Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri
2 iyun 2026
# 13:30

Bu gün şair Məcnun Göyçəlinin doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

GÖZ YAŞIMDAN GÖYÇƏ KEÇDİ

Zaman ötür, tarix laldı, –

Gözyaşımdan Göyçə keçdi!

Əllərim göylərdə qalıb, -

Gözyaşımdan Göyçə keçdi!

Aşıq sındı, saz ağladı,

Kəlmə yandı, söz ağladı,

Məni görüb, yaz ağladı! –

Gözyaşımdan Göyçə keçdi!

Qəribliyin sınmaz oxu,

Ələmdi hər gələn yuxu.

Qocalmamış köçür çoxu! –

Gözyaşımdan Göyçə keçdi!

Payıza xına qatdılar,

Nənələri "oynatdılar!"

Bayramda papaq atdılar

Gözyaşımdan Göyçə keçdi!

Gülçü gülünnən danışır,

Dilçi dilinnən danışır,

Hamı elinnən danışır, -

Gözyaşımdan Göyçə keçdi!

Məcnun, sünbülsüz zəmiyəm,

"Zarıncı"yam, "Dilqəmi"yəm.

Mələmiş quzu kimiyəm, -

Gözyaşımdan Göyçə keçdi!

BİRCƏ KƏLMƏ SÖZƏM MƏN

Yaman yerdə qəza vurdu, yıxıldım,
Elə billəm qəm-qüssəyə izəm mən.
Sahil uzaq, ümman dərin, zaman dar,
Bir yol qalır - qəmdən-qəmə üzəm mən.

Qəfəsdəyəm, ney könlümdə köklənib,
Mətləbimə zaman yükü yüklənib!
Ah-amanım buludlara söykənib,
İllər boyu yaş tökəsi gözəm mən!

Məzar daşın nida kimi dikəlmiş,
Yan-yörənə qərib güllər səpilmiş.
Bala, dərdin ciyərimə çəkilmiş!
Bir də çətin bu ağrıya dözəm mən.

Göyüm tutqun, həyalanmır hələ dan,
İliyimdə sızıldayır ötən an.
Dil-dodaqda "yazıq" adı yaşadan
Məcnun yoxdu, bircə kəlmə sözəm mən!

Qızım Ayselin xatirəsinə

Neyləmişdim yerə, göyə?!
Çökdü qəsrim, qalam mənim.
Haqq axtarıb, Allah gəzir,
Göydən enmir nalam mənim!

Dinim yandı qibləgahda,
Görkə döndüm qopan ahda!
Çıxdaş olub çəməngahda
Nə tez soldu lalam mənim?!

Fələyin çərxi sökülsün,
Sınıx könlümə tökülsün.
Daşa dönmüş atan ölsün,
Daşa dönmüş balam mənim!

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər