"Evdən qayçı gətirdilər ki, o qızın saçlarını kəssinlər..." - Məktəblinin alın yazısı

"Evdən qayçı gətirdilər ki, o qızın saçlarını kəssinlər..." - Məktəblinin alın yazısı
20 fevral 2024
# 11:50

Kulis.az El Romanın "Fira" yazısını təqdim edir.

Dünən gecə həmişə getdiyim məkanda pivə içə-içə futbola baxırdım. Bir nəfər video göndərdi.

Belə hallarda işimi görməyə davam edirəm. Amma bu dəfə tələsdim həmin videoya baxmağa.

Udquna bilmədim.

Uzun zamandır ki, mənə heç nə belə təsir etməmişdi. Yaxşı, ya da pis, fərqi yoxdur.

Hirsimi bilmədim kimdən çıxam, ofisiant xanımı çağırıb qeyri-etik tərzdə dedim ki, Fira, iki saatdı külqabını niyə dəyişdirmirsən?

Videoda bir yeniyetmə, öz sinif yoldaşının alnına israrla öz adını yazırdı, başında yumurta sındırırdı, onunla qeyri-etik danışırdı.

Hətta mənim Firayla danışdığımdan daha ağır, daha qeyri-etik.

İnsanlar öz alın yazılarını başqalarının da alnında görməyə maraqlıdılar.

Elə bir vəziyyətə gəlmişik ki, videonun qurma olduğuna inananlar var.

Guya planlı şəkildə çəkilib, zərərçəkən özü də razıdı videonun çəkilməsinə.

Birincisi, heç kəs özünü bu həddə alçaltmaz, lap alçaltsa belə, tirajlanmağına göz yummaz. Birmənalı olaraq, mümkün deyil.

İkincisi, siz qızın səsindəki titrəyişi, boğuqluğu necə olur ki, hiss edə bilmirsiniz?

Bu qədər qəddarlaşmısınız?

Bu qədər hissizləşmisiniz?

Xırda müşahidə ilə də başa düşmək olar ki, video qurma deyil.

Qızlardan biri zərərçəkənin başında yumurta sındıranda videonu çəkən şəxs qıraqdan "bəsidi" sözünü deyir. Bu söz qurma videoda işlədiləcək söz deyil.

"Bəsdi" başqa şeydi, "bəsidi" başqa.

Necə çəkildi bu video?

Necə yayıldı?

Proses addım-addım necə baş verdi?

Doğrudan da, ciddi-ciddi gedib mağazadan yumurta aldılar ki, o qızın başında sındırsınlar?

Doğrudan da, evdən qayçı gətirdilər ki, o qızın saçlarını kəssinlər?

Doğrudan da, videonu çəkdilər və yerindəcə paylaşdılar?

Firanı çağırıb acıladım ki, pivəni niyə ilıq verir?

Gördüm, doluxsunub. Elə fikirləşirdim ki, hamı izləyib artıq videonu. Ona görədi.

Gülməli rəylər görürəm.

Yazanlar var ki, mənim qızım yaşdadır, bayaqdan özümə gələ bilmirəm.

Qızın yaşda kimsə ölər, yazarsan ki, özümə gələ bilmirəm, mənim qızım da bu yaşdadı.

Qızın üzünün gizlədilməsinə baxmayaraq, videonu çox rahat izləyirdim.

Görəsən, mən niyə əmin idim ki, o qız mənim bacım, xalamın, dayımın, əmimin qızı deyil?

Görəsən, hamı niyə əmindir?

Pivə içə-içə futbola baxmağa davam etdim.

Heç "çayevoy" da vermədim Firaya.

# 6851 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər