Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

Səddam Laçın

Səddam Laçın

23 iyun 2025
# 09:34

Kulis.az Səddam Laçının yeni yazısını təqdim edir.

Oxuduğum əsərlər haqqında tənqid və təhlilləri də oxumağı sevirəm. Bu, onları yenidən kəşf etmək, gözdən qaçırdığım məqamları başqalarının gözündən görmək imkanı yaradır. Elə hallar olur ki, öncə bəyənmədiyim bir obraz, bir dialoq və ya süjet xətti başqa birinin təhlilində tamam fərqli məna qazanır. Məsələn, Orxan Həsənin “Anka” hekayəsi boyu cəmi iki dəfə quruldayan qurbağa haqqında Qismətin bir cümləlik izahı hekayəyə ayrı bir ab-hava qatdı.

Oxumaqla yanaşı dostlarla bir araya gələndə də əsərlər haqqında müzakirələr edirik. Hər kəsin fərqli yanaşması olur: kimisi süjetin axıcılığına toxunur, kimisi obrazların xarakteristikasını önə çəkir, kimisi də müəllifin ideyalarına fokuslanır. Bu müzakirələr bəzən yeni kitablar oxumaq həvəsi doğurur, bəzən isə oxuduqlarımı daha dərindən düşünməyə vadar edir.

Lakin son zamanlar oxuduğum yazıların əksəriyyəti əsərlərin peşəkar tənqidindən çox yazı müəlliflərinin özlərini ustalıqla tərifinə xidmət edir. “Ustalıqla” sözünü əbəs yerə xüsusi qeyd etmirəm. Çünki bu şəxslər özlərini açıq-aşkar tərifləməyəcək qədər ağıllı və təcrübəlidirlər. Onlar bunu daha fərqli yollarla, sətiraltı məqamlarla edirlər: məsələn, bir əsəri təhlil edirmiş kimi görünərək, hər cümlədə dolayısı ilə öz yazdıqlarına eyham vururlar, ya da müqayisə ilə özlərini ön plana çıxarırlar. Oxucuya hansısa müəllifin yazdığını yox, öz yazdıqlarını, oxuduqlarını göstərirlər.

Bu da bir növ tənqid janrının mahiyyətindən uzaqlaşmasıdır. Əsl tənqid – bir hadisəni, bir əsəri, bir insanı və ya hər hansı bir mövzunu diqqətlə nəzərdən keçirərək, onun müsbət və mənfi xüsusiyyətlərini, üstünlüklərini və çatışmazlıqlarını təhlil etmək və şərh etməkdir. O, nə yazıçının şəxsi reklamı, nə də oxucuya “kimin daha yaxşı yazdığı”nı sübut etmək vasitəsi olmalıdır.

Bütün bunlar ölkədə peşəkar tənqidçilərin barmaqla sayılacaq qədər az olması ilə də əlaqədardır. Bu gün ədəbi mühitdə tənqid ya jestidir, ya da şəxsi ambisiyaların ifadəsi. Orta yolu tutub əsl tənqidlə məşğul olan Mətanət Vahid, Cavanşir Yusifli kimi bir neçə vicdanlı adam var ki, onlar da bütün prosesi təkbaşına daşıya bilməzlər. Belə olanda isə iş yenə yazıçıların üstünə düşür. Onlar da yazanda "Mən daha yaxşısını yazmışam", "Mən daha yaxşısını yazaram" intonasiyası ilə yazır - təhlil adı altında rəqabət aparırlar.

Ədəbiyyat isə nə yarış meydanıdır, nə də şəxsi komplekslərin kompensasiya yeri. Əgər təhlil və tənqidlə yalnız özümüzü ön plana çıxarmağa çalışırıqsa, bu, nə yazara, nə oxucuya, nə də ədəbiyyatın özünə fayda verir. Əksinə, onsuz da bir ovuc olan oxucunu kitabdan ayrı salır. Oxucunun da, yazıçının da ehtiyacı olan tək şey dürüst, obyektiv yazılardır.

Düşünürəm ki, bu vəziyyətdən yeganə çıxış yolu tənqidin bir akademik sahə kimi inkişaf etdirilməsi, bu sahəyə təhsilli, obyektiv və araşdırma ruhlu yeni nəsil qələm adamlarının gəlməsidir.

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də peşəkar oxucuların və vicdanlı tənqidçilərin varlığı ilə mümkündür.

# 3737 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər