Biclik, müxənnətlik ağıldan törəyir

Loğman, yazar

Loğman, yazar

28 aprel 2022
# 11:30

Kulis.az Loğmanın Çayın o biri sahili” yazısını təqdim edir.

Qəlbin səsi ilahi səsdir – gerçəkdən üstün, realdan ötə, görünəndən qəlbi.

Haqdan gələn müjdədir, muştuluqdur.

Həqiqətə çağırışdır, haraydır.

Sirrə, sehrə pəncərədir, görünməzə – yol…

Qəlbinin səsini dinləyənlər ədalət aşiqləridir, haqq aşıqlarıdır, Məcnunlardır.

Qəlbin həqiqəti sığmazlıqda axtarması dəlilik kimi görünə bilər.

Amma bu, dəlilik deyil, heyrətçillikdir, dünyanın qapısını uşaqcasına döyməkdir.

Ağılsızlıq deyil, ağıldan ötəlikdir.

İlahi səs qarşısında qar kimi ərimək, axtardığına hopmaqdır.

İlğımdan bulaq düzəltmək, səhraya arx çəkməkdir.

İnsanı dibindən çəkib çıxarmaqdır.

Görünənlə barışmazlıqdır.

„Dəlilər“in „ağılsızlığı“ budur.

Ağıla görə, hər şeyin ölçüsü var, həddi var.

Qəlbə görə, hər şey göründüyündən artıqdır, təzahür əlamətdir, görünənin özü deyil.

Ağıl hər şeyi ölçülərində, qəlb isə ölçüyəgəlməzliyində tapır.

Özlüyündə ağıl yaxşı şeydir; insanı qoruya, saxlaya bilər, amma bu, azdır.

Çünki insandakı fövqəlinsanı görə bilmir, insanı imkanları daxilində dəyərləndirir, deməli təzahürünü görür. İnsanı sıxır, məhdudlaşdırır, qorxudur, əlini-qolunu bağlayır.

Ağılın üfüqləri dardır, görünməyəni görmür.

Qəlb ağlı aşır, çünki görünəni ötür, görünməzə çatır, həqiqətlə eyniləşir.

Qandallar, qəfəslər, məhbəslər ağılın işidir.

Dar ağacları, gilyotinlər, elektrik stulları ağılın „töhfə“sidir.

Ağıl insanın hərəkətlərini görür, qəlb – etirazını.

Ağıl hər şeyin sərhədlərini görür, qəlb – ötəkini.

Ağıl insanın səsini duyur, qəlb – şərqisini.

Ağıl insanın sözünü eşidir, qəlb – sevgisini.

Ağıl şübhəçidir, qəlb – inamçı.

Ağıl qorxaqdır, qəlb – müştaq.

Ağıl siyasətçidir, qəlb – səmimiyyətçi.

Ağıl mənfəətçidir, qəlb – heyrətçi.

Biclik, müxənnətlik ağıldan törəyir, sevgi – qəlbdən.

Vermək ağıl üçün faciədir, qəlb üçün – səadət.

Vermək – başqa qəlbə körpü salmaq, özünü özgədə yaşatmaq, özündən qoparıb özgəyə hörmək kimi…

Ovcundakı quşu göyə atmaq, ardınca pərvazlanmaq, göyə ərmək kimi…

Vermək – barındırmaq, itirdikcə lələkləmək, itirdikcə durulmaq kimi…

Yaxşılığa yarpaqlamaq, gözəlliyə puçurlamaq, üzünü işığa söykəmək – günəbaxan-günəş sevdası kimi.

Vermək – əbədilik bağışlamaq kimi.

Vermək – tapmaq kimi…

Ağıl itirdikcə tapmaq, verdikcə varlanmaq hikmətini anlamaz.

Ağılla tacir olarsan, nazir olarsan, xan, sultan olarsan.

Tacirlik insan işidir, nazirlik insan işidir, sultanlıq insan işidir, amma insanlıq işi deyil…

Ağılla dolana bilərsən, varlana bilərsən, amma insanlaşa bilməzsən.

Çünki ağılla özünü ötə, özünü aşa bilməzsən.

Ağılla insanı cilovlamaq olar, qəlibə salmaq olar, amma gözəlləşdirmək olmaz.

Çünki gözəllik – qəlb işidir.

… Ağıl olan yerdə dünya bir dam boyda, bir daxma kimi – tüstüsü, hisli bacası, alçaq tavanı, pəncərəsiz divarı ilə.

Bu damın içərisində yüz il yaşamaq olar, amma dağın arxasını görmək olmaz.

Bu damın üstünə çıxıb yüz il dünyaya boylanmaq olar, amma çayın o biri sahilinə keçmək olmaz.

Çayın o biri sahilinə keçmək qəlbin səsinə yüyürmək, özü ilə görüşə can atmaqdır, göylülük aqibətidir.

Çayın o biri sahilinə keçmək „dəlilik“ hünəridir.

Əlçatmaza uçmaq, inanılmaza qonmaqdır.

… Min illərdir insan ağlına güvənir.

Min illərdir insan xoşbəxt ola bilmir…

# 1992 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #