Minnətdaram, Əhəd müəllim!

Minnətdaram, Əhəd müəllim!
11 noyabr 2016
# 13:04

Hörmətli, Əhəd Abıyev! Sizə təşəkkür etməyi bir ziyalı kimi özümə borc bilirəm. Neçə vaxtdır oturub qara-qara düşünürəm ki, nə yolla dünyaya çıxaq. Siz bunu uğurla yerinə yetirdiniz! Eşq olsun! Kolumbiya demək, Markes deməkdir, Markes demək də dünya deməkdir. Yəni bu dəqiqə Kolumbiyadan dünyaya çıxmağımız an məsələsidir. Bu cür uğurlu bir addım ancaq sizin kimi ziyalı, ürəyi bu vətənlə döyünən ziyalıdan gözlənə bilərdi.

Mən də əsgər olmuşam, Əhəd müəllim. Üstündən 2 il keçib. Sizin Ermənistan bayrağı sandığınız şiferə atdığınız yumruqlara lap yaxından şahid olmaq üçün nələrdən keçməzdim. Əgər belə bir işi görmüş olduğunuzu qabaqcadan bilsəydim təzədən hərbi komissarlığa müraciət edib əsgərliyə getməyə belə hazır olardım.

Daşkəsən rayonu sizinlə qürur duymalıdır. Onların problemləri kimə gərəkdir? Neyləyirlər rahat və firavan həyatı? Heç bir ölkədə sizin göstərdiyiniz şounun əlinə su tökən ola bilməz. O necə yumruqlar idi, İlahi? Ermənistanı qorxutmaq üçün atdığınız yumruqların üfüqləri nə qədər genişləndi heç bilirsiniz? İndi Kolumbiya da sizi görəndə tir-tir əsəcək. Qoy bizdən hamı qorxsun! Bunun xeyri var ki, zərəri yoxdur.

Yeri gəlmişkən, bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm, hörmətli Əhəd müəllim. Camaat sizi Ermənistan bayrağını tanımamaqla günahlandırdı. Ancaq şükür ki, cavabınız yetişdi. Yoxsa özüm bu qaragüruhçuları susdurmaq məcburiyyətində qalacaqdım. Mən sizin açıqlamanızla dörd əlli razıyam: “Sındırılan Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənlər erməni dəyirmanına su tökürlər. Bu insanlara görə işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Kolumbiya bayrağı ilə Ermənistan bayrağını necə səhv salmaq olar?! Sadəcə, Ermənistan bayrağı tərs tutulub. Məncə, düz ediblər. Həmin bayrağı əks etdirən lövhəni hərbçilər ayaq altına atıb, qıracaqdılar. Dedim, saxlayın, özüm qırım. Elə bir yumruqla lövhəni sındırdım. Özüm Qarabağ veteranıyam, o bayrağı qıranda ermənilərin vəhşilikləri gözüm önünə gəldi. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.

Ümid edirəm, barmaqlarınız sağalıb. Hələ o barmaqlar bizə çox lazım olacaq. Sizi tənqid edənlərə silkələnməlidir o barmaqlar. O barmaqlar bizim üçün müqəddəs olmalıdır. Hər halda o barmaqlar yumruq şəklində birləşib düşmən bayrağına hücuma keçmişdi. Nə olsun ki, bu düşmən bayrağı Kolumbiyanın idi? Getsin, Kolumbiya bayrağını dəyişsin. Niyə elə bayraq qoyub ki, yazıq əsgərlər də səhv eləyiblər, siz də. Açığı, ayırd etmək də çətindir. Siz Allah, hirslənməyin, əsgərlərin də günahı yoxdur. Mən bilirəm ki, onlar gecə-gündüz vətənimizin keşiyində durmaqdan yorğun düşüblər və nəticədə bayrağı tərsinə tutublar.

Əhəd müəllim, mən sizin necə şir ürəkli olduğunuzu bu videodan sonra bir daha başa düşdüm. Hətta bir az düşündüm ki, uşaq vaxtı boksla məşğul olmusunuz. Bu atılan yumruqların arxasında mütləq bir peşəkar boksçu dayanmalıdır.

Hörmətli, Əhəd müəllim, bir daha deyirəm, özünüzə dərd eləməyin ki, Ermənistan bayrağı yerinə Kolumbiya bayrağını yumruqlamışam. Problem deyil. Yaxın günlərdə problemləri başından daşan Daşkəsən camaatını da yığarsınız bir yerə və daha təntənəli bir “yumruq vurma” konserti keçirərsiniz. Müğənniləri, muğam ifaçılarını, xalqımızın gözəl şairlərini də çağırmağı unutmayın. Nə çox Azərbaycanda istedadlı adamlar. Gözü götürməyənlərdən Allah sizi qorusun! Hətta mən təklif edərdim, təşkil edəcəyiniz bu konserti yuqoslav rejissor Kustritsa lentə alsın. Özüm ölüm, çox peşəkardır. Hətta yenə səhvən Kolumbiya bayrağını yumruqlamış olsanız, bu səhvi rejissor montajda düzəldər.

Əhəd müəllim, vaxtınızı çox almayım. Yəqin ki, xalqımızın dərdləri sizi bir ziyalı kimi çox düşündürür və yuxusuz gecələr keçirirsiniz. Hətta mənə elə gəlir, yuxularınızda da Ermənistan bayrağı əvəzinə Kolumbiyanın bayrağını yumruqlayıb dik atılırsınız yerinizdən. Özünüzə fikir verin, haqqınızda danışılan hədyanları qulağınızın birindən alıb o birindən verin. Siz nə olsun ki, söyüş söyürsünüz, Daşkəsən camaatının problemlərinə arxa çevirirsiniz. Bax nə olsun? Əsas odur, sizin yumruqlarınız var.

Bu arada barmaqlarınızdan yenə narahat qaldığımı bildirməliyəm. Yaza-yaza belə barmaqlarınızı düşünüb pis oluram. Mən təklif edirəm ki, barmaqlarınız sağalan kimi, onları sığortalayın. Nə bilmək olar, bəlkə yenə bayraq qırmağa sizi çağırdılar.

Hörmətli, Əhəd müəllim, bir daha bizi Nobel mükafatının sahibi olan Markesin vətəni Kolumbiyada tanıtdığınız üçün dərin təşəkkürlərimi bildirir və sizin növbəti dəfə Ermənistan bayrağı yerinə başqa bayraqları qırmağınızı səbirsizliklə gözləyirəm.

# 1392 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
# # #