Bürclərə inanmaq cahillikdir

Bürclərə inanmaq cahillikdir
3 avqust 2023
# 15:00

Kulis.az Rəvan Cavidin "Bürclərə inanmaq cahillikdir" adlı yeni yazısını təqdim edir.

Keçən əsrin altımışıncı illərində populyar bir düşüncə tərzi yaranmışdı. Dinləri və milli təfəkkürü, eyni zamanda mentaliteti inkar etmək dəb halını almışdı.

Sovet ölkələrinin sosialist yuxularından kənarda – Köhnə və Ən Yeni Dünyada hippiləşmə, deistləşmə, rokçular və rolnçuların asi mədəniyyəti, ateizm, satanizm və digər “...izm”lər norma qəbul edilirdi (sosializmin ateist düşüncə tərzi ilə Qərbin ateizm anlayışı da fərqlənirdi). Gənclər deist düşüncə tərzinin daha böyük mədəniyyət quracağına inanmışdı. Kilsəni, məscidi, sinaqoqu inkar edirsənsə, deməli, modern, dünyagörüşlü və yenilikçi birisən. İnkar etmirsənsə, cahil, kəmsavad və yararsızsan. Modern mədəniyyət “qızıl ortanı” axtarmırdı: inkar mübarəkdir, - “Dədə Qorqud”da deyildiyi kimi.

Qədim və yeni mədəniyyət arasındakı körpünü elə o dövrlərdə postmodernizm quracaqdı. Musiqi dəyişdi, ədəbiyyat dəyişdi, sinematoqrafiya dəyişdi, dəb dəyişdi, fəlsəfə məktəbləri dəyişdi, memarlıq dəyişdi, geopolitik düşüncə dəyişdi.
İkinci Dünya müharibəsindən sonra qərblilər başa düşdü ki, Allah onları bombaların əlindən qurtara bilmir və onlar da dəyişdi.

Elm, sənət, memarlıq, ictimai təfəkkür inkişaf etdi. Bilinməyənlərin axtarışı başladı. Ulduzlara yol açıldı. Sənət həm mürəkkəbləşdi, həm primitivləşdi. Köhnə mədəniyyətin yerini rekamlar və brendlərin papsa kultu altı.
Həqiqət dəyişdi – post-tru dövr başladı. Siyasətçilərin yalan bazarı, sənətçilərin inkar rəfləri quruldu. Dini təriqətləri terror qruplaşmaları, orduları muzdlu döyüşçülər “istehsal edən” holdinqlər əvəz etdi.

“Novos Ordo Seclerum” (Yeni Dünya Nizamı) xofları bir az da tündləşdi. Gizli təşkilatların açıq-aşkar “reklamı” gizli servislərin işlərinə qara pərdə çəkdi. Hər kəs kulisdə baş verənləri bildiyini zənn edirdi, amma heç kim heç nə bilmirdi.
Zaman keçdikcə modern düşüncə özünün yeni bütlərini yaratdı. Və Fransada təşəkkül tapan renessans və islahatlar dövrünün yıxıb dağıtdığı skolastik düşüncə tərzinin yeni mərhələsi yarandı.

Modern dövrün uşaqları qəliblənmiş həqiqətləri öyrənməyə vərdiş etdi. Beləcə, yeni elmin və yeni sənətin sürətli inkişafı axsamağa başladı.

Gənclərin bürclərə yaranan marağı da məhz bu dövrə təsadüf etdi. Dinə məntiqsiz və mühakiməsiz inancın yerini bürclərə və ulduzlara inam aldı.

Qalileyin fizikasında Nyuton, Nyutonun fizikasında Enişteyn, Enişteynin fizikasında Kvant fizikası boşluqlar tapdı.
Haukinsin pratikləşməyən nəzəriyyələri dünya elm tarixinin istiqamətini dəyişdi. Atom bombasının ən təhlükəli silah hesab edildiyi dünyada hidrogen bombası yaratdılar.

Süd Yoluna gedib-gəlməyi “su yoluna” döndərdilər. Zarafatca desək, roketi olan Aya, Marsa uçdu. Tesla elektrikin naqilsiz ötürülməsini ixtira etdi. Elm qabığını dəyişə-dəyişə böyüdü, ağılalmaz səviyyələrə çatdı.
Belə bir dövrdə gənclər öz düşüncələrini üç min əvvəlki bürclər təfəkkürənə qurban etdilər. Antik dünyanın inandığı magiya (ağ və qara) yenidən aktuallaşdı.

Bürc, fal, qədər məsələlərinin geniş müzakirə edildiyi yerlərə ironiya ilə skolastik mərkəzlər deyilir.
Azərbaycanca skolastik mərkəzlər Nizami küçəsindəki qlamur restoranlar və çəhrayi kafelərdir.

İki saatdı yuxarıda yazdığım izah bircə bu cümlə üçün idi.

Oğlanlı-qızlı hamı bürclərin qədərinə inanır. Günlərinin necə keçəcəyini, işlərinin niyə yolunda getmədiyini, sevgililərindən ayrılma səbəblərini bürclərdə axtarırlar. Üç-dörd min il əvvəl yazılmış mətnlərdə yəni. Ulduzların hərəkəti belə gəldi, o ulduz bu ulduzun qabağını kəsdi, sən doğulan saatda filan ulduz bəhmən ulduzun dalında idi və sair.
Bürclərə inanmaq, ulduzların hərəkətinin həyatımıza təsiri olduğunu düşünmək, enerji ilə idarə olunan gücə inanmaq, yumşaq desək, gicbəsərlikdir, cahilliyin ən pis variantıdır.

Bürclərə inanan dostlarımızı, qohumlarımızı, tanışlarımızı bu gic yuxudan ayıltmaq lazımdır. Bürclər haqqında danışan adamın ağzından vurmaq lazımdır. Nə bilim, söymək, ən ağır şəkildə təhqir eləmək lazımdır ki, kirisin, danışıb özünü bir az da biabır etməsin.

Mənə görə, dini radikallar nə qədər tərbiyəsiz, əxlaqsız və mədəniyyətsizdirlərsə, bürclərə inanan adamlar da o qədər cahil və tərbiyəsizdir. Bəzən bürclərə olan inamı elmlə izah etməyə çalışan debillər ortaya çıxır. Başlayır fizikadan, astronomiyadan dəm vurmağa ki, bəs enerji belə gəldi, ulduzların düzülüşü elə getdi. Həmin gənclərimizin də ağzını yummaq gərəklidir.

Bürclərə inanan, fala baxan, qarşısındakı adamı Yupiter planetinin fövqəl gücünə inandırmaq istəyən insanla məzarlıqda yalandan Quran oxuyandan sonra gəlib çadırda ağzına gələni peyğəmbərin hədisi kimi qələmə verən adam balasının heç bir fərqi yoxdur. İkisi də insanların inancını və hisslərini təhqir etməklə məşğuldur.

Modernlik ağzını əyə-əyə “bilirsən də, oğlaqlarla yola getmək çətindir” və ya “qız bürcü yaxşı sevgili ola bilməz” danışmaq deyil. Elm deyil. Sənət deyil. İntibah deyil. Əksinə, geriyə dönüşdür. Demodernizmdir. Və ya dini inkar edib bürclər haqqında kitablar oxumaq, bürcləri təhlil etmək üçün kurslara getmək, mifologiyanı öyrənib bürcləri izah etmək müasirlik əlaməti deyil.

Bir müəllimim vardı. Bütün günü ədəbiyyatdan, miflərdən, təsəvvüfdən danışırdıq. Aşiq olmuşdum adama. Bir gün iki pivə alıb düşdük Mərmərənin sahilinə. Səma tərtəmiz, ulduzlar par-par parıldayır. Müəllimimə təsəvvüflə maraqlandığımı, onun sirləri haqqında kitab yazmaq istədiyimi dedim. O da mənə kömək edəcəyinə söz verdi. Sonra siqaretindən dərin bir qullam alıb dedi:

– Rəvan, sabah gərək evdən çıxmayım. Əqrəb bürcü buğanın qarşısından sola tərəfə çəkilib bir az.
Əvvəl başa düşmədim . Sonra davam etdi və anladım ki, öz bürcünün ulduzuna baxıb dərd-sər içində siqaret çəkir. Gözüm qaraldı. Siqaret barmaqlarım arasından sürüşüb düşdü, əlim boşaldı, ayaqlarım əsdi. Heç nə demədim, heç sağollaşmadım da. Eləcə getdim. Yolun yarısında dönüb ona baxdım, gördüm özü-özünə nəsə izah edir.

Belə. Bürclər haqqında nəsə öyrənmək belə vaxt itkisindən başqa bir şey deyil. Fala baxdırmaq, yuxu yozdurmaq, bunların hamısı yeni sxolastik dövrün xəstəlikləridir. Bu xəstəliyin necə yaranmasını bildiyim qədər izah etdim. Ondan qurtulmağın tək yolu isə oxumaq, öyrənmək, sual vermək və cavabları sorğulamaqdır.

# 2891 dəfə oxunub

Oxşar xəbərlər

Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
Taksi kasıbın harasına yaraşır?

Taksi kasıbın harasına yaraşır?

16:00 8 iyul 2024
Ətirlər ehtiraslandıra bilərmi?

Ətirlər ehtiraslandıra bilərmi?

12:00 4 iyul 2024
# # #