Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri
5 sentyabr 2026
# 12:30

Varşava Universitetinin And Araşdırmaları Mərkəzinin tədqiqatçıları Peru ərazisindəki qədim İnka şəhəri Maçu-Pikçu yaxınlığında arxeoloji kəşfə imza atıblar.

Kulis.az xəbər verir ki, sıx tropik meşənin altında Kolumbaqədərki dövrə aid təxminən 2,4 kilometr uzunluğunda gizli yol şəbəkəsi aşkar edilib.

İnka dövründən qaldığı ehtimal olunan bu yolların indiyədək bilinməyən terraslara və platformalara uzandığı müəyyən olunub.

Təxminən 2400 metr yüksəklikdə yerləşən yeni yollar Maçu-Pikçunun qarşı tərəfindəki memarlıq abidələrinə aparır. Kəşfin ən diqqətçəkən tərəfi isə bu tikililərin Urubamba çayının digər sahilində yerləşməsidir. İndiyədək Maçu-Pikçu Milli Parkında 60-dan çox arxeoloji ərazi qeydə alınmışdı və onların böyük əksəriyyəti çayın sol sahilində yerləşirdi. Bu da İnkaların məskunlaşma və tikinti fəaliyyətlərini əsasən orada cəmləşdirdiyini düşündürürdü. Lakin yeni kəşf çayın qarşı tərəfində də əhəmiyyətli mədəni transformasiya və tikinti işlərinin aparıldığını sübut edir.

Bu mühüm tapıntı LiDAR texnologiyası sayəsində mümkün olub. Lazer şüalarından istifadə edərək yer üzünün üçölçülü xəritəsini çıxaran LiDAR, sıx bitki örtüyünün altındakı relyef formalarını və insan əli ilə yaradılmış strukturları aşkar etməyə imkan verir.

Yeni tapılan yolların təxminən 1,2 kilometrlik hissəsində İnka yolları üçün xarakterik olan ziqzaqvari dizayn da qeydə alınıb. Tədqiqatçılar bu xüsusiyyətin yolun Maçu-Pikçunun aktiv istifadə edildiyi dövrə aid olduğuna dair tutarlı sübut ola biləcəyini düşünürlər. Qazıntılarla platformaların böyüklüyünü və işlevini anlamaq, başqa memarlıq qalıqlarını üzə çıxarmaq və tikililəri tarixləndirmək məqsədilə gələn il ərazidə genişmiqyaslı çöl tədqiqatlarına başlanması planlaşdırılır.

Qeyd edək ki, Varşava Universitetinin tədqiqatçıları və Peru rəsmiləri yeni arxeoloji ərazilərin dəqiq koordinatlarını hələlik gizli saxlayırlar. Məqsəd bölgəni qeyri-qanuni qazıntı apara biləcək şəxslərdən və həvəskar "xəzinə ovçuları"ndan qorumaqdır. Tədqiqatçıların fikrincə, müqəddəs Mandor divarı yaxınlığındakı bu yeni yollar və terraslar Maçu-Pikçunun mərasim və dini funksiyalarının indiyə qədər təxmin ediləndən daha geniş bir coğrafiyaya yayıldığını göstərir.

Maçu-Pikçu haqqında

Maçu-Pikçu (Machu Picchu) — Peruda, And dağlarında, dəniz səviyyəsindən təxminən 2430 metr yüksəklikdə yerləşən qədim İnka şəhəridir. 15-ci əsrdə İnka imperatoru Paçakutek (Pachacuti) tərəfindən inşa edildiyi güman olunan bu şəhər, ispanların Cənubi Amerikanı işğalı zamanı unudulmuş və təxminən dörd əsr ərzində gizli qalmışdır. Abidə yalnız 1911-ci ildə amerikalı arxeoloq və kəşfiyyatçı Hiram Binqam (Hiram Bingham) tərəfindən yenidən dünyaya tanıdılmışdır. Nəhəng daş divarları, terrasları və mürəkkəb su sistemləri ilə İnka memarlığının şah əsəri sayılan Maçu-Pikçu hazırda UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır və "Dünyanın yeni yeddi möcüzəsi"ndən biri hesab olunur.

# 340 dəfə oxunub

Oxşar xəbərlər

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

12:30 25 sentyabr 2026
Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər

Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər

12:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər