Titrək dodaqlarda əsmər bir kədər – YENİ ŞEİRLƏR

Titrək dodaqlarda əsmər bir kədər – <span style="color:red;">YENİ ŞEİRLƏR
24 avqust 2017
# 15:30

Kulis.Az gənc şair Şəhriyar İbrahimovun yeni şeirlərini təqdim edir.

Titrək dodaqlarda əsmər bir kədər


Yanlış həyatlara apardı qatarlar.
Yanlış limanlara yan aldı gəmilərimiz.
Kövrək baxışlar artırdı darıxmaqları.
Yollar ayaqlarda, gülüşlər dodaqlarda köhnəldi.
Titrək dodaqlarda əsmər bir kədər dolandı.
Təkliyimiz dağıldı bütün şəhərə.
Və sən getdin. Yarısı yeyilmiş alma kimi çürüməyə başladım.
Çatladı dodaqlarım baharın ortasında...
Daha sənsizliklə zaman keçmir. Ah, o saatın əqrəbləri indi necə də təlaşsızdır...
Göyqurşağını itirmiş səmayam, küləyini itirmiş hava, nə zaman uğuldayacaqsan kim bilir.
Nə zaman cücərəcək göz yaşımla suvardığım ümid toxumları...
Və bütün ömrüm yolunu gözlədiyim zamanlarla doludur indi...
Alsalar, meşədə yağmurdan sonra islanan yarpaq ətirli saçlarının qoxusunu burnumdan, bəlkə unudaram səni...
Yaş damlaları, dara çəkilən məhkum tək asılır kirpiklərimdən...
Baxışlarım indi qürub günəşini xatırladır daha çox...
Ayaq izlərinin asfalt küçəmizdəki dəfn oluşunu seyr edirəm durmadan...
Gəlsən, evdəki bütün dağınıqlıq pozulardı halbuki...
Bilirsənmi, hələ də ən müqəddəs yerindən, ən itaətsiz yerinə qədər sevirəm...
Təbəssüm əleyhdarı xatirələrləyəm indi...
Və indi daha çox ehtiyacı var, barmaqlarımın toxunulmağa, saçlarımın tumarlanmağa...
Bir də darıxmaqdan çox darıxılmaqçün darıxıram...

Əlvidasız gedişlər

Ayaq izin yetim qoyub bu mürgülü yolları,
Gözlərimin giləsində neçə payız yağışı...
Səmalara yetişmədi duamızın qolları,
Heç unuda bilmədim ki,
Sevgi qoxan o sehirli, o şeirli baxışı...

İsidərmi gün işığı, dağ-dağ olan ürəyi?!
Bir ömürlük ağır yükdü, həsrətinin azı da...
Xatirəmdə ləpələnir gözlərini süzməyin,
Vüsal yoxdu bəlkə elə -
Eşqimizin qismətinə düşən bu kor yazıda...

Çiskin-çiskin gözdən axır könüllərin leysanı.
Bircə qutu ümid yox ki, alışdırım təzədən.
Gəl sevindir gözü yola səpələnən insanı.
döy qapımı de ki, de ki -
Davam edək bu sevgiyə qaldığımız yerindən...

Bəs hardasan üzümdəki intizarın memarı?
Hələ vallah gözümdədir süzə-süzə yerişin...
Bax, səninçün hər gün evə gətirirəm yolları.
Axı olur, eşitmişəm -
Mütləq olur qayıdışı, əlvidasız gedişin...

Bir də baxarsan ki, payızdı ömrün...

Bir də baxarsan ki, payızdı ömrün
Solub çiçəkləri ömür bağının
Yox ucu-bucağı darıxmağının,
Bahara heç ömrün yetməz bəlkə də
Dodağında gülüş bitməz bəlkə də.
Bir də görərsən ki, tozdu yolların.
Bir də görərsən ki, donur qolların.
Qıfıl boğazından bir tikə getmir,
Hələ qulağından səksəkə getmir,
Gözlərin qapıdan umar bir ümid,
Qonar xəyalına xumar bir ümid.
Bir də baxarsan ki, payızdı ömrün...

Dolar göz yaşıyla sərxoş qədəhlər
Bir də oyanarsan dörd yanın kədər.
Xatirə yelkənsiz yol alan qayıq
Sağın intizardır, solun ayrılıq.
Ömür quruş-quruş xərclənib, bitib
Səadət xəzəltək ovulub, itib
Ürəyin soyuyub, baxışın donub,
Könlünə sap-sarı darıxmaq qonub,
Bir də baxarsan ki payızdı ömrün...

Doğma adamların yad baxışından,
O tənha evinin tək qalışından.
Köynək qırışından, üz qırışından,
Gileyin çoxalar, əllərin əsər,
Yolunu bir kövrək qocalıq kəsər.
Geyinməz dodağın isti bir gülüş,
Qonar otağına miskin görünüş.
Düşər bənizinə həsrət, bəmbəyaz.
Bəlkə gəlməyəcək görüşünə yaz?!
Təqvimdən seyrələr illər günbəgün.
Birdə baxarsan ki, payızdı ömrün....

# 3249 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər