İran haqlıdır, yoxsa İsrail? - Müharibəyə sevinənlərin səhvi

İran haqlıdır, yoxsa İsrail? - Müharibəyə sevinənlərin səhvi
14 iyun 2025
# 15:39

Kulis.az Orxan İsmayılın yeni yazısını təqdim edir.

Günəş yenə doğur. Səhralar susqun, dənizlər dalğalı, hava dəyişməzdir. Lakin insan – yer üzünün ən ağıllı və həm də ən qorxulu varlığı – yenidən odlu barıtın, qanlı intiqamın rəmzinə çevrilib. İsrail bombalayır, İran cavab verir. Hər iki tərəfin gözündə qəzəbli bir alov oynayır. Tanrı adına, vətən naminə, müqəddəslik bəhanəsi ilə qan axıdılır. Və yüzlərlə kilometr uzaqda, rahat evlərində ağıllı telefonlarının ekranında od tutub yanan şəhərləri izləyən insanlar "İran haqlıdır!", "İsrail düz edir!" deyə qışqırırlar.

Hərgah bunu heç vəchlə unutmamalıyıq: haqlılıq barıtla sübut olunmaz. Ədalət raketlə gəlməz. Əgər bir insan başqa bir insanı öldürmək üçün dua edirsə, o dua Tanrıya deyil, şeytana ünvanlanıb. Əgər bir ata oğluna "öl və öldür" deyirsə, o zaman artıq ata deyil, qatil yetişdiricisidir.

Ey müharibəni alqışlayanlar! Əgər siz bu bombaların altında doğulsaydınız, əgər siz övladınızın yanmış bədənini gecə saat üçdə külə dönmüş beşikdən çıxarsaydınız, bu qədər həvəslə hansı tərəfin "haqlı" olduğunu müzakirə edərdinizmi? Ağır kədər və ümidsizlik içində sığınacaqlarda qalan, xaos, qeyri-müəyyənlik və ziddiyyətlər içində çapalayan insanların halı heçmi qəlbinizi sızlatmır?

Kimdir haqlı? İranmı? İsrailmi? Heç biri. Bunlardan heç biri gerçək və qərəzsiz haqq tərəfdarı deyil! Öldürmək haqq deyil – nə zaman və kim tərəfindən olursa olsun, cinayətdir. Haqlı olan günahsız insanlardır.

Tolstoy bir zaman yazırdı ki, "dövlətlər insanın əxlaqi təbiətini pozan yeganə qüvvədir". O, müharibəni qanuni şəkildə həyata keçirilən kütləvi qətl adlandırırdı. Və bu gün – yüz il sonra – bu sözlər daha da mənalı səslənir. Çünki indi insan sadəcə öldürmür, bunu qürurla, ictimai dəstək və media təbliğatı ilə edir.

Əgər sən bir müharibə tərəfdarısansa ya cəhalətə təslim olmusan, ya da öz qorxunu və nifrətini haqlılıqla ört-basdır etməyə çalışırsan. Əgər sənə bir gün müharibə sevinc, qürur və ilham verirsə, bil ki, sənin qəlbindəki insanlıq ölüb, sadəcə, cənazəsini hələ basdırmamısan.

Bu münaqişədə qalib olmayacaq. İran uduzacaq, İsrail də uduzacaq. Uduzan bəşəriyyət olacaq. Uduzan uşağını torpağa verən analar olacaq. Uduzan vicdan olacaq . Və biz – kənardan baxıb bir tərəfi dəstəkləyənlər – ən böyük uduzanlar olacağıq.

Dünya gözəlliklərlə doludur, lakin biz bu gözəlliyi dağıdırıq, çünki hələ də insanın, insanlığın dəyərini yetərincə qiymətləndirməyi öyrənməmişik.

Unutmayın, insan olmaq öldürmək deyil, yaşatmaqdır!

# 2363 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər