Gəlin öldürmək üçün satılan bıçaqlar

Gəlin öldürmək üçün satılan bıçaqlar
8 iyul 2021
# 09:01

Kulis.az Zamin Hacının “Gəlin öldürmək üçün satılan bıçaqlar” yazısını təqdim edir.

Bizim camaat bir-birinə qarşı çox aqressivdir. Səbəbləri iqtisadiyyat, karantin, pandemiya, yerinə yetməyən arzular, ağır keçən uşaqlıq və sairə ilə izah etmək istəmirəm. Bəlkə burada ümumi səbəb yazmaq da mənasızdır, hər qəzəbin öz səbəbi var. Bəzi təkallahlı dinlər, sözgəlişi, qəzəbi böyük günahlar sırasında görür. Müsəlmançılıqda deyəsən, belə tövsiyələr ancaq bir-iki hədis şəklində var, ümumən islamın müqəddəs kitabı Allah-təalanın nələrəsə qəzəbləndiyini çatdırır. Çox qəzəbli yaradanımız var, adamı yarandığına peşman edə bilər.

Strabonun eramızdan öncə 7-ci əsrdə yazdığı “Coğrafiya” əsərində Qafqaz Albaniyasında ekzotik insan qurbanı kəsilməsi prosesi təsvir edilmişdir. Bir nəfər dərvişi tuturlar, zəncirləyib yağ-bal içində bir il bəsləyirlər, kökəldirlər, sonra dini bayramda ilahiyə qurban verirlər.

Strabon ərinməyib, əhvalatın bütün detallarını yazıb: camaat yığışır, qurban ətirlənib meydana gətirilir, kimsə nizəni böyürdən onun ürəyinə soxur, lap axırda isə ölmüş adamı yerə uzadırlar, camaat da gəlib bunun üstündən... hoppanır!

Ola bilsin, Novruzda tonqal üstündən tullanmaq o qədim adətimizin şəklini dəyişmiş formasıdır.

Mənə hərdən elə gəlir ki, bizim küçə və meydanlarımızda, evlərimizdə, şəhər, kənd və mikrorayonlarımızda hər gün də olmasa, günaşırı belə insan qurbanvermə aktları keçirilməkdədir. Qabaq Qarabağ işğal altında olanda “bəlkə aqressiya çıxarmağa yer yoxdur” deyə gümanlarım olardı. Arada cavanlarımız Suriyaya, Əfqanıstana gedib pis adamlara, necə deyərlər, “Sonanın uşaqlarına” qoşulanda bunu da həmin mənfi enerjini çıxarmaqla izah etmək mümkün idi.

Bəs indi nə olub?

44 günlük müharibə ilə 30 ilin problemini de-fakto həll etməyə nail olan cəmiyyət 30 saniyəlik bambılı bir söhbətə görə bir-birinin qanına susayır.

Kriminal xronikalarımızı izləyin, adamın başına hava gəlir. İnsanlar nəyin üstündə dalaşır, nəyə görə bir-birini öldürür?.. Tamamilə boş-boş şeylər, mənasız səbəblər... “Məhəllədə siqnal verdi”, “Çəpərimizin üstündən tərs baxdı”, “Uşağımı söyüb”, nə bilim, sizin it gəldi bizim baltanı apardı...

Lənkəranda qəsdən adam öldürmə faktı ilə əlaqədar cinayət işi başlanıb -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu yaxında üç-dörd nəfər toplaşıb bir nəfəri döyüb öldürmüşdü. Montində. Ancaq işin detalları maraqlı idi, sən demə bu tiplər “20 yanvar” metrosu tərəfdə “kim kimin maşınına yol verməlidir” mövzusunda mübahisə ediblər. Dava düşüb, mərhum maşınını sürüb ərazidən qaçıb. Bunlar isə onu qovublar. Ta Montinəcən. Bakını yaxşı tanıyanlar “20 yanvar”dan “Nərimanov”a xeyli məsafə olduğunu bilirlər.

Həvəsə bax!

Hirsə bax!

Mədəniyyətə bax!

Maşın maşına bir-iki dəqiqəlik yol verməyib, nəticədə qırğın-qiyamət qopub.

Adamlar orada gözləsələr, səbirli olsalar, nə baş verəcəkdi ki?

Üzüklərinin qaşı düşəcəkdi!

Şəxsi ləyaqətləri aşağılanacaqdı!

Bəs necə?

Axı biz hərəmiz özümüzə görə kainatın əşrəfiyik. Azərbaycanda bəlkə ən çox işlədilən sual forması “sən kimsən ki?..” şəklindədir.

Sən heç kimsən, bu territoriyada qərarı biz veririk.

Kim yaşayacaq, kim ov edəcək, kim ovunu gəmirəcək...

Hamısı bizim qərarımıza bağlıdır.

Hətta lazım gəlsə, territoriyanı sidiklə işarələyirlər.

“20 Yanvar”dan “Nərimanov”a qədər qovhaqovla kvant fizikasının əsas problemlərindən birini həll edən həmin üç-dörd nəfər hakimə-müstəntiqə pul verib, bəlkə yüngül cəza alacaqlar, ancaq hər halda mənasız ömürlərinin azı 7-8 ilini həbsxanada keçirəcəklər.

Buna qarant ola bilərik.

Hər halda, minimum cəza deyə bir zad var.

Bəs o cinayəti törətməyə dəyərdimi?

Hələ o adamların hərəkət trayektoriyası üzrə əhvalatı müşahidə edən yüzlərlə insanımızı düşünün, göz önünə gətirin. Bir nəfər də buna müdaxilə etməyib.

Dalaşırlar?

Cəhənnəmə ki.

Qoy bir-birini qırsınlar.

Bizə nə?

Bizdə bıçaqlar da sanki mətbəx, yemək-içmək yox, adam öldürmək məqsədiylə satılır. Əgər bir gün “dəmir dükanında” üzərinə “evdən qaçan gəlini doğramaq üçün balta”, “kənddə adına söz çıxarılan qızı öldürmək üçün qardaş bıçağı”, “məhəlləyə gələn yad adama soxmaq üçün tiyə” və sairə satış məlumatlarıyla üzləşsək, təbii qəbul etməliyik. Tiplər var, yeddi il qabaq boşadığı arvadını “qeyrətimə söz gətirir” adıyla öldürür!

Bu yaxında lent.az maraqlı bir məsələyə toxunmuşdu: yalnız keçmiş SSRİ məkanında sirkə turşusunu 70-80 faizlik tündlükdə satışa çıxarırlar. Normal dünyada ancaq aşağı, 5-10 faizlik qarışımın satılması mümkünmüş. Bizdə isə açıq zəhəri qida məhsulu adıyla satırlar, camaat da alır, bəzən çaşıb su yerinə içir, əzab içində ölürlər.

Hələ sirkə cəhənnəmə, mən divar boyası satılan yerdə tam içməli su şəklində qablaşdırılmış rəng həlledicisi görmüşdüm.

Ancaq reyestrə baxsan, Qida Təhlükəsizliyi Agentliyi yaratmışıq.

Üzeyir Hacıbəylinin 1909-cu il martın 24-də “Tərəqqi” qəzetinin 61-ci sayında dərc edilən miniatürü var:

“Sual: Həsənqulu, nə qayırırsan?

Cavab: Dəstəmaz alıram.

Sual: Nədən ötrü?

Cavab: Dünən əllərimlə bir müsəlmanın başını kəsmişdim, indi Ağdaş vaizi Molla Səməd əfəndinin sözlərinə əməl edib, dəstəmaz alıram ki, əllərimin günahı rəf olsun”

Bu qədər.

Özünüzü qoruyun.

# 4899 dəfə oxunub

Müəllifin son yazıları

# # #