Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?

Yağış duası - Emel Sayın səhnədə niyə ağlamışdı?
5 noyabr 2026
# 11:20

Kulis.az Leyla Səmədovanın "Yağış duası" yazısını təqdim edir.

“Allah yoxdur” deyənlərə onu göstərin! Mən elə edirəm! Çünki bu qədər gözəl olunmaz, bu qədər gözəl yaradılır!

EMEL SAYIN...

***

1987-ci il, 31 dekabr. TRT-də Yeni İl Gecəsi konsert proqramı. Oxuyur Emel Sayın! Mahnının adı “Yağdır, Mövlam, su”! Və sizcə, tək bir şərqi bütöv bir dövrün ağrısını, insanların ümidsizliyini, qorxularını və dualarını özündə birləşdirə bilərmi?!

Həmin illərdə Türkiyə ciddi quraqlıqla üz-üzə idi. Xüsusilə İstanbul və Ankara kimi böyük şəhərlərdə su qıtlığı gündəlik həyatı çətinləşdirirdi. Anbarlarda suyun səviyyəsi kəskin azalmış, bəzi məhəllələrdə günlərlə su gəlmirdi. XX əsrin sonuna yaxın su artıq adi bir məişət ehtiyacı deyil, insanların hər gün arzuladığı nemətə çevrilmişdi.

Elə həmin dövrdə Türkiyə başqa bir qorxunun da təsiri altında idi. 1986-cı ilin aprelində baş verən Çernobıl faciəsi ölkədə böyük narahatlıq yaratmışdı. Xüsusilə Qara dəniz bölgəsində radioaktiv çirklənmə ilə bağlı xəbərlər insanları təşvişə salırdı. Çayın, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi müzakirə olunur, gələcəklə bağlı suallar artırdı.

Beləcə, cəmiyyət qəribə bir ziddiyyətin içində qalmışdı: insanlar yağış gözləyirdilər, amma yağışın özü də qorxu mənbəyinə çevrilmişdi.

Bütün bunların fonunda Emel Sayın “Yağdır, Mövlam, su” mahnısını ifa etdi. Ancaq bu ifanı yaddaşlara həkk edən təkcə mahnının sözləri və melodiyası olmadı. Emel Sayının ifa zamanı göz yaşlarını saxlaya bilməməsi Türkiyədə böyük təəccüb doğurdu.

Çünki tamaşaçılar onu illərdir səhnədə zərifliyi, təmkinli davranışı və özünə nəzarəti ilə tanıyırdılar. Onun bir mahnı zamanı kövrəlməsi, göz yaşlarına hakim ola bilməməsi gözlənilməz hadisə idi.

Bu səbəbdən məsələ uzun müddət ölkənin gündəmindən düşmədi. Yerli mətbuat Emel Sayının niyə ağladığını, həmin an hansı hissləri yaşadığını, göz yaşlarının mahnının sözlərindənmi, yoxsa ölkənin içində olduğu vəziyyətdənmi qaynaqlandığını geniş müzakirə edirdi.

Bəlkə də insanlar bu göz yaşlarında öz duyğularını görürdülər. Çünki o günlərdə hər kəsin ürəyində bir narahatlıq, dilində bir dua vardı. Emel Sayının kövrəlməsi milyonlarla insanın ifadə edə bilmədiyi hisslərə səs vermişdi.

Bəzən bir mahnı yaşadığı dövrün tarix kitablarından daha çox şey danışır. O, insanların nədən qorxduğunu, nəyə ümid etdiyini, hansı ağrını bölüşdüyünü yaddaşlarda saxlayır.

“Yağdır, Mövlam, su” da belə mahnılardan biri oldu. O illərdə insanlar göyə baxıb yağış gözləyirdilər.

Bəlkə də Emel Sayının göz yaşları da həmin gözləntinin, ümidsizliyin və insanın təbiət qarşısındakı acizliyinin bir ifadəsi idi. YA DA SADƏCƏ, YAĞIŞ DUASI İDİ…

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər