"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?
25 yanvar 2026
# 15:00

Bu gün tanınmış ingilis yazıçı Virciniya Vulfun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Vircinia Vulf XX əsr dünya ədəbiyyatında modernizmin ən mühüm simalarından biridir.

Onun adı tez-tez Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazıçıların adı ilə birlikdə çəkilir.

Coys üçün “Uliss” nə qədər həlledici əsərdirsə, Vulfun yaradıcılığında da “Missis Dellouy” eyni çəkidə dayanır. Hər iki əsər bir günün içində bütöv bir insan taleyini göstərməyi bacaran nadir romanlardandır.

Vircinia 1882-ci ildə Londonda, tanınmış tənqidçi Lesli Stivenin ailəsində doğulmuşdu.

Böyük və qarışıq ailə mühiti, sərt viktorian qaydalar və uşaqlıqda yaşadığı ağır cinsi zorakılıq onun psixoloji dünyasını dərin şəkildə zədələdi.

Anasının erkən ölümü ilə başlayan sinir sarsıntıları, baş ağrıları və hallüsinasiyalar həyatının sonuna qədər onu müşayiət etdi. O, bir neçə dəfə həyatına son qoymağa cəhd etsə də, uzun illər mübarizəni davam etdirdi.

Atası Lesli Stiven ictimai mühitdə hörmətli ziyalı kimi tanınsa da, ailə daxilində klassik patriarxal düşüncənin daşıyıcısı idi.

Qızlarının ehtiyaclarını ikinci plana atan bu münasibət Virciniyanın içində ziddiyyətli hisslər doğurmuşdu.

O, atasını həm zalım bir hakimiyyət fiquru, həm də öz yolunu müəyyənləşdirən əsas təsir mənbəyi kimi qəbul edirdi.

Bu daxili qarşıdurma daha sonra “Mayaka doğru” romanında ata obrazı üzərindən bədii həllini tapdı.

Atasının ölümündən sonra ailənin Blumsberi məhəlləsinə köçməsi Virciniyanın həyatında yeni mərhələ açdı.

Burada yaranan və tarixə “Blumsberi qrupu” kimi düşən intellektual çevrə onun dünyagörüşünü formalaşdırdı.

Yazıçı və rəssamlarla yanaşı, bu mühitdə XX əsr iqtisadi düşüncəsinin əsas fiqurlarından biri olan Con Meynard Keyns də vardı.

Qrup üzvləri viktorian əxlaqa qarşı çıxır, azad düşüncə və şəxsi münasibətlərdə sərhədsizlik ideyasını müdafiə edirdilər.

Vircinia 1912-ci ildə yazıçı və jurnalist Leonard Vulfla evləndi. Bu evlilik ehtirasdan çox, anlayış və qayğı üzərində qurulmuşdu.

Leonard onun psixi vəziyyətini nəzərə alaraq yaradıcılığını davam etdirməsi üçün hər cür şərait yaradırdı.

Birlikdə yaratdıqları "Hoqard Press" nəşriyyatı sayəsində Vulfun əsərləri sərbəst və redaktə təzyiqi olmadan çap edilirdi.

Vircinia Vulf modernist ədəbiyyatda “şüur axını” texnikasının ən incə ustalarından sayılır.

Onun romanlarında xarici hadisələrdən çox, insan zehninin axını, xatirələr və daxili monoloqlar ön plana çıxır.

“Orlando”, “İllər”, “Gecə və gündüz” kimi əsərlərində o, patriarxal ailə modellərini, qadının cəmiyyətdəki məhdudiyyətlərini və sinfi bərabərsizliyi tənqid edir.

Bu yanaşma onun yaradıcılığını yalnız modernist deyil, eyni zamanda feminist ədəbiyyatın əsas sütunlarından birinə çevirib.

Esse janrında yazdığı “Özünə aid bir otaq” qadın azadlığı mövzusunda klassik mətnlərdən hesab olunur.

Vulf bu əsərdə yazmaq istəyən qadınlar üçün maddi müstəqillik və şəxsi məkanın vacibliyini vurğulayır, yaradıcılığın sosial basqılardan azad olmasını tələb edirdi.

İkinci Dünya müharibəsinin başlaması ilə Vulfun psixi vəziyyəti yenidən ağırlaşdı.

Bombardmanlar, ailə itkisi və ərinin həyatına yönəlmiş təhlükə qorxusu onun üçün dözülməz hala gəldi.

1941-ci ilin martında, artıq bu yükü daşıya bilməyəcəyini anlayan Vircinia Vulf Ouz çayına girərək həyatına son qoydu.

Ərinə yazdığı vida məktubu sevgi, minnətdarlıq və ümidsizliyin iç-içə keçdiyi, ədəbiyyat tarixində ən sarsıdıcı etiraflardan biri kimi qalır. Məktubda yazılmışdı:

"Ən sevdiyim.

Sanki dəli olacağam, bu qorxunc günləri geridə qoya bilməyəcəyik kimi hiss edirəm. Qulağıma səslər gəlməyə başlayıb və fikrimi cəmləşdirə bilmirəm.

Keçən zamanı geri qaytara bilməyəcəyəm. Onun üçün də, nə etməliyəmsə, onu da edəcəyəm. Mənə ən böyük xoşbəxtlik verdin, heç kəsin etməyəcəyi şeyləri etdin.

Amma, mən artıq mübarizə edə bilməyəcəyəm. Bilirəm, sənin də həyatını məhv edəcəyəm, lakin mənsiz daha xoşbəxt olacaqsan. Görürsən, bu məktubu belə düzgün yaza bilmirəm, oxuya bilmirəm.

Həyatımdaki bütün xoşbəxtliyi sənə borclu olduğumu söyləmək istəyirəm. Mənə qarşı olduqca səbirlisən. Əgər kimsə məni bu vəziyyətdən xilas edə bilərdisə bu, sən olardın. Zənnimcə, heç kim bizim qədər xoşbəxt ola bilməzdi".

Vulf 1970-ci illərdən etibarən feminist düşüncənin yüksəlişi onun yaradıcılığını yenidən gündəmə gətirdi.

Bu gün Vircinia Vulf XX əsr ədəbiyyatının istiqamətini dəyişmiş, insan şüurunun dərinliklərini sözə çevirə bilmiş ən böyük yazıçılardan biri kimi dəyərləndirilir.

# 1804 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər