Rok musiqisinin əfsanəvi qruplarından "Aerosmith"in səhnəyə qayıdışı gözlənilməz qonaqlarla yadda qalıb.
Kulis.az xəbər verir ki, qrup oktyabrın 29-da Los-Ancelesdəki "Hollywood Bowl" səhnəsində üçillik fasilədən sonra ilk dəfə birgə konsert verib.
Aerosmith 2023-cü ildə Stiven Taylerin səs tellərindən aldığı zədə səbəbindən vida turunu yarımçıq saxlamış, 2024-cü ildə isə tur fəaliyyətini dayandırdığını açıqlamışdı.
Konsertdə qrupun üzvlərinə “Foo Fighters”ın solisti Deyv Qrohl zərb alətlərində dəstək verib. Aktyor Conni Depp isə “Train Kept A-Rollin’” mahnısının ifası zamanı gitara ilə səhnəyə çıxıb.
Qrupun qurucu zərb ifaçısı Coi Kramer də gecənin sonlarına doğru səhnəyə qoşulub. Təxminən 40 dəqiqə davam edən çıxışda “Toys in the Attic”, “Dream On”, “Sweet Emotion” və “Walk This Way” kimi məşhur mahnılar səsləndirilib.
Gecənin digər qonaqları arasında “Guns N’ Roses”, “The Black Crowes”, Billi Aydol və “Heart” qrupunun üzvləri də olub.
Bununla belə, Aerosmith-in yenidən genişmiqyaslı turneyə çıxacağı barədə hələ rəsmi açıqlama yoxdur.