İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?
17 oktyabr 2026
# 13:30

Kulis.az Ülviyyə Lalənin yazısını təqdim edir.

İnsan bəzən özünü öz gözləri ilə yox, başqalarının gözləri ilə görür. Nəyin gözəl, nəyin üstün, nəyin mədəni, nəyin pis olduğunu özü müəyyən etmir; ona hazır meyarlar təqdim olunur və zaman keçdikcə həmin meyarlar onun şəxsi düşüncəsinə çevrilir.

İranlı sosioloq Əli Şəriətinin “Özünüdərk və eşşəkləşdirmə” kitabında bu məsələ belə ifadə olunur: "Bütün bunlara səbəb odur ki, müxtəlif faktorlar özünə inamı insandan alır. İnsanda özünəinam yaradan yeganə şey "özünüdərkdir". Yəni ilk mərhələdə mən anlamalıyam ki, hansı irqə, hansı xalqa, hansı tarixə, hansı mədəniyyətə, hansı zamana, hansı ədəbiyyata mənsubam. Hansı iftixarlara, hansı dühalara, dəyərlərə bağlıyam. Bu özünü anlamağa, özünüdərkə bir qayıdışdır.”

Bu fikirlər Amerika yazıçısı Toni Morrisonun “Ən göy gözlər” romanındakı Pekola obrazını xatırladır. 1940-cı illərin Amerikasında yaşayan afroamerikalı qız cəmiyyətin yaratdığı gözəllik standartlarının təsiri altında özünü çirkin və dəyərsiz hesab edir. Ağ dəri, sarı saç və mavi gözlər gözəlliyin simvoluna çevrilib. Pekola da Tanrıdan mavi gözlər istəyir. Çünki inanır ki, belə olsa, insanlar onu sevəcək və qəbul edəcəklər.

Burada mavi gözlər Pekola üçün sevilməyin, qəbul olunmağın və dəyərli olmağın simvoludur. Əsl faciə də budur ki, o, özünü dəyişmək istəyərkən əslində onu dəyərsiz hiss etdirən cəmiyyətin meyarlarını qəbul edir.

Əli Şəriəti bu mexanizmi daha geniş şəkildə izah edir: “Üstün irq, üstün xalq, hətta üstün qəbul olunmuş insan bu və ya digər irqi, xalqı, insanı öz hökmranlığı altına salmaq üçün təhqir edir. Onun dinini, inancını, ədəbiyyatını, fikrini, şəxsiyyətlərini, keçmişini, hər şeyini o qədər təhqir edir ki, o, ittiham və təhqirlərdən qaçmaq üçün, təhqir edənin özünə sığınır, özünü onun formasına salır ki, artıq onun ittihamlarına tuş gəlməsin.”

Pekolanın yaşadığı da müəyyən mənada budur. Ona “sən gözəl deyilsən” deyilir və o, bu hökmə etiraz etmək əvəzinə, gözəlliyin ona təqdim edilən formasına çevrilmək istəyir. O, mavi gözləri gözəl olduğu üçün yox, mavi gözlərin onu sevilən edəcəyinə inandığı üçün istəyir.

Bu məqam Şəriətinin başqa bir fikri ilə də uyğunlaşır: “Bizim alimimiz öz dilini unutduğu ilə fəxr edir. Çox qəribədir, fransız dilini bilməsi ilə yox, öz dilini unutması ilə, bəzi şeyləri bilməməsi ilə fəxr edir. Bu qədər aciz və rəzil!”

İnsan bəzən öz dilindən, tarixindən, ədəbiyyatından, görünüşündən və mədəniyyətindən uzaqlaşmağı inkişaf və üstünlük əlaməti hesab edir. Başqasının mədəniyyətini öyrənmək, öz mədəniyyətindən imtina ilə qarışdırılır.

Məncə insanın özünüdərki də məhz burada başlayır: “Mən özümü kimin gözü ilə görürəm?”

Çünki bəzən bizim arzularımız belə tamamilə bizə aid olmur. Bəzi arzuları cəmiyyət yaradır, bəzi gözəllik meyarlarını bizə öyrədir, bəzi kompleksləri bizə sonradan qazandırır.
Pekola mavi gözlər istəyir. Başqa biri öz dilini unutmaq istəyir, bir başqası öz tarixindən utanır, digəri öz görünüşünü bəyənmir.

Əli Şəriətinin “özünüdərk” çağırışı ilə Toni Morrisonun Pekolasının faciəsi məhz bu nöqtədə birləşir.

Biri bizə özümüzü tanımağın vacibliyini xatırladır, digəri isə özünü başqasının meyarları ilə qiymətləndirməyin necə faciəli nəticələrə gətirib çıxara biləcəyini göstərir.

# 612 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

11:30 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər