Ayaz Salayevin əleyhinə səs verdiyi filmimiz

Sevda Sultanova

Sevda Sultanova

21 dekabr 2021
# 11:08

Ötən həftə Bakı İdman Sarayında Milli Kitab Sərgisi çərçivəsində “Müstəqil kino nədir” mövzusunda çıxışım oldu. Sonda verilən suallardan birinin məğzi bundan ibarət idi ki, beynəlxalq festivallarda konyunktura amili bəzi rejissorları ölkənin sosial problemlərini qabartmağa vadar edir. Yəni rejissorlar hər hansı festivalın əsas müsabiqəsinə düşmək, mükafat almaq üçün ölkəni mümkün qədər, xüsusən sosial aspektdən mənfi göstərməyə çalışırlar. Bu kimi fikirlər ara-sıra səsləndiyindən, mövzu haqda daha geniş yazmaq istədim.

Konyunktura var və əslində həmişə olub. Hərçənd, müşahidə etdiyim qədəri ilə son dövrlər festivallarda sosial problemlərdən çox, gender, kvir tematikasında daha çox manipulyasiyalar baş verir. Amma bu, o deməkdirmi ki, istisnasız bütün sosial və ya kvir filmlər konyunktura məqsədi güdür? Əlbəttə ki, yox. Misalçün, Culian Şnabelin “Gecə düşməmiş” filminin qəhrəmanı kubalı şair, gey Reynaldo Arenasdır. Rejissor əksər həmkarları kimi homoseksual motivi istismar etmir, ölkəsində söz azadlığı uğrunda mübarizə aparan, QİÇS-dən ölən Reynaldo Arenasın təsirli hekayəsini yaradır.

Mövzunu açmışkən, bir xatırlatma edim: hələ ötən il Şəfiqə Məmmədovanın rəhbəri olduğu Oskar Komitəsi, Hilal Baydarovun 2020-ci il Venesiya festivalının əsas proqramına düşmüş “Səpələnmiş ölümlər arasında” filmini “əcnəbi dildə ən yaxşı film” nominasiyası uğrunda Oskara göndərməyi məqbul saymamışdı. Güvənilən mənbələrin dediyinə görə, komitə üzvlərindən Ramiz Fətəliyev və Yavər Rzayev filmi dəstəkləsə də, digər üzvlər Şamil Əliyev, Ayaz Salayev həmçinin, Şəfiqə Məmmədova onun əleyhinə səs veriblər. Səbəb, guya Hilal Baydarovun filmində cəmiyyəti pis tərəfdən göstərilməsidir. Yaxınlarda Baydarovun sözügedən filmini izlədim. “Səpələnmiş ölümlər arasında” mənə görə, daha çox pritçadır. Qəhrəman özü də istəmədən, qəzəbinə yenilərək birini qətlə yetirir. İş elə gətirir ki, qaçaq düşən qəhrəmanın yoluna çıxan müxtəlif problemli adamlar öldürülür ya da intihar edir. Uzun yolçuluq boyu qəhrəman özünü analiz edir, təmizlənir və dəyişir. Bu, klassik hekayədir. Əhvalatın poetik-fəlsəfi, dini konteksti bir az Pazolininin “Teorema” filminin ruhunu xatırladır. Komitə üzvləri ayrı-ayrı epizodlarda yer alan qadının emosional və fiziki zorakılığa məruz qaldığı səhnələri nəzərdə tutursa, bu cür hadisələr dünyanın hər yerinə baş verir. Yəni bu, təkcə Azərbaycana xas özəllik deyil. Bundan başqa qadına qarşı zorakılıq haqda hər gün mediada xəbərlər yer alır. O zaman narahatlıq nədədir? Ona qalsa, Şamil Əliyevin “Çölçü” filmində də qadına qarşı zorakılıq səhnələri var. Yaxud Ayaz Salayevin sevdiyi qərb rejissorları məxsus olduqları cəmiyyəti ideal göstərirmi? Ümumiyyətlə, idealizmin olduğu yerdə ədəbiyyat, kino mövcud ola bilməz. Çünki kino və ədəbiyyat konfliktlər, ziddiyyətlər üzərində qurulur ki, bu, dramaturgiyanın qanunlarından biridir.

Yeri gəlmişkən, bu il Oskar mükafatına Rüfət Həsənovun “Daxildəki ada” filmi göndərilib. Qərəzli biri, R. Həsənovun filminə qarşı asanlıqla iddia qaldıra bilər ki, “Daxildəki ada”da müəllif atanın övlada basqısını, emosional şiddətini göstərməklə, Azərbaycanda yalnız patriarxal ailə modelinin mövcudluğu təsəvvürünü yaradır. Hələ üstəlik, filmdə ironiya ilə yanaşılmış məmur obrazı var. Amma buna görə, rejissora kimsə irad tutmadı, üstəlik, o, adı təzəlikcə dəyişdirilmiş kino şöbəsinin rəhbəri təyin olundu. İstər Rüfət Həsənova, istər Hilal Baydarova bu mənada qərəz ona görə işləməyəcək ki, müəlliflər dünyanın istənilən nöqtəsində yaşayan hər kəsin başına gələcək, gerçək universal hekayə yaradıblar, qəhrəmanlarının davranışını əsaslandırıblar. Onların təklif etdikləri süjet dünya kinosu üçün yeni bir şey deyil. Başqa sözlə, hər şey rejissorun yanaşmasından, yozumundan və niyyətindən asılıdır. Hər hansı rejissorun konyunkturaya hesablanmış məqsədini isə gözəl təsvirlər belə gizlədə bilməz.

Ona görə “cəmiyyəti, ölkəni pis göstərmək” fikri mübahisəlidir, qərəzə yol açır. Qərəzli olmadıqlarını sübut etmək üçün isə fikirlər arqumentləşdirilməli, konkretləşməlidir.

Bir məqamı da deyim, ən sərt sosial filmlər çəkən belçikalı Dardenn qardaşlarıdır. Dardenn qardaşları filmlərində sosial problemləri həddən artıq şişirdir, qaranı daha qara göstərir, ən xırda şey üzərində banal faciə yaradır. Bu, artıq konyunktura yox, onu ötüb keçən aktdır. Bu, sosial problemlər üzərində qurulmuş yaradıcı onanizmdir, manyakcasına sosial motivi istismar etməkdir, tamaşaçının duyğularını ədəbsizcə sümürməkdir. Bu filmləri ilə qardaşlar Belçika kinosunu təmsil edirlər. Amma dünyada kimsə Belçikanı bu cür görmür, filmlərə, sadəcə, insan hekayələri kimi baxırlar. Həmçinin, Elvin Adıgözəlin “Biləsuvar” filmi qətiyyən konyunktura deyil, bu, problemlərində çabalayan kiçik insanların həyatı haqda müəllifin son dərəcə səmimi, sevgi dolu hekayəsidir.

# 2535 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #