Söyüşü özümüzə qaytaranlar

Mehdi Dostəlizadə, yazar

Mehdi Dostəlizadə, yazar

12 avqust 2022
# 11:20

Kulis.az Mehdi Dostəlizadənin “Tiryək” adlı yazısını təqdim edir.

Qələbənin atası çoxdur, məğlubiyyət isə yetimdir.

“Neftçi” 2-0 hesablı məğlubiyyətlə Konfrans Liqası ilə vidalaşdı. Bu hadisəyə heyfsilənən, məyus olan nə qədər çox olsa da, sevinənlər də az deyildi.

Bəli, “Neftçi” qalib gələndə flaqmandır, uduzanda isə “Qarabağ”ın yanında heç nədir.

Bəli, heç kim inkar etmir ki, “Qarabağ”ın oyunu “Nefçi”nin oyunu ilə müqayisəyə belə gəlmir.

Bəli, “Neftçi” qalib gələndə azərbaycanlılar bütün güclülərin yanında olduğu kimi onu dəstəkləyir, uduzanda isə bütün zəifləri tərk etdiyi kimi onu tərk edir.

Bu təkcə “Nefçi”yə aid deyil. İstənilən klub qələbə qazananda hamımız onun fanatı oluruq. Çünki bizdə hələ azarkeşlik anlayışı tam formalaşmayıb. Biz klubların yox, qələbələrin azarkeşləriyik. Məğlubiyyəti gözümüz götürmür.

Sabah “Qarabağ” məğlub olsa (Allah uzaq eləsin) stadionu dolduran on minlərlə azarkeşin əksəriyyəti “əşi, bizdə futbol yoxdur da” deyib futbolçuları söyəcək. Onlar “Avrokubok azarkeşləri”dir. Onlar qələbə azarkeşləridir. Həmişə dəstəklədiyin klubun yanında olmaq anlayışları yoxdur. Futbol azarkeşi olmaq sadəcə qələbədən zövq almaq deyil, məğlub olanda da klubun yanında olmaqdır.

Düşünün ki, övladınız uğur qazananda qohum-qonşu içində onu bəh-bəhlə tərifləyirsiniz. Düçar olduğu ilk uğursuzluqda isə onu övladlıqdan rədd edirsiniz. Belə şey mümkündür? Doğrusu, azərbaycanlılar üçün mümkündür. Biz ki, universitetə qəbul olmayan uşaqlarımıza “get özünü as” deyənlərik.

“Nefçi”nin məğlubiyyətinə sevinən adamlar elə bu təfəkkürün nümayəndələridir. Səhvlər, düzlər, doğrular, yanlışlar, bunlar hamısını birlikdə sevmək lazımdır – əlbəttə, həqiqi azarkeş olmaq üçün. Yoxsa, qara bazarda 5 manatlıq biletləri 20 manata satan adamlara baxmayaraq oyuna girmək üçün pulundan, vaxtından keçən adamlar məğlubiyyət üz verən kimi məşqçini də, futbolçunu da, Azərbaycan futbolunu da söyürlər, qalırıq belə.

Onsuz da, gündəlik stressin, problemlərin içində pənah apardığımız tək-tük yerlərdən biri elə futboldur. Hələ öz klublarımız olanda daha çox stress atırıq (hərdən əsəbiləşirik, amma onun da ayrı ləzzəti var, bax: mazoxizm). Futbolun inkişaf etməsi üçün azarkeş dəstəyi tam olmalıdır. Digər məsələləri həll etməyə əlimiz çatmasa da, ən azından bunu edə bilirik.

Sözümüzün canı ondan ibarətdir ki, dəstək olmuruqsa, köstək də olmayaq. Sabah ağzımızdan söyüş, təhqir əskik olmayacaqsa, heç o stadionları doldurmaq lazım deyil. Özümüzə niyə əziyyət veririk ki? Televizoru da söndürək, oyuna baxmayaq, işimizlə məşğul olaq. Təki sosial şəbəkələrdə nifrət qusmayaq. Axı təhqirlərimizi klubun oyunçuları da görür. Bəlkə, onlar bilə-bilə pis oynayırlar ki, bizim söyüşlərimizi özümüzə qaytarsınlar?

# 3309 dəfə oxunub

Oxşar xəbərlər

Ölkədəki cinayətlərin əsl səbəbi nədir?

Ölkədəki cinayətlərin əsl səbəbi nədir?

11:53 24 iyul 2024
Elza Seyidcahan Gömrük Komitəsindən nə istəyir?

Elza Seyidcahan Gömrük Komitəsindən nə istəyir?

15:30 22 iyul 2024
Bundan başqa sözün düzünü yazan yox imiş

Bundan başqa sözün düzünü yazan yox imiş

12:20 22 iyul 2024
Tıq-tıq xanım özünə pullu ər axtarır

Tıq-tıq xanım özünə pullu ər axtarır

09:00 20 iyul 2024
Gözəlliyə və qadınlara biganə olmayan çılğın kişi

Gözəlliyə və qadınlara biganə olmayan çılğın kişi

17:00 19 iyul 2024
Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
# # #