Axı nəyin eşqinə çarpışım indən belə? - Semyon Nadsonun şeirləri

Axı nəyin eşqinə çarpışım indən belə? - Semyon Nadsonun şeirləri
19 yanvar 2026
# 12:40

Bu gün rus şair Semyon Nadsonun anım günüdür.

Kulis.az onun şeirlərini Mahir N. Qarayevin tərcüməsində təqdim edir.

TƏZƏ MƏZAR BAŞINDA

Yenə təkəm –

yenə də həminki zülmət gecə,

cansıxıcı qaranlıq kəsdirib dörd yanımı.

Təzə məzarın üstdə dayanmışam eləcə,

fikirlər, düşüncələr üzür, üzür canımı:

Gözləməyin nə xeyri,

yaşamağın nə adı –

axı nəyin eşqinə çarpışım indən belə?

Bu dünyada sevməyə daha kimsə qalmadı,

dua etməkdən ötrü bir kəs qalmadı mənə!

* * *

Gəl apar məni burdan…

gözləyirəm, gəl daha –

uşaq kimi arxana düşüb gedəsiyəm mən!

Canımda hey qalmayıb yolu tək axtarmağa,

həm də cana doymuşam bu ömrün heçliyindən.

Yox-yox,

səndən umduğum sənin düz sözün deyil –

sözündəki od-atəş, alov qasırğasıdır.

Bu çağırış

xəstəhal, qaba, ötkəm bir təbin

daim coşub qabaran dəlisov dalğasıdır!


* * *

Məni düşməndən betər

üşəndirən, qorxudan

dəhşətli gecələrdən birisidir bu gecə –

Pəncərəni bağlayıb, kilidləyib arxadan

otağın bir küncünə çəkilmişəm gizlicə.

Əsl fəlakət kimi qorxuram ki, indicə

bağın qaranlığından xoş bir sərinlik axsın;

Yayılsın tanış qoxu qısıldığım bu küncə,

o anlaşılmaz həsrət yenə qəlbimi sıxsın.

* * *

İnan, inan sevginin inanılmaz gücünə!

Onun hər şeyə qadir zəfər xaçına inan.

Bu çirkaba bulaşmış, qana batmış dünyanı

Günahdan qurtaracaq şəfəq tacına inan.

İnan, inan sevginin inanılmaz gücünə!

* * *

Nəsə bir ayrı cürdür bugünkü yorğunluğum.

Şən günün parıltısı qamaşdırdı gözümü,

Kütlənin hay-küyndən bezdi, sıxıldı ruhum.

Və bir xilaskar kimi

Gözlədim lal gecəmi.

Öz həlim, öz yuxulu sükutuna bələnib

süzüldü, axdı gecə göylərdən pəncərəmə.

Və budur, hər tərəfdə hamı çoxdan uyuyub,

hamı şirin yuxuda, yatmayan bircə mənəm

köhnə həsrət yurd salan bu xəstə ürəyimlə…

* * *

Bunlar şərqidən çox eyhamdır bəlkə,

halım yox, heyim yox nəğmə qoşmağa;

Vaxtım nə gəzir ki, göyqurşağıtək

əlvan sətirləri düzüm yan-yana.

Can verən ananın gör nə kökdədir

cındaya bələnmiş bədbəxt tifili...

Keşkə bir yol tapıb dərdlə yüklənən

dolu ürəyimi boşalda bilim!

* * *

Deməyin ki, öldü o...

Yox, ölməyib o, sağdır!

Qurbangah dağılsa da – od hələ körüklənir!

Gül dərilən nə vaxtdır – kol cücərir hələ də!

Simləri qırılsa da – arfa yenə hönkürür!

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər