"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları
16 oktyabr 2026
# 10:00

Bu gün görkəmli irland yazıçı, şair Oskar Vayldın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Dünyanın əxlaqsız adlandırdığı kitablar dünyaya yalnız öz rüsvayçılığını göstərən kitablardır.

***

Sən mənə həmişə bağlı olacaqsan. Çünki mən sənin törətməyə heç vaxt cəsarət etmədiyin bütün o günahların təcəssümüyəm.

***

Təcrübə - insanların öz səhvlərinə verdiyi addır.

***

Tərif vermək – məhdudlaşdırmaqdır.

***

İndiki dövrdə insanlar hər şeyin qiymətini bilir, amma heç nəyin dəyərini anlamırlar.

***

Mən hisslərimin mərhəmətinə möhtac qalmaq istəmirəm. Onlardan bəhrələnmək, onlardan zövq almaq və onlara hökm etmək istəyirəm.

***

Mövcud olan hər bir nəfis şeyin arxasında mütləq faciəvi nə isə vardı...

***

Nəfsin təhrikindən və tamahdan qurtulmağın yeganə yolu ona təslim olmaqdır.

***

Mən kitab oxumağı o qədər çox sevirəm ki, onları yazmaq dərdi çəkmirəm.

***

Dünyada haqqında danışılmasından daha pis bircə şey var: haqqında heç danışılmaması...

***

Uşaqlar valideynlərini sevməklə başlayarlar; yaşa dolduqca onları mühakimə edərlər; bəzən isə onları bağışlayarlar.

***

İnsan aşiq olanda hər şeyə həmişə özünü aldatmaqla başlayır və hər şeyi həmişə başqalarını aldatmaqla bitirir. Bax, dünyanın məhəbbət macərası adlandırdığı budur.

***

Qətiyyən evlənmə, Dorian. Kişilər yorulduqları üçün, qadınlar isə maraqdan evlənərlər; hər ikisi də peşman olar.

***

Bəzi şeylər məhz uzun çəkmədikləri üçün daha qiymətlidir.

***

Yaşa! İçindəki o ecazkar həyatı yaşa! Qoy heç nə səndən yan keçməsin. Daim yeni duyğular ardınca ol. Heç nədən qorxma.

***

Bəşəriyyət özünü həddən artıq ciddiyə alır. Dünyanın ilkin günahı elə budur. Əgər mağara adamı gülməyi bacarsaydı, tarix tamam başqa cür olardı.

***

Hisslərdən savayı heç nə ruhu sağalda bilməz; necə ki ruhdan savayı heç nə hisslərə şəfa verə bilməz.

***

Duyğu ilə çəkilmiş hər bir portret əslində naturanın deyil, rəssamın öz portretidir.

***

Sözlər! Quru sözlər! Necə də dəhşətli idilər! Necə də aydın, diri və amansız! İnsan onlardan qaça bilmirdi. Amma yenə də içlərində necə incə bir sehr vardı! Onlar sanki formasız şeylərə elastik bir biçim verməyə qadir idilər və skripka yaxud ud qədər şirin bir musiqiyə malik idilər. Quru sözlər! Sözlər qədər gerçək olan başqa bir şey vardımı?

***

Əxlaqlı və ya əxlaqsız kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılar, ya da pis. Vəssalam.

***

Gizliliyi sevməyə başlamışam. Deyəsən, müasir həyatı bizim üçün sirli və ya möcüzəli edə biləcək yeganə şey budur. Ən adi bir şeyi belə gizlədən kimi ləzzətli görünür.

***

Nikbinliyin əsasında sırf dəhşət hissi dayanır.

***

Bir kişi büsbütün axmaq bir hərəkət edirsə, bu mütləq ən alicənab niyyətlərdən irəli gəlir.

***

Bu gecə özümdən bezmişəm. Başqa biri olmaq istərdim.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər