsində girmisiniz. Faktiki parazit həyat tərzi yaşayırsınız. Niyə? Çünki mərkəzə hesabat yazırsız ki, "Hərşey yaxşıdır", bunun əvəzinə isə yerli nümayəndəlikdən tələb edirsiz ki, hər axşam sizi yeməyə-gəzməyə aparsın". Bu qəbildən başqa sözlər.

Müdirə şikayət etdi, müdir də dedi ki, Həsrət məllimlə ehtiyatlı danışım, xətrinə dəyməyim. Mərkəzə yazsa ki, bunlardan iş görən olmaz, nümayəndəliyi məndən alacaqlar.

"Yaxşı, oldu, Həsrət məllimə sonsuz sayqılar izhar edərik" dedim, mövzu bağlandı.

Bir gün gördüm ki, Nizami müəllim möhkəm qanıqaradır. Nə olduğunu soruşdum, demədi, danışmaq istəmədi. Ofisdəkilərdən soruşdum, dedilər ki, müdirin işə qəbul etdiyi "yeni tanışı" Nizami müəllimə deyib ki, "Sən də masanı yığışdır burdan, mənim gedib-gəlməyimə mane olur".

Həmin masa ortada dururdu, üstünə layihələri sərib müştərilərlə müzakirə edirdilər. Bu yeni xanıma dedim ki, "Sizi bura kim nə üçün gətirib, hamı bilir, həddinizi aşmayın. Sizin işiniz axşamlar başlayır, gündüz növbəsində görəcəyiniz iş yoxdur".

Zəng elədi müdirrə, isterik halda, hıçqırıqlarla ki, bəs "qururumu incidirler burda". Müdir bahalı Mersedesinə minib tez ofisə gəldi, məni otağa çağırdı, qəzəbli şəkildə dedi ki,

- Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?

"Bir dəqiqə" dedim, ərizəni yazdım, masasının üstünə qoydum. Dedim ki, Nizami müəllim bu müəssisənin onurğa sütunudur, ləyaqətli insan, bilgə mühəndisdir, nümunəvi bir Azərbaycan kişisidir-kinolarda təsvir olunandan. Sizə ayıb olsun ki, elə bir insanı hardansa tutub gətirdiyiniz bir əxlaqsızın ayağına verirsiz.

Deyəsən, o iş yerində heç bir ilim tamam olmamışdı

# 753 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər