Əmisi oğlunu gey olduğu üçün öldürən axmaq

Əmisi oğlunu gey olduğu üçün öldürən axmaq
21 iyul 2022
# 09:00

Kulis.az Zamin Hacının "Nəsillikcə cinsi əlaqə üsulu" adlı yazısını təqdim edir.

– Siz qəribəsiz, qəzet oxumursuz, aşkarlıq nədir bilmirsiz, qəzetlərdə elə maraqlı şeylərdən yazırlar ki! Nə baş verdisə, dərhal yazırlar! Mən necə də xoşbəxtəm! Ay, Allah! Qəzetlərdə ancaq məşhurlardan yazırlar, birdən-birə mənim haqqımda da!

– Həqiqiii? Harda?

Atasının rəngi qaçdı. Anası divardakı surətə baxıb xaç çəkdi. Gimnazist qardaşlar otağa yataq geyimlərindəcə sıçrayıb, böyük qardaşlarına yaxınlaşdılar.

– Bəli-bəli! Haqqımda yazıblar! İndi mənim barəmdə bütün Rusiya bilir! Hə, anacan, bu qəzet nömrəsini xatirə kimi saxlayın! Aradabir oxuyacağıq! Bir baxın!”

(Anton Çexov, “Sevinc” hekayəsindən)

Fevral ayında Balaxanı kəndində bir axmaq öz əmisi oğlunu vəhşicəsinə öldürmüşdü. Sözün əsl mənasında bıçaqla doğramışdı, başını kəsmişdi. Qurban bloqer və cinsi azlıq nümayəndəsiydi. O üzdən cinayət hər kəsin diqqətini çəkdi. Hətta ABŞ səfirliyi qurbanın haqqında bəyanat yaydı, hadisəni pislədi.

İndi qatilin məhkəməsi gedir və təxminən 24-25 yaşlarında olan bu axmaq hərəkətinə görün necə haqq qazandırmaq istəyir: “Nəslimizin adını batırırdı. Ona görə öldürdüm”.

Cinsi azlıq nümayəndəsi olmaq nəslə qara ləkə imiş, ancaq qatil olmaq yox. Belə bir vəhşi cəmiyyətdə yaşayırıq. Oxuculardan üzr istəyirəm, kiminsə ayaqlarının arası həyatdan önəmli sayılır. Adamlar, başıpozuq gənclər bu tərbiyəni kimdən alırlar? Dindən, saxta mentalitetdən, cinsi azadlıqlara barmaqarası yanaşan hüquq-mühafizə orqanlarından, qulağının dibindən bozbaş iyi gələn bambılı ağsaqqallardan, qeybət, şər, iftira qaynağı ifritə ağbirçəklərdən. Bu kateqoriya o qədər geniş tərkiblidir ki, sabaha qədər saya bilərəm. Qoy yenə bir neçəsini sayım, qıraqda qalmasınlar: rüşvətxor müəllimlər, saxta diplomlu həkimlər, yalançı jurnalistlər, meyxana deyənlər, muğam qavalı fırladanlar, it boğuşduranlar, xoruz döyüşdürənlər, məhəllə güdənlər, təsbeh fırladanlar, qəlyan püləyənlər, küçədə süləyənlər, geyim-kecimə güləyənlər... Qeyrət dağarcıqları, namus torbacıqları, abır kisəcikləri, həya vedrəcikləri...

Bu tiplər şəxsi həyat, insanın toxunulmazlıq hüquqları nədir, qanmazlar. Onlara elə gəlir ki, mütləq başqalarının şortikinə, sırğasına, saçının rənginə, donunun uzunluğuna mız qoymalıdırlar. Dünən “Elmlər”də metroya minirdim, perronda bir ağbirçək yüngül dekolteli qızı yanındakı başqa ağbirçəyə göstərib hamının eşidəcəyi tərzdə mırıldanırdı: “Bunun yiyəsi yoxdur ey, olsa belə geyinməzdi!” Tərslikdən, qız qulaqlıq taxıb nəsə başqa söhbəti dinləyirdi və onun yiyəsizliyi haqda bu dəhşətli məlumatı yalnız biz eşitdik.

Cinsi azlıqlara, hətta cinsi çoxluqlara və ümumiyyətlə, cinsi münasibətlərə klassik Şərq-müsəlman yanaşması o qədər riyakarlıq, yalan, saxtakarlıqla örtülüdür ki, şəxsən mən bu temalara artıq iyrənə-iyrənə toxunuram. Ürəyim bulanır bu ikiüzlülükdən. Həmişə də belə olub. İstəyənlər Mirzə Cəlili oxusunlar. Qəzetsatan uşağı qucağına oturdan məşədilər haqda dəhşətli felyetonu oxusunlar. “Ölülər”dəki balaca qızların taleyini yada salsınlar. Sabirin şeirlərini əzbərləsinlər. Sabir Balaxanıda müəllim işləmişdi ömrünün sonunda. O dərslərin bir qram əhəmiyyəti olmayıb.

İndi Balaxanının Türkiyənin populyar kurortu Alaçatı stilində bəzək-düzək vurulmuş küçələrinə yolunuz düşəndə bu uydurma dekorların arxasında axıdılan günahsız qanları, məhv edilən taleləri, yazıq, bədbəxt adamları da düşünərsiniz.

Mənə qatilin “əsaslandırması” maraqlı gəldi. Görəsən, bunların nəsli hansı şərəfli-şöhrətli ada malik imiş ki, cinsi azlıq olan üzv nəslin bu adını batırırmış? Allaha şükür, indi internet əsridir, istənilən adam, nəsil, şəcərə haqda, yalan olmasın, yeddi arxa dönəminə qədər məlumat, informasiya, şəkil, video tapmaq mümkündür.

Mən qatil və qurbanın nəsli haqda axtarış verdim, şoka düşdüm. Sən demə bunların nəslində yeddi Nobel mükafatı laureatı, beş Azərbaycanın Milli Qəhrəmanı, dörd Sovet İttifaqı Qəhrəmanı, iki Sosialist Əməyi Qəhrəmanı, bir nəfər Antarktidanı kəşf eləyən, üç nəfər “Barselona”nın oyunçusu, on olimpiya çempionu, doqquz AYB üzv, səkkiz impressionist, iki dadaist, beş sürrealist rəssam, iki “Oskar” ödüllü rejissor, iki “SOCAR” mükafatı laureatı varmış.

Əlbəttə, bunlar hamısı qara yumordur. Bu nəslin adı-zadı yoxdur, biləsiniz. Olmayan adı necə batırırmışlar? Bu nəslin adını dilə-dişə salan yeganə hadisə isə elə əmioğlunun başının kəsilməsi əhvalatıdır.

“Adsız dəyirmanda xoruz olur” məntiqiylə yanaşsaq, inkar etmirəm, bu nəslin nəsə adı ola bilərdi. Məsələn, ola bilsin ulu babaları yaxşı dabbaq olub. Yaxud, qəssab. Nə bilim, oğru, yolkəsən, quldur. Bundan heç kim sığortalanmayıb. Bir ingilis yumorunda deyilən kimi: “Yüz min funt verib nəsil şəcərəsini öyrəndi. Ancaq sonra bunu ört-basdır etməyə bir milyon funt xərclədi”.

Həmçinin, kimsə cinsi əlaqəyə girəndə bunu nəsillikcə eləmir, hörmətli vətəndaşlar. İstər ənənəvi əlaqə olsun, istər qeyri-ənənəvi. Bu, fərdi aktdır. Əlbəttə, qrup halında da mümkündür, bəlkə bəzi nəsillərdə bu üsul populyardır, deyə bilmərəm.

Yazını isə şairin misraları ilə bitirirəm:

“Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən nəsilə bir yadigardır”.


# 8363 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #