Nazirlik Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yaydı
14 dekabr 2023
# 13:20

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yayıb.

Kulis.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik 14 dekabr 2023-cü il tarixində vəfat edib.

Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib. Marsel («Hamlet», V. Şekspir), Mayis («Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev), Valter («Yad adam», L.Frank), Arif («İblis», H.Cavid ), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N.Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf (“Tələ” A.Kristi) Aqşin («Od gəlini», C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. Aktyorun rol aldığı «Mehman», «Bir cənub şəhərində», «O qızı tapın», «Sevinc buxtası», «Babək», «Qəm pəncərəsi», «Qara gölün cəngavəri» və s. bədii, «Şərqin səhəri», «Günahsız Abdulla», «Kimin sualı var?» və s. televiziya filmləri onun kino sahəsində də sənətkar məharətini ortaya çıxarıb.

Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə «Şöhrət» ordeninə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq.

Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".

# 1942 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər