Qələbədən sonrakı səssizlik - Reallığın ütüsüz üzü

Qələbədən sonrakı səssizlik -  Reallığın ütüsüz üzü
27 sentyabr 2025
# 11:00

Kulis.az Günel Mehrinin "Eyforiya" yazısını təqdim edir.

Hələ eyforiyadayıq, bilirəm...

Xoşbəxtlikdən uçmuşuq bir az havalara, bir az Qarabağa...

Amma müharibənin yaraları zamanla peyda olur, əzizim...

Məsələn, atasının fotosunu qucan bir fidanın göz yaşlarında,

Gecələr bayrağa hıçqıran ağsaçlı anaların fəryadında,

Ya da tabuta sarılmış gənc bir qadının ümidsiz barmaqlarında...

Bir gün bu eyforiya da keçəcək, bilirəm...

Və reallığın ütüsüsz tərəfiylə burun-buruna gələcəyik.

Sən də, elə mən də

Asta-asta, ehmal-ehmal hazırlaşacağıq,

Yarım qalmış şəhid arzularına şahid olmağa...

Şəhid xəbərlərisə boynubükük bənövşələrtək dikiləcək miskin-miskin qapılara...

Bax onda biləcəyik ki, biri varıymış və biri yox olmuş,

Gözəl ud çalarmış həmin o yox olan.

İndi udu susmaqdan darıxır bir küncdə...

Hələ biri vardı, məhləmizin ən güclü idmançısı,

İndi yoldan keçəndə arabadan boylanır bir idman meydançasına, bir də ayaqlarının yerini tutmuş gen-bol boşluq parçasına...

Biri də vardı, biri də vardı, sevgilisinə özəl hər gecə şeir yazardı.

İndi sevgilisi həmin şeirləri unutmaq üçün deşik axtarır bu gen dünyada...

Qovala getsin, burax uçsun bu pessimistlik buludunu!

Bizi də soyudacaq bir gün, torpağın üzü soyuqdur...

Yavaş-yavaş bu qanlı əjdahanın pusquda durub şikar gözlədiyini unutmaq istəyəcəyik.

Qalib addımlarımız ehtiyatla atılacaq doğma torpaqlara.

Hər an sağımızda, solumuzda partlayacaq mina xəbərləri ilə yaşayıb gedəcəyik bu ömrü...

Amma yox, bütün partlayışlar bədniyabət olmayacaq ki.

Yəqin bir gün qonşu qızının hərisində şampan şüşəsi də partlayacaq.

Ya da gəlin başmağının zərbiylə toy evinin kandarındakı boşqab...

Hə, bir də düşmən gözü partlayacaq toy karvanları sıralandıqca...

Tabut girən evlərdən də xonçalar çıxaсaq, əlbət...

Qara bağlamış darvazalara qırmızılar elçi gələcək mütləq...

Uzaqlar yaxın, xarabalıqlar laləzar olacaq, fəqət

Fəqət ildən-ilə düşmənin bağrı çatlayacaq,

Bizimsə işıqlı sabahlara açılan ümidlərimiz...

Və bu partapartların arasında böyüyən uşaq

Günün birində əlində bayrağı, başında əsgər papağı

Şəhid qəbrinə təzim edəcək:

- Salam, ata, xoş gördük!
Gəldim elə deyəm ki,
Qarabağ Azərbaycandır!
Azərbaycandır Qarabağ!

# 1881 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər