Fahişə ilə evlənmək qəbahətdirmi?

Fahişə ilə evlənmək qəbahətdirmi?
17 iyun 2022
# 15:00

Kulis.az Mehdi Dostəlizadənin “Evin yadigar qızı” yazısını təqdim edir.

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Məmməd Araz

Yenə “Elgizlə izlə” verilişi və yenə də ələ salınan, təhqir olunan, alçaldılan bir vətən övladı. Son günlər Fərid adlı bir gənc trendi fəth edib, nəymiş-nəymiş barda bir qız sevibmiş, onunla evlənmək istəyibmiş. Burda “vau!” deyiləcək nə var, onu anlaya bilmirəm. Anlaya bilmirəm ki, Fərid adlı bir gəncin, yaxud filankəsin və ya bəhmənkəsin kiçik sevgi hadisəsi niyə gündəmə gəlir və biz niyə buna şaqqanaq çəkib gülürük. Onu da anlaya bilmirəm ki, mən indi niyə yalan danışıram. Axı niyə belə olduğunu, əslində, anlayıram.

Anlayıram, başa düşürəm – anlamaq adı altında nə varsa hamısını edirəm.

Gəlin birlikdə verilişdə, ümumiyyətlə, Fəridin məsələsində işlədilən ifadələrə, deyilən sözlərə nəzər salaq və onları anlamağa çalışaq.

Fikir 1 (Fəridin niyyəti)

Evlənmək üçün Elgizin verilişinə çıxmaq.

Bunun səbəbi çox sadədir – həmişə gileyləndiyimiz cəhalət, bir az da bu cəhalətin üstünə əlavə edilmiş səriştəsizlik. Elə vəziyyətdəyik ki, kimisə cahil və ya səriştəsiz olduğuna görə qınaya bilmərik. Çünki bu ümumbəşəri problemdir və belə insanlar həmişə olublar. Cəhalət elə bir şeydir ki, ondan qurtulmaq üçün radikal addımlar atılmasa, boş-boş “camaatımız kitab oxumur, a dağlar” bağırmaqla heç nə düzəlməyəcək. Üstəlik, kitab oxumaq da cəhalətdən qurtuluş metodu deyil.

Fəridi və onun timsalındakı digər saf niyyətli insanları kitabxanaya salıb Maksim Qorkinin hekayələrini oxutmaqla ölkədə heç bir problem düzəlməyəcək. Yaxşı olar ki, başqa üsullara əl atmağı yoxlayasınız, əziz bakılılar və şəhərimizin qonaqları.

Əsas qınaq obyektinə çevrilməli olan şey bu cür insanların hissləri ilə oynayıb onlardan pul qazanan şarlatanlardır.

Fikir 2 (Fəridin sevgisi)

Bara gedib orda işləyən ofisiantı sevmək. Ümumiyyətlə, evlənmək üçün çöllərə düşüb qız axtarmaq.

Fərid Sumqayıta çatmamış yolun qırağında bir bara girib və ordakı ofisianta bir könüldən min könülə aşiq olub. Düzü, hələ qızın adını da bilmir. Ofisiant Fəridə yaxınlaşıb sifariş götürən kimi qəhrəmanımız deyib ki, “evim var” (Məndən olsa, bu ifadəni bir neçə dəfə ard-arda yazardım. Amma yeni üsul tapmışam. Əgər siz də “sekiz yaşındaysanız ve Seymur Baycana aşıksanız”, həmin cümləni bir neçə dəfə oxuya bilərsiniz).

Demək ki, Fəridin sevgi anlayışı bundan ibarətdir. Bunun da səbəbi çox sadədir – elə birinci bənddə bəhs etdiyimiz şey.

Küçələrə düşüb sevgi axtarışına çıxmaq isə uğursuz cəhddir. Heç kim küçələrə düşüb həyatının eşqini tapa bilməz. Heç evdə oturaraq da tapa bilməz. Sevəcəyiniz kiminləsə mütləq rastlaşacaqsınız, hətta dəfələrlə sevəcəyiniz insanlarla rastlaşacaqsınız. Buna görə də küçə-küçə düşüb qadın axtarmağa ehtiyac yoxdur. Sadəcə olaraq həyatınızı yaşayın, hobbilər tapın, məşğuliyyətlərə yiyələnin, boks kisəsinə yumruq atın, özünüzü inkişaf etdirin... Son günlər Rövşən Abdullaoğlu oxumaqdan başımı tamam itirmişəm. Rədd eləyin getsin, əziyyət çəkməyin. Qoyun evlənəcəyiniz adam özü gəlib sizi tapsın. Heç bir qadın uğurunda əziyyət çəkilməyə layiq deyil.

Fikir 3 (Şəfiqə və dostları)

“Aaaaaa, barda işləyən qızla evlənəcəksən?”

Bu zehniyyətin problemi budur. Ar olsun! Barda işləmək qəbahət deyil. Lap tutaq ki, qəbahətdir, qəbahəti olan adamla evlənmək də niyə kimisə narahat etməlidir? Seks işçisi ilə də evlənmək qəbahət deyil. Əgər qanun sənin kiminləsə evlənməyinə qadağa qoymursa, demək ki, onu etmək qəbahət deyil.

Barda işləyən adamla evlənməyin qəbahət olduğunu düşünən şəxsin hüquqşünas olmasını isə hansı normal hüquqşünasa desən, buna insan haqları ilə gülər.

Milli-mənəvi dəyərlərin fonunda məhv edilən insani hissləri kimin ayağına yazmalıyıq? Mən bir qədər baş sındırmışam, ora-bura baxmışam və görmüşəm ki, belə axmaq-axmaq fikirlərin kökü heç bir dinə, inanca söykənmir. Milli-mənəvi dəyərlərdən dəm vuran adamlar gedib mənəvi söz-söhbətlərə vaxt xərcləsələr görərlər ki, mənəviyyatın əxlaqsız hesab etdiyi adamlar elə onların özləridir.

Bu sərsəmliyin kökü elə Qafqazın axmaq adətləridir. Bu adətlərdən sıyrılıb qurtula bilsək, Şəfiqə və onun dostlarının dilini qısalda bilərik. Haydi dostlar, soyunun.

Fikir 4 (İşsizlik, yetimlik, tənhalıq)

“Bunun özü heç işləmir axı, Allahına şükür eləsin ki, işləyən qız tapıb”

Fəridi alçaldan aparıcı xanım heç Fəridə işsiz-gücsüz deməzdən əvvəl ölkədəki işsizlərin sayına baxıb? Xəbəri varmı ki, bütün çayxanalar, kafelər işsiz və təhsilsiz adamlarla doludur? Görəsən, həmin xanım o studiyadan kənara çıxıb, yoxsa ömrünü-gününü orda yelə verir?

Həm də, işsiz olmaq sizin yerinizdə olmaqdan daha yaxşıdır, əziz “Elgizlə izlə” verilişində aparıcı işləyən xanım. Mənə saatına bir milyon dollar da təklif etsələr, düzdür, işləyərəm. Amma... Nə bilim. Məncə, sizə hər saat üçün bir milyon dollar təklif etmirlər və səviyyəniz gördüyünüz işlə düz mütənasibdir.

Burda həm də paxıllıq faktoru var. Fərid gedib bardan, restorandan özünə həmdəm tapa bilir, amma o verilişdə oturan adamlar yetim-yesiri ələ salmaqdan başqa heç bir iş görə bilmirlər. Axı yetim əlində qoğal əcaib görünər. Həmin xanım özü də çaş-baş qalıb ki, ələ saldığım, yuxarıdan aşağı baxdığım Fərid necə olub ki, özünə yol yoldaşı tapa bilib?

Yekun

Fərid məndə çox xoş təəssürat yaratdı. Fərid mirvarilərini donuzlara atır. Fərid safdır, təmizdir.

Fəridin sevdiyi qız isə onu aldadıbmış. O ofisiant olan. Əvvəl deyib ki, 18 yaşım var, sonra üzə çıxıb ki, 34 yaşı var, oğlu da əsgərlikdədir. Fərid çox safdır. Fəridi qucaqlamaq istəyirəm. Fərid, getmə o verilişə. Gəl, qərdeşün sənə qız təşkil eləsin.

# 7370 dəfə oxunub

Oxşar xəbərlər

# # #