Görkəmli ispan şairin kitabı ilk dəfə Azərbaycan dilində

Görkəmli ispan şairin kitabı ilk dəfə Azərbaycan dilində
16 aprel 2026
# 16:57

MİMTA Yayımlarında Mahir N. Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə görkəmli ispan şairi Federiko Qarsia Lorkanın kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, “Ən kədərli sevinc” adlanan kitaba nasistlərin 38 yaşında qətlə yetirdiyi əndəlüslü şairin məşhur “Kante xondo” və “İqnasio Sançes Mexiasa ağı” poemaları, “Şair Nyu-Yorkda”, “Tamarit Divanı”, “Sirli sevgi sonetləri” topluları, həmçinin müxtəlif illərdə yazdığı, İspaniyada dillər əzbəri olan lirik şeirləri, nəğmələri, romansları, sonetləri, balladaları daxil edilib.

Kitab şairin Əndəlüs folkloru və xalq nəğmələri əsasında yaratdığı məşhur “Kante xondo poeması” adlı yeddi bölümdən ibarət ilk poetik toplusu ilə açılır. Əndəlüs xalq nəğməsi kante xondo – özündə əsrlərin ənənəsini yaşadan və ispan, ərəb, qaraçı melodiyasının elementlərini birləşdirən qədim folklor nümunələridir.

Lorka özü bu barədə belə deyirdi: “Kante xondo nəğmələri dünyanın bütün dənizlərindən, bütün dəryalarından, hətta onu yaradan ürəkdən, onu oxuyan səsdən belə dərindir. Kante xondo ilk öpüşdən və ilk göz yaşından süzülüb gəlir...”

Şairin növbəti əsəri buğa döyüşündən bəhs edən və 1935-ci ildə Madriddə ayrıca kitab şəklində nəşr olunmuş dörd hissəli “İqnasio Sançez Mexiasa ağı” poemasıdır. 1934-cü ilin yazında Mansanares arenasında həlak olan məşhur torero İqnasio Sançes Mexias ispan sənət adamlarının böyük bir nəslinin himayədarı, o cümlədən Lorkanın ən yaxın dostlarından idi. Dostunun acınacaqlı taleyinə rəğmən müsahibələrinin birində Lorka bu amansız mərasimə münasibətini bu cür ifadə etmişdi: “Buğa döyüşləri – İspaniyanın ən yüksək həyat hadisəsi, ispan varlığının poetik təsdiqidir. Bu heyrətamiz səhnəyə tamaşa edərkən hər bir ispan ürəkdən göz yaşları axıdır, dərd və müsibətlərin ağrı-acısını yaşayır. Bu – füsunkar gözəlliyin dövrəsində Ölümə tamaşa eləmək üçün hamının inamla axışdığı yeganə məkandır. Əgər korridalar öz qorxunc şeypurlarını səsləndirməkdən usansaydılar bizim qanımızdan, dilimizdən, varlığımızdan indi nə qalardı?..”

Kitaba daxil edilən sonrakı bölmə “Şair Nyu-Yorkda” adlanır. Lorka özünün bu unikal toplusunu belə xarakterizə edir: “Bu şeirlər 1929–1930-cu illərdə Nyu-Yorkda yazılıb. Burda mənim poetik dünyam Nyu-Yorkun poetik dünyasıyla toqquşur. Hər iki dünyanın qəlbində bir Afrika nostaljisi, Şimali Amerikada əriyib itməkdə olan bütün xalqların həsrəti yaşayır. Yəhudilər, suriyalılar, xüsusən də zəncilər! Onların vətən həsrəti Amerikanın mənəvi təməlinə çevrilib. Əgər zənci incəsənəti olmasaydı, Birləşmiş Ştatlarda mexanika və avtomatizmdən başqa heç nə qalmazdı... ”

Sevgi və tənhalıq motivlərində yazdığı və “Тamarit divanı” adlandırdığı 12 qəzəldən, 9 qəsidədən ibarət növbəti şeirlər toplusunu isə Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib. Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu topluda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.

Digər bölüm isə Lorkanını sağlığında çap olunmayan “Sirli sevgi sonetləri” poetik toplusudur. “Tamarit Divanı” nəşr ediləndən sonra Lorka bu toplunu çapa hazırlasa da, 1936-cı ilin iyununda, ölümündən əvvəl tamamladığı həmin sonetlər yalnız 1984-cü ildə işıq üzü görüb. Belə ki, Madriddə çıxan “ABC” qəzeti şairin ailə üzvlərinin razılığı ilə 11 sonetin müəllif əlyazmasının faksimilesini çap eləmişdi.

Kitaba eyni zamanda böyük şairin müxtəlif illərdə qələmə aldığı seçmə şeirlər, nəğmə və romanslar, ballada və sonetlər daxil edilib.

Ramiz Rövşənin redaktor olduğu kitabı ispan dilindən sətri tərcümə əsasında Mahir N. Qarayev tərcümə edib.

# 1341 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər