Bayağı verilişlərdə insanları alçaldan, təhqir edən "ekspertlər"

Bayağı verilişlərdə insanları alçaldan, təhqir edən "ekspertlər"
6 may 2022
# 09:00

Kulis.az Allahverdi Həsənovun "Ahıl Ekspertlər" adlı yazısını təqdim edir.

Son zamanlar televiziyada yayımlanan bəzi verilişlər çox diqqətimi çəkir. Xüsusən də antik dövrlərdə olan senatları xatırladan, onlarla insanın ağladığı, bəzilərinin qara yaylıqda gəlib üzünə şram atdığı, mərsiyələrin oxunduğu, ehtiyacı olan uşaqlara, ailələrə yardım toplandığı (bu özü-özlüyündə müsbət haldır, mənfi tərəfləri də var, lakin, bu, sonranın mövzusudur), ataların anaların qeyri-adi, darktexnovari rəqs etdiyi, bir sözlə azərbaycanlıların ekstazı doya-doya yaşadığı verilişlər.

Bu verilişdə orta statistik azərbaycanlının bütün mənəvi ehtiyacları qarşılanır. Ağlaşma əsas ehtiyaclardan biridir, bu mütləq həqiqətdir. Veriliş başlamamışdan əvvəl önünüzə burun dəsmalı qoymağınız kifayətdir (adətən bu dəsmal ilə həm burun, həm göz suyu təmizlənir), sonra veriliş sizi öz ağuşuna alıb istədiyiniz qədər, doya-doya ağladacaq.

Bu verilişə həm izləyici, həm şikayətçi kimi gələnlərə qətiyyən işim yoxdur, Anadolu türklərinin dili ilə desək “ehh işte.. yurdum insanı”. Bu verilişlərdə bir yazıçı üçün, xüsusən də mənim kimi yumoristik üslubu sevən yazıçı üçün əsl xammal var. Bunlar mədəni, səməni, mental, ülvi, qızıldiş dental dəyərlərin qoruyucusu (milli-mənəvi dəyərlər nədir sualına hələ də tutarlı cavabları yoxdur), hərşeyşünas, beşqoşanı əldə öldürməyən, eyni zamanda da gözəl ailə başçısı olan, gülərüz ziyalı, ahıl ekspertlərdir.

Əslində, bu insanlara cəmiyyətin qeyri-intellektual mühakimə filtrasiyası da demək olar. Hər bir geniş qrupda olduğu kimi bu qrupda da bir sıra oxşar simalar var. Lakin yaradacağım bir neçə sima elə, əslində, bu psevdopatriot, psevdointellektual qövmün bir neçə nəfərdən ibarət olduğunu göstərəcək, yerdə qalanlar təsvir etdiklərimin eynisidir.

Birinci tipaj 50 yaşlı, çox iyrənc şəkildə makiyaj edən, cavan oğlanlara və qızlara səmimi qəlbdən nifrət edən, nifrəti və qəzəbi özünə ən ali hədəf seçmiş, hələ də ailə həyatı qurmamış bir xanımdır. Adı da adətən Səfəvi dönəmindən qalma adlar olur. Bu yaşlı xanımların adını eşitdikdə elə zənn edirsən ki, sanki onun adını məhz birinci Təhmasib qoyub, elə özünün də aşağı-yuxarı o dövrdən “next” düyməsi basılmayıb.

Bu insanlar adətən verilişlərə gələn insanları təhqir edir, alçaldır, hamıda günah axtarır, sizi əmin edirəm bu əsəbi xanımlara imkan yaradılsa, onlar qonaqların üzərinə hücum edib, qulağını, barmaqlarını, burnunu qoparıb çeynəyər, ətin suyu getdikdən sonra isə sümüyü yerə atar. Seksual aclığın verdiyi əsəbi verilişlərdə çıxardan xanımlar bu tərifi isə çox sevir “Ümbülbənövşə xanım Həcər qeyrətlidir”. Bu tərifi onlara tez-tez edin, insan sevindirmək ədəbli işdir. Bir də unutmayım, bu xanımlar adət-ənənəmizə sadiq olduğu üçün nazik bığları da olur. Əgər belə bir verilişə getsəniz özünüzü bu tip ekspertlərdən qoruyun, məndən demək, sizdən eşitmək.

“Payd dədə” , “Ayə hoy” , “Ey hey” , “Uy Allah”

Bu səsləri təsəvvür edin. Çətindir? İndi təsvir edəcəyim həmişəboz ziyalı növü (bu növ təəssüf ki, tükənmək üzrədir) isə məhz bu səsləri ifadə edir. Bu səsləri onun əlindən alsanız, istifadə etməyi qadağan etsəniz, yəqin ki, üç öpüb bir dişlənən ziyalımız silahsız qalacaq.

Bu qəbildən olan ziyalı növü cəmiyyətin bütün qovluqlarına daxil olmağı, kütləni ekstaz yaşatmağı məharətlə bacarır. Bu ziyalılar adətən verilişlərə kütləni sakitləşdirmək, öz eqosunu təmin etmək üçün gəlir. Studiyada bir az səs-küy olarsa “ayə, a bala, Xankəndidə get belə səs sal, ay gədə” kimi bir şüarla sükutu bərpa edə bilər.

Bu insanların utanma hissi qətiyyən yoxdur, yeri gələndə siyasətdən, yeri gələndə tibb elmindən, yeri gələndə ginekologiyadan saatlarla heç bir mənbəyə əsaslanmadan danışa, rasional insanların mənəvi dünyasını dovğaya döndərə bilər. Belə insanların total savadsızlıq, cahillik olan yerlərdə daima ciddi reputasiyası olar.

Bu ekspertlərin təmsil etdikləri sahədə isə həmişə uğurları az olur, lakin düz danışan, haqqı deyən adam reputasiyası ilə daima gerçək uğursuz mənlərini gizlətməyi də məharətlə bacarırlar. Əgər siz bu ekspertlərin nitqinə diqqətlə qulaq assanız, orada heç bir ciddi koordinasiya müşahidə etməyəcəksiniz. Çünki danışdığı heç bir mövzu arasında qətiyyən rabitə yoxdur, amma əsas odur ki 10 milyonun sevimlisidir. Necə deyərlər, “bacarana can qurban”.

Birinci təsvir etdiyim ekspertlə bu ekspertin isə daima qeyri-monoton əlaqəsi olur. Gah bu iki şəxs arasında gərginlik olur, gah sülh, lakin hər ikisinin məqsədi məramı eynidir, əslində isə Sovetskidəki yarımsökülü evlərin içi kimi boş olan eqolarını, intellektual dünyalarını belə kütlələr (üzünə cırmaq atan, ağlamağı səmimi qəlbdən sevən, burun dəsmalı və çeçelə barmaqda uzun dırnaqdan məkrli məqsədlər üçün istifadə edən) üzərindən təmin etmək və özlərinə nə qədər maarifçi desələr də, cəmiyyətin daima total savadsız qalmağına ciddi cəhdlə çalışmaq.

Cəmiyyət isə öz növbəsində bu ahıl ekspertlərin eqosunu təmin etdikcə, onların hər dediyi mənasız, intellektual bazası olmayan fikri, nitqi üç öpüb bir dişlədikcə, onların cəmiyyət üzərində olan psevdointellektual despotizmini daha da gücləndirəcək. Bu ahıl ekspertlər artıq hər mövzuda fikir bildirmək zərurətini özündə hiss edəcək.

Hər bir rassional gənc isə belə ahıl ekspertlərə real və yaxud virtual həyatda görəndə deməlidir ki:

“Dayı, əmi, bibi, ağsaqqal hər mövzuda öz natiqlik qabiliyyətini bildirmək, eqonu təmin etmək kimi məcburiyyətin, həyatını minbir zəhmətlə, əziyyətlə qurmaq istəyən gəncləri mühakimə etmək kimi səlahiyyətin yoxdur, qurduğun və yaxud qurmaq istədiyin cəmiyyət məhz budur. Alınmadı sizdə, siz hamınız looserliyi ehtiva edən selebritilərsiniz, indi isə imkan verin, özümüz, istədiyimiz kimi cəmiyyəti, həyatımızı quraq”. Qısası bu insanların söz, özünü ifadə azadlığı var, bu mütləq həqiqətdir, lakin insanları alçaltmaq, hər mövzuda despotik hərəkətlər etmək haqqını onlardan almaq lazımdır.

# 7349 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #