Kaş bu əsərlər yazılmayaydı – Furqan yazır...

Furqan, yazar

Furqan, yazar

25 fevral 2022
# 14:00

Kulis.az Furqanın “Ədalət nə olan şeydi?!” yazısını təqdim edir.

Müharibə - insan oğlunun ən iyrənc əməlidi və dünən bu iyrənc əməllərdən daha biri alovlandı. Rusiya - Ukrayna müharibəsi. Sosial şəbəkələrdən anbaan bu müharibədə baş verənləri izlədikcə insanlığın halına üzülürəm. Daha çox torpağa, var-dövlətə sahib olma ehtirasları və bu ehtiraslar ucbatından öldürmək, dağıtmaq, qan tökmək insanı həmişə yerin dibinə, səfalətə sürükləyib, indi də həmçinin.

Müharibə davam edir və yenə insan ölür! Elə təzəlikcə müharibənin iyrənclikləri fonunda yazılmış iki povest oxumuşdum: Vidadi Babanlının “İnsaf nənə” əsərini və İsa Hüseynovun “Tütək səsi” əsərini. Oxuduqca deyirdim ki, kaş müharibələr olmayaydı və bu əsərlər heç yazılmayaydı!

Təəssüf və daha çox təəssüf! Hal-hazırda yer üzündə daha bir müharibə davam edir.

Amma mən, bu yazını müharibəyə həsr etmək fikrində deyiləm. “Qarabağ” futbol klubunun “Marsel”lə oyununun birinci hissəsində Vadjinin əl ilə rəqib qapısına vurduğu və hakimlərin də qeydə aldığı qoldan danışmaq istəyirəm.

Geniş açıqlama verməyə ehtiyac yoxdu, indi hər kəsin xəbəri var bu məsələdən. Vadji əl ilə qol vurdu, hakimlər qolu hesaba aldılar, “Marsel” oyunçuları etiraz etdilər və Qurban Qurbanov Vadjini yanına çağırıb dəqiqləşdirdi, sonra da dedi ki, get, etiraf elə!

Vadjinin etirafından sonra qol nəzərə alınmadı.

Qurban Qurbanovun bu dürüstlüyü sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Sosial şəbəkə istifadəçisi olan vətəndaşlarımızdan bir çoxu yazdılar ki, “Qarabağ” futbol klubuna qarşı müxtəlif oyunlarda haqsızlıqlar olub, bəzən qolumuzu saymayıblar, bir dəfə də biz edək də, nə olar ki?

Əslində, müəyyən qədər haqlıdırlar. İstər futbolda, istər digər sahələrdə çox haqsızlıqlar görmüşük. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın haqsızlıqlarına dünya çox göz yumub. Xocalı faciəsinə laqeyd yanaşılıb.

Biz illər boyu dünyadan ədalət gözləməmişikmi? Gözləmişik.

Qurban Qurbanov ermənilərin sıx yaşadıqları Marsel şəhərinin klubuna qarşı oyunda dünyaya göstərdi ki, ədalət necə olan şeydi...

Bəli, “Qarabağ” “Marsel”ə 0-3 hesabı ilə məğlub oldu və Qurban Qurbanov onu da göstərdi ki, məğlub olanda belə ədalət ədalətdi!

Hansı məşqçi edərdi bu hərəkəti?! Məşqçilərin çoxu etməzdi, amma “Qarabağ” adını daşıyan klubun baş məşqçisi bunu etməli idi. Qurban Qurbanovun “get, etiraf et!” hərəkəti bir tapmacadı, açması:

“Özünə qarşı edilməsini istəmədiyin hərəkəti başqasına qarşı etmə!”

Budur əxlaq!

Mən bu əxlaqdan hər yerdə görmək istəyirəm.

Təhsildə, səhiyyədə, orduda, iqtisadiyyatda, vergidə, kənd təsərrüfatında, sənayedə, qısacası, hər yerdə.

Ədalət qurban tələb edir. Nə qədər çətin olsa da, qolu əllə vurduğunu etiraf etməlisən.

Təhsildə, səhiyyədə, orduda, iqtisadiyyatda, vergidə, kənd təsərrüfatında, sənayedə, qısacası, hər yerdə “qolu əl ilə vuranlar” bu əxlaqdan pay götürməlidirlər.

Yəni, qurtuluş ədalətdə, dürüstlükdə, vicdanlı olmaqdadı. Vəssalam!

# 3990 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər