Onu vurub öldürmüşük

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

20 yanvar 2022
# 09:00

Kulis.az Zamin Hacının “Əsl kino ilə Azərbaycan kinosunun fərqi” adlı yazısını təqdim edir.

Əlixan Rəcəbovun çəkdiyi kinoya görə dindarların qəzəbinə gəlməsi, sonra gedib Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayon şöbəsinin sədri Hacı Şahinlə görüşməsi ibrətamizdir. (Bu yerdə Nəsiminin ruhuna bir salavat zikr edək, ilahi, amin; ateistlər və uçan makaron canavarı təqibçiləri istəsələr mötərizənin içində smaylik görsünlər – mötərizə ilə smaylikin sintezi əsl hürufilik effekti yaradır. Şair özü də bu vəziyyəti uzaqgörənliklə təsvir etmişdir:

“Afərin olsun nigarın zülfü ilə qaşinə,
Gər macal bulsam həbibin çövriləydim başinə...
Kəbənin еhramına irməz hacının dəgməsi,
Çizginir dər girdinə, sürtər üzünü daşinə”.

Belə şeyləri verin uşaqlara, oxusunlar, ləzzət aparsınlar).

Yeri gəlmişkən, hörmətli hacı təkcə Nəsiminin dindarlarına baxmır, həmçinin “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədridir. Boynuma alıram, mən bu idarənin adını internetdən “copy” eləyib bura qoydum, çünki yadımda saxlaya bilmərəm. İndi sən fikirləş gör adam nə dərəcədə yüksək elm, helm, mənəviyyat sahibidir ki, biz bunun idarəsinin ismini yadda saxlamaqda çətinlik çəkirik, o isə moizəsini oxuyur. Möcüzədir.

Əlixan müəllimin dindarların qəzəbinə səbəb kinosuna baxmışammı? Baxmışam. Ancaq film haqda hansısa rəyimi yazmıram, çünki Əlixan müəllim hazırda mənim həmyerlim sayılır – Biləcəridə yaşayıram. Biləcəri oğlanlarına dərin hörmətimiz vardır, başda meyxana deyənlər olmaqla, Allah ölənlərə rəhmət eləsin, dirilərə uzun ömür, can sağlığı, yaralılara şəfa versin. O cümlədən, bütün maşinistlərə, qatar bələdçilərinə salam göndərirəm, fürsətdən istifadə edərək.

İkincisi (guya yuxarıdakı birinci idi, Allah qoymasa), bizdə kino işi dövlətin qanadı altındadır. Ötən illərdə bir neçə milyon pul ayrılmışdı, lakin maliyyə naziri parlamentoda çıxış yaparkən çəkilən filmlərin keyfiyyətindən narazılıq etdi, dedi bu nədir, heç Oskar-zad almırsınız, tfu üzünüzə. Nəticədə Mədəniyyət Nazirliyinin nəzdində kino, multfilm və tik-tok şöbəsi yaradıldı. Daha sonra şöbə agentliyə çevrildi. Axırda xəbərim olmadı, mümkündür indi agentliyin əvəzinə Milli Hollivud Hüquqi Publik Şəxsiyyəti düzəldilibdir, çünki agent sözü pis çıxır, elə bil xaricilərə casusluq eləyirsən.

Mən zarafat eləmirəm, 1995-ci ildə dəqiq, gözümün qabağında olmuş hadisədir, “Sahil” metrosunda keşik çəkən polislər “Şərq” informasiya agentliyinin (çoxdan rəhmətə gedibdir) müxbirini tutub idarəyə təhvil vermişdilər ki, rəis, bunun sumkasından bülleten tapmışıq, üstündə də agent yazılıbdır. Yaxşı günlər idi, hər kəsə qismət olmur.

Nəsə, temadan uzaqlaşıb Ərəbistan yarımadasına qədər getməyək. Ancaq getsək nə olacaq? Allah hamıya qismət eləsin. Mənim babam İmamqulu kişi vaxtilə gedib, nəticədə indiki soyadımı mənə yadigar qoyubdur. Yəni, bəlkə axtarsan Əlixandan çox mənim Hacı Şahinlə görüşməyə haqqım çatır! Ya qismət. Sadəcə, sözümün canı odur ki, kinoya nəzarətin QMİ, “MD” MMDBTİB və MCQMİ kimi əlaqədar qurumlara tapşırılması yaxşı haldır. Atalar demiş, ölünü özbaşına qoysan, kəfəni batırar. Bizim kinonun müəyyən dəlmə-deşiklərinə mütləq pambıq tıxanmalıdır.

Vaxtilə Şamaxı rəsədxanası bu kimi işlərin lokomotivi idi, həmişə QMİ ilə əlaqəli çalışırdı. Deyəsən təzə münəccimbaşı bir az özünü yaxşı aparmır. Məsələn, dini bayramların vaxtını gec deyir. Ümid eləyək QMİ onunla görüşməyə də adam göndərər. Ən yaxşısı QMİ nəzdində mədəniyyət-incəsənət-ədəbiyyat-zad işlərinə baxan konkret məsul şəxsin ayrılmasıdır. Yoxsa birdən görürsən Rafiq Tağı kimiləri ortaya çıxır, ağayi Lənkəraninin yanında biabır oluruq. Onu birtəhər vurub öldürmüşük, kino çəkənləri neyləyək? Burda kollektivdən söhbət gedir. Kütləvi qətliam lazımdır. Adını da istəsən sonradan “Vağzal döyüşü” qoy. Biləcəriyə görə.

Elə bu cür şeylərə görə mədəniyyətimizin Biləcəridən o yana keçməsi çətin olacaqdır. Hərçənd, Əlixan müəllimin “xürafatı tənqid edirik, bizim əsl dinlə işimiz yoxdur” açıqlaması filmdən daha gülməli alınmışdır, çünki əsl din şəraitində Əlixan müəllim ictimai birliklə görüşə çağırılmayacaqdı, vağzalın binasından təpəsi üstdə aşağı buraxılacaqdı. Bir neçə il qabaq Orta Doğu tərəflərdə belə səhnələri göstərərdilər. Hələ də uca dövlətimiz ordan dul qalmış övrətləri və cənnət sakinlərinin yetimlərini daşıyır.

Allah heç kəsi yetim qoymasın, amin.

# 2610 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #