Körpə uşağı niyə yol qırağına atıblar?

Körpə uşağı niyə yol qırağına atıblar?
18 yanvar 2023
# 16:40

Kulis.az Samirə Əşrəfin "Küçəyə atılanlar" adlı yazısını təqdim edir.

Yenə küçəyə bir uşaq atılıb. İlin bu vaxtında, qışın sazağında, gecənin qaranlığında dünya gözəli, yenidoğulmuş uşaq soyuğa davam gətirməyib. Donaraq ölüb. Özü də, necə donub?

Adətən, topdan satış mərkəzlərində böyük əşyalar yığmaq üçün satılan nazik, amma irihəcmli klyoklara, el dili ilə desək, bazar cığarasına büküb həmin uşağı yol kənarına atıblar. Kilosu beş-altı manata olan üç kiloluq toyuq kimi.

Orada o uşağın başına donmaqdan başqa insanlıq adına hər şey gələ bilərdi. Maşınların iri təkərləri bu üç kiloluq canlının üstündən o başa-bu başa keçib asfalta yapışdırardılar. Və yaxud da, it, pişik parçalaya bilərdi. Amma uşağın bəxti varmış.

Bir insanın etdiyi murdarlığın üzərinə başqa bir insanın bilərəkdən və ya bilməyərəkdən edə biləcəyi başqa murdarlıq gəlməyib. Uşaq üzüsulu ağlayaraq gəldiyi dünyadan səssizcə, sakit vəziyyətdə çıxıb gedib. Yəni ölüb.

Statistika məlumatlarına bir insan ölümü də əlavə olunub. Bu ilin sonunda aparılan hesablamalarda həmin uşaq da qeyd olunacaq. Onu dünyaya gətirən ana harada, nə işlə məşğul olacaq, allah bilir. İndi kimsə böyürdən çıxıb deyəcək ki, ananın nə təqsiri var, yəqin saxlamağa gücü çatmayıb. Ana bilsə ki, uşaq donub öləcəkdi, küçəyə atmazdı. Yəqin yol kənarına qoyub ki, kimsə görüb götürsün və s.

Bəlkə də, uşağı dünyaya gətirən qadın cavan olub, ailə, namus, qohum əqrəba qınağından qorxub uşağını kiməsə verməli, küçəyə atmağı üstün hesab edib.

Bəsdirin. Heç nə, heç bir halda valideynin, üstəlik də ananın uşağını klyoka büküb küçəyə atmasına bəraət qazandıra bilməz!

Bir ana, nəinki ana. Nənə, xala, bibi, rəfiqə, qonşu, hətta düşmən qadın belə bir körpə uşağı klyoka qoyub küçəyə, yolun kənarına qoyursa, onun insanlıqdan xəbəri yoxdur.

Hər dəfə yazı yazanda, çalışıram ki, kitab oxumaq məsələsinə toxunub mollabaşılıq eləməyim. Amma olmur, vallah olmur. Canımız boğazımıza yığılıb. Eyni şeylər cəmiyyətdə necə baş alıb gedirsə, biz çatdırıb baş verənlərə münasibət də bildirə bilmirik. İndi də bu hadisə...

Tiktok dövrünün adamlarından bundan artıq heç nə gözləmək olmaz. Bilmirəm, mənim bəxtimdəndir, ya nədir, nə vaxt tiktoka girirəmsə, qarşıma ölkənin ən abırsız, ən murdar adamları gəlib çıxır. Biri dombalaq aşır, o, biri sinəsini açıb ehtiraslı səslə danışır, digəri, uşağını dingildədib pul dilənir. Alqoritm desəniz, həftədə iki dəfə o xarabaya girmirəm. Amma niyəsə mənim qarşıma çıxır bu gic-gic söhbətlər.

Adamlar bikardılar. Ciddi şəkildə işsiz-gücsüz, top-topa adamlar hara gəldi gedirlər, gəlirlər, bir-birlərinə pul ata-ata yaşayırlar. Biri lampıçka satır, üstünə əlli qəpik artıq qoyur, o biri qəlib ondan lampıçka alıb üstünə bir manat qoyub aparıb usta işlədiyi evin sahibin satır. Ev sahibi də ustaya pul vermək üçün kiminsə balasından, oğlundan, qızından rüşvət alır. Rüşvət verən də, kiməsə...

Kifayət edir? Bəsdir? Beləcə hər şey zəncirvari hərəkət edir. Zəncir demişkən. Deyir, ağıllınız kimdir, deyirlər qabaqda gedən zəncirli. İndi bizim cəmiyyətimiz də zəncirlilərin ümidinə qalıb.

Adamlar, daha doğrusu, xalq dediyimiz kütlə tiktokda yatıb. Pulu da orda qazanırlar, sevgini də orda axtarırlar, orda özlərini bütün anlamlarda ifadə edirlər. Sənət, ədəbiyyat, kino, teatr da qalıb allah ümidinə. Ömründə bir kitab üzü açmayan adamın sevgisindən ciddi heç nə gözləmək olmaz. Heç nə.

Bayaq yolda işə gələndə, yanımda səliqəli bir rus xanımı oturmuşdu. Bir az açdı sosial şəbəkələrə girdi. Deyəsən, elə tiktoka göz gəzdirdi. Sonra telefonunun internetini söndürdü. Kitab bölməsini açdı virtual kitabını qaldığı yerdən oxumağa başladı.

İndi, bəlkə də, o, uşaq böyüyüb gələcəyin Üzeyir Hacıbəyovu, Mirzə Ələkbər Sabiri, Axundovu, Tolstoyu, Çexovu, mən nə bilim Leanordo da Vinçisi olacaqdı. Bəlkə də, bunların heç biri olmayacaqdı. Amma sağ qalacaqdı, yaşayacaqdı.

Gözü açılmayan, bir damcı ağzı, burnu, gül kimi yumulan o, uşağın günahı bizim hamımızın boynuna yazılır, bunu bilin. Qonşunun evində olandan bizə nə deməyin. Dünyanın o başındakı kimsəsiz yerlərdə axan bir damla nahaq göz yaşının da bizə dəxli var. Çox var həm də. Bu uşağın da on altı yaşlı qızları qoca-qoca kişilərə ərə verən, azad sevgiyə, münasibətlərə, boşanmalara qarşı çıxan, qızların qaşlarının arasını, ətəklərinin altını güdən, evlənə bilməyən, amma bir-birini sevərək ayrılmağa məcbur olan gənclərə, bir sözlə hər şeyə, hər kəsə dəxli var.

Yadıma düşmüşkən, özümlə bağlı bir əhvalatı da, yazıb yazını tamamlayıram. Rəhmətlik anam danışırdı. Deyir ki, bir dəfə bərk azarlamışam. Hardasa iki aylıq olmuşam. Qızdırmam çox olduğundan həkim bir həftə xəstəxana şəraitində yatmağı məsləhət görüb. Üzü bəri çönəndə, yəni sağalana yaxın anam məni bərk-bərk ədyala büküb şər qarışanda, xəstəxananın həyətində gəzməyə çıxarıb. Elə həmin vaxt hardansa bir sürü it xəstəxananın həyətinə doluşub. Anam mən də qucağında qaçmağa başlayıb. Sonra görüb qaçmağa heyi yoxdu. Dayanıb. Yerdən bir ovuc daş götürüb itləri daşa basıb. Bir az keçib daş da qutarıb. Mən ağlamağa başlamışam. İtlər anamın lap yaxınlığına çatıblar, diqqətlə təngnəfəs olan anama, bir də mənə baxıb sonra qaçıb uzaqlaşıblar.

# 2208 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #