O şair bir zamanlar kasa satırdı...

O şair bir zamanlar kasa satırdı...
18 dekabr 2012
# 10:52

Layihə- Ədəbiyyatın kulisi

Kənan Hacı

Bəzən həyat insanla çox amansız oyun oynayır. Bəzən biz həyata münasibətdə cilovu buraxıb atlara sərbəstlik verən, özü isə dərin yuxuya gedən arabaçıya bənzəyirik. Bir vaxt onda ayılırıq ki, bu “atlar” bizi heç bir çıxışı olmayan bir məkana gətirib çıxarıb. İtirilmiş vaxtı isə geri qaytarmaq mümkün deyil...

Qoca dostum Abdulla Rəfibəyliylə hər dəfə rastlaşanda ağlımdan bu fikirlər keçir. Amma özünə bu barədə heç vaxt heç nə deməmişəm, çünki bilirəm, desəm də heç nə dəyişən deyil. Heç nə dəyişən deyilsə, bu xeyirxah adamın könlünü niyə qırım?!

Abdulla müəllimi bəxti gətirməyənlər kateqoriyasına da aid edə bilmirəm. Gözəl ailəsi var, övladlarını böyüdüb, onlara ali təhsil verib. Di gəl, həyat onunla heç vaxt xoş dolanmayıb. O, həyatın üzünə gülümsəsə də həyat bu təbəssümü həmişə görməzliyə vurub. Vaxtilə “Ulduz” jurnalında şeirləri çap olunub, Məmməd İsmayılla, Seyran Səxavətlə dost olub. Özünün dediyinə görə, Cabir Novruz onun şeirlərini çap etmirmiş. Bir dəfə rastlaşanda ona deyib ki, a kişi, sən yenə şeir yazırsan?!

O, da Cabir Novruza həcv yazıb. O həcvin bir misrası yadımdadır: “Babam Sabir yazıb, mən də yazıram!”

Abdulla müəllim deyilənə görə, miyanə dost olmayıb. Sovet dövründə hansısa peşə məktəbində müəllim, dərs hissə müdiri olub. Təqaüdə çıxandan sonra dolanışığı ağırlaşıb. İkinci dəfə ailə qurub. Günlərin bir günü şair Kəramət İçərişəhərdə onunla rastlaşır, Abdulla müəllim əlində köhnə kasalar müştəri axtarırmış...

Kəramət danışırdı ki, “şairin bu halını görəndən sonra özümə gələ bilmədim, gecə gözümə yuxu getmədi. Düşündüm ki, mütləq onu bu vəziyyətdən çıxarmaq lazımdır”.

Kəramət şairi özünün baş redaktoru olduğu “Yeni quruluş” qəzetində işə götürür və beləliklə Abdulla müəllimin canı kasa satmaqdan qurtarır.

Onun çox məşhur bir ifadəsi var, adətən, içəndən sonra deyir: “Eşq olsun tarixi yaradanlara!”

Gecənin bu gec saatlarında beynim ancaq gecələr işləyən fabrik kimi aramsız olaraq uğuldayır. Bu uğultunun içində Abdulla müəllimin səsini çox aydın eşidirəm:

“Kənan, məni çox tez unutdular...”

O, dostlarından gileylidir. Dünyanın gözəl çağlarında Abdulla müəllimlə badələr nuş edən dostlar onu lap çoxdan unudublar... İndi onun gözləri tamam tutulub, evdən çıxa bilmir. Amma hər qapı səsinə diksinir...

Bu yerdə yazımı yarımçıq saxlayıb kitabxanama göz gəzdirdim və Abdulla müəllimin bir neçə il bundan öncə öz imzasıyla mənə bağışladığı kitabı axtarmağa başladım. Uzun axtarışdan sonra nəhayət əl boyda kitabçanı tapdım. Bu yazının sonuna “60 yaşıma 60 qoşma” adlanan həmin kitabdan seçdiyim bir şeiri əlavə edirəm və Abdulla müəllimə öz sözüylə demək istəyirəm ki, “döz, bu doğma həyat yad gələndə də”...

Gələndə də...

Ay sevən ürəyim, polad ürəyim,

Sıxılma dərd üstə dərd gələndə də.

Dalğalı dənizdir həyat, ürəyim,

Döz, bu doğma həyat yad gələndə də.

Baxdım bu dünyaya ürək dağında,

Məni yaşadırsan azadlığında.

Nəsimi gücü var inadlığında,

Mənə güc verirsən pərt gələndə də.

O, şöhrət əsiri, bu, dövlət acı,

Sənsə var-dövlətim, başımın tacı.

Gözünü qorxutmaz yolun son ucu,

Gəlmisən dünyaya mərd, gələndə də.

# 4072 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər