Rafiq Tağı ölən gün Bakıda nə baş vermişdi?

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

11 avqust 2022
# 08:55

Kulis.az Zamin Hacının “Astaraya səyahət” adlı yazısını təqdim edir.

Aleksandr Sergeyeviç Puşkinin “Ərzuruma səyahət” adlı yol qeydlərini oxuyandan dərhal sonra yolum Astaraya düşmüşdü. İndi internetin genəlməsi, camaatın səfərlərinin adiləşməsi mətbuatda yol qeydləri janrının sanki aradan qalxmasına gətirmişdir. Ancaq lazımdır. Düşünürəm hər birimiz getdiyimiz yerlərdən yazmalıyıq. Bizə elə gəlir hamı hər şeyi bilir. Sokrat da belə fikirləşirdi, axırı nə oldu?

Əlbəttə, mən filosof deyiləm, Puşkin qədər də gopa basa bilmərəm. Məsələn, dəli şeytan deyirdi indi götür burda belə şey yaz: “Salyanı keçəndə Rafiq Tağının Masallıya aparılan cansız cəsədini gördüm. Onunla Bakıda, Xaqani küçəsində çayxanada çay içib söhbətləşməyimizi xatırladım”. Orda Puşkin Tehranda doğranılan Qriboyedovun meyiti ilə Qafqaz dağlarında rastlaşmağını təsvir etmişdir, ancaq elmi araşdırmaçılar isbat ediblər ki, Puşkin yolda belə bir şey görə bilməzmiş. Biz belə yalan yazsaq, heç Bakıda heykəlimizi qoymazlar.

Rafiq Tağı basdırılan gün Bakıda bir çovğun qopmuşdu, deyərdin qiyamət günüdür. Qar yolları bağlamışdı. “Yerlər, göylər ağlayırdı”, ancaq bilmirəm kimə. Tağıya, yoxsa bizə.

Bizim bütün cənub bölgəsində isə elə 200 il əvvəlki məhərrəmlik ruhu hökm sürürdü. Neçə yerdə kəndlərdə ehsan məclisləri görərsən. Aşura günü az qala bütün həyat dayanmışdı. Dükan-bazar, hər yer bağlı idi. Əlbəttə, yolumuz Qərbə deyilsə, mütləq Şərqə olacaqdır. İnsan harasa getməlidir. Türk şairi Qısakürək yazmış: “İnsan bu, su misalı, qıvrım-qıvrım axar ya”. Necə deyərlər, indi söz əlaqədar təşkilatlarındır. Bu incə kəndirin üzərində dayanmaq, tarazlığı qorumaq işinizdə sizə uğurlar, can sağlığı diləyirəm, biz tərəfdə havalar yaxşı keçir, Allaha həmd olsun.

Camaata da yaxşı olar çoxlu iş yerləri yaradaq. Yoxsa şəxsən mənim pisimə gəldi ki, Astarada çay içmək üçün dükandan aldığım südlü şərbətin üstündə “Şəki şəhəri, fiziki şəxs İslamov” yazılmışdı. Yemək yediyin yerdə isə (belə bir yer tapmağın nə qədər çətin olduğunu da qeyd etməyi özümə borc bilirəm) sənə gürcü limonadı və Naxçıvan suyu təklif edirlər. Sanki bu boyda bölgənin öz suyu yoxmuş. Ən çox yağış yağan yerimizdə!

Bir də əlaqədar təşkilatlardan xahiş edirəm, hətta vəziyyət gərginləşsə tələb də edə bilərəm ki, Bakıdan Astaraya qədər 300 kilometrlik yolda nəhayət bir ayaqyolu düzəltsinlər. Ola bilər kiməsə şişirtmə görünsün, ancaq həqiqətən belə bir müəssisə bu məsafədə yoxdur. Yol çəkilib, qəşəng, bəzəkli istirahət zonaları yaradılıb, bu zonaların heç biri işləmir. Qapısı bağlıdır. Bilmirəm, bəlkə bunun da hansısa təriqətlə əlaqəsi var? İnanmaq istəmirəm. Uçan makaron canavarı köməyimiz olsun. Tərslikdən yol da düzənliklərdən keçir, dalına keçməyə ana yurdun bir ağacı, kol-kosu tapılmır. Bu, ölkəmizin müsbət imicinə ziddir.

Ümumiyyətlə, fikir versəniz son dövrlər nəqliyyat sektorunda müəyyən çətinliklərlə üzləşirik. Bakıda dözülməz tıxaclar yaranır. Hələ yaydır, tələbələr rayona gedib talvarda yatırlar, bəs onlar elm işığına, paytaxta axışanda bizim həyatımız nə kökə düşəcəkdir? Bir dəfə paytaxtın nəqliyyat idarəsi hətta belə bir xəbər yaymışdı: “Hazırda Bakıda 159 marşrut üzrə avtobusların hərəkətində ləngimə yaranır, sərnişinlər nəzərə alsınlar”. (Yəni, gedin kreditlə özünüzə “Primus”dan-zaddan alın). Hələ də mövzunu başa düşməyən varsa, açıqlayıram: Bakıda cəmi-cümü 177 ədəd marşrut var. Bu marşrutlardan 159-u tıxaca düşübsə, neçə marşrut yeriməkdədir? Ay sağ ol, cəmi 18 istiqamət, avtobus nömrəsi qalır. Bunu tapan yoldaşları birinci qrupa qəbul elədim, ta özünüzü öldürməyin.

Bizim rəqəmsal inkişaf və nəqliyyat nazirimiz var, gənc yoldaşdır. Keçən ay Pirallahı adası tərəfdə triatlon yarışına qatılanlar arasında o da vardı. Adətən minusları yazırlar, ancaq biz məmurlarımızın müsbət cəhətlərini görməliyik. Təsəvvür elə, hazırda bizdə triatlon yarışına qatılan ən azı 3 nazir var və onlardan biri məhz rəqəmsal inkişaf və nəqliyyat naziridir. Əla nəticədir. Triatlon üç idman növünü bir növdə birləşdirən əcaib çətin idmandır. Burada yarışçılar üzür, velosiped sürür və qaçırlar. Dayanmadan. Klassik triatlonda məsafələr bu cürdür: 3,8 kilometr üzmək, 180 kilometr velosiped sürmək və marafon – 42 kilometr qaçmaq. Təsadüfi deyil ki, buna “İronman” distansiyası deyirlər. Yəni, Dəmir adam.

Düzdür, bizim nazirlərin iştirak elədiyi “Yarım Dəmir adam” üsulu idi. Burada 1,9 kilometr üzür, 90 kilometr velosiped sürür, 21 kilometr qaçırlar. Ancaq bunun özü də olduqca çətindir.

Dünya şöhrətli yazıçı Haruki Murakami “İronman triatlon” üzrə dəfələrlə yarışa qatılmışdır. 18 dəfə isə marafon qaçıbdır. İndi siz hörmətli Rəşad müəllimi – AYB katibi Rəşad Məcidi 100 metrə qaçarkən təsəvvür edin. Məncə AYB nəzdində idmana ciddi fikir verməliyik. Hamısı sədrə qoşulub qəlyan çəkir, Səhiyyə Nazirliyini də veclərinə almır.

Biz isə qayıdaq Rəşad müəllimin adaşının yanına. Mənim qənaətimə görə nəqliyyat nazirimiz Bakıda hərəkət eləməyin çətinlikləri üzündən triatlonla məşğul olmağa başlamışdır. Məcburdur.

Birincisi, xalqa xidmət üçün işə başlayarkən görsən gecikirsən, başlayırsan qaçmağa. Sonra velosipedlə davam edirsən. (Bəlkə NK-da müşavirə var?). Bu da mümkün olmayanda dənizə girib üzürsən. Yəqin Əhmədlidən İçərişəhərə dəniz üzərindən elə 2-3 kilometr olar.

Hələlik bu qədər, müəllif də Astaradan Bakıya qayıtmağa çalışır. Yolçu yolda gərək. Di salamat qalın.


# 3505 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #