Rafiq Tağıyla Ayxan Ayvazın səhvi

 Rafiq Tağıyla Ayxan Ayvazın səhvi
24 yanvar 2018
# 10:14

Mənim kiçik qardaşım Ayxan, M. Ə. Sabir haqqında yazdığın yazını oxudum, gördüm ki, camaat sənə bərk əsəbiləşib. Amma mən sənə əsəbiləşmədim. Çünki son abzaslardan birində yazırsan: “Bəlkə mən haqsızam!” Yəni, öz danışdıqlarına özünün də şübhən var. Şübhə etməkdə də haqlısan, bəli.

M.Ə.Sabir o zamanlarda yaşayırdı ki, gözünü dünyaya açmamış qız uşaqlarını Məşədi İbadlara ərə verirdilər. Yox, ərə vermirdilər, ataları pulla satırdı o qızları. Qız uşaqlarının məktəbə getməyindən danışmaq belə mümkün deyildi. Oğlan uşaqlarını məktəbdən gizləyirdilər.

O uzaq cəhalət dövrünü təsvir etməkdə acizəm. İstedadım çatmır. Sabirin yazdıqlarını biz Mirzə Cəlilin, Haqverdiyevin, Üzeyir Hacıbəyovun, Çəmənzəminlinin də əsərlərində oxumuşuq. Tək Sabir yazsa, deyərdik ki, kişinin millətlə düşmənçiliyi varmış, erməni dəyirmanına su tökürmüş, yazırmış. Tək Sabir yazmayıb axı bu həqiqətləri.

Gələk Rafiq Tağının Sabirə münasibətinə. Hansı ki, sən də saman çöpü kimi bu köhnə söhbətdən yapışmısan. Rafiq Tağı sağ olsaydı, özü qayıdıb sənə cavab verərdi ki, Sabir haqlı imiş.

Rafiq Tağı da son 30 ilin Sabiridir. Götür oxu Rafiq bəyin hekayələrini. Ölümcül ironiya hədəfinə çevirir öz azərbaycanlı qəhrəmanlarını. Rafiq Tağının yumor hissi güclüdür. Həmin yumor hissi Rafiq Tağını aqressiyadan xilas edir. Amma hekayələrində Rafiq Tağı belədir. Publisistikada Sabirin qələmindən də odlu-alovlu, yaxıb-yandırandı, adamın tən ortasından dəlib keçəndi.

Rafiq Tağı tez-tez millət haqqında yaxşı düşünmək istəyirdi. Bəli! Ümidli olmaq istəyirdi. Əjdər Olun Rafiq Tağı haqqında yazdığı portret hekayədə maraqlı dialoq var. Rafiq Tağıya deyirlər ki, ehtiyatlı ol, o cür odlu-alovlu yazılar yazma, səni öldürərlər. Rafiq Tağı bu sözlərə gülür və cavabında deyir: “Sən elə danışırsan, elə bil biz yamyamlar ölkəsində yaşayırıq!”

Rafiq Tağı yamyamlar ölkəsində yaşamadığından arxayın idi. Amma Sabir arxayın ola bilmirdi. O, deyirdi: “Cin görürəm, şeytan görürəm, qorxmuram. Harda müsəlman görürəm qorxuram!”

Təəssüf, zaman sübut elədi ki, Sabir daha haqlı imiş.

Mən də Rafiq Tağı kimi kiminsə bütləşdirilməsi əleyhinəyəm. Rafiq Tağının özünün də bütləşdirilməsi əleyhinəyəm. Sabiri bütləşdirmək fikrim də yoxdur. Sabirin mənim müdafiəmə ehtiyacı da yoxdur. Sənin, mənim, onun, bunun tənqidlərindən də Sabirə heç nə olan deyil. Onun qiymətini zaman, tarix, nəhayət, onu xəstə yatağında acından öldürən xalq özü vermişdir.

Biz bu yüz ildə nə qazandıqsa, Sabirlərin, Mirzə Cəlillərin, Üzeyir Hacıbəyovların sayəsində qazanmadıqmı? Onların tənqidlərindən nəticə çıxarmadıqmı? Bu gün mənim ölkəmin gözəl insanları 9 yaşlı qızın ərə verilməsinə yaxşımı baxmır? Qız uşaqlarını məktəbə göndərmirmi? Falçıya, caduya, pirə gedilirmi ötən əsrin əvvəllərindəki kimi? Şeyx Nəsrullahlara inanırmı bu millət? Məşədi İbadlara qızlarını satırmı? Təəssüf ki, var, bunları eləyən adamlar da var. Amma azdı onlar. Daha da azalacaq! Yox olacaqlar! Bunda Rafiq Tağının da, sənin də əməyin olacaq! Bu işi başladan, bizi bu günlərə gətirən, yolumuzda işıq olub yanan o adamların xatirəsinə hörmət edək amma!

# 3081 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
#
#
# # #