Yandır məktublarımı, külü üfür üzümə

Yandır məktublarımı, külü üfür üzümə
28 oktyabr 2013
# 11:15

Kulis.az şair Mətləb Ağanın şeirlərini təqdim edir.

***

Sən də yaman gecikdin;

durub payızda gəldin...

kimin əlində soldun?

solub, payızda gəldin...

mənəmi həsr etmisən

üzündəki qırışı?..

hardaydın yaşılında?

sənə payız yaraşır....

şükür, məni tanıdın,

gördün, günün birində...

...sən də bir vaxt varıydın,

öldün günün birində...

...bəlkə qışdan danışaq,

payız da çoxdur sənə...

...əlimdən tut, bilirəm,

yaman soyuqdur sənə...

2013

***

Nə daha aç qapımı,

nə bir də gül üzümə...

yandır məktublarımı,

külü üfür üzümə.

yandır şeirlərimi,

qızın bir ocaq kimi...

sevindir mən dəlini,

sonra da vur üzümə...

daha məni tanıma,

neyləyim sən xanıma...

vur ölüm,

bir gün

amma

güzgüdə dur üzünə...

1994

***

Çox dəyişib bu şəhər,

yolu, parkı, dənizi...

görən, sonuncu dəfə

kim görüb burda bizi?..

...hardasan indi görən,

neyləmisən özünü?

bilirəm, güzgülərdən

gizlədirsən üzünü...

çəkilib bir tərəfdə

özünçün qocalırsan...

hər gecə ağlayırsan,

və hər gün qocalırsan...

-”...zəng də çatmırdı sənə,

harda idin səhərdən?..”

- “səni, məni gəzirdim,

biz olmayan şəhərdə...”

2013

***

Bir sənsən bu qatarda;

sən düşər.., sən düşərsən...

hərdən bezib qapıdan,

pəncərədən düşərsən...

hara getsən də amma,

bilirsən eyni yerdi...

daha nə yaşasan da,

əvvəli-axırı birdi...

günlər boz yastıq kimi

sifətinə qapanır...

həyat bacadan gedər,

bağlasan da qapını...

... bir azdan zəng vurarlar;

“oyan, adam, payızdı...

adımı soruşursan?

Mətləb, adım Payızdı...”

2013

***

Ötüb gedən günləri,

əyləmək istəyirdim...

adını göy üzünə,

söyləmək istəyirdim...

odla, suyla, küləklə

danışmaq istəyirdim.

hərdən zalım fələklə

dalaşmaq istəyirdim...

nə yaşamaq bilirdim,

nə ölmək istəyirdim...

sən bilmədin, bilmədin,

onda səni sevirdim,

sevilmək istəyirdim...

1996-2013

# 3179 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər