“Nimdaş” müxbirin dönər sifarişi

“Nimdaş” müxbirin dönər sifarişi
28 iyul 2021
# 15:29

İşdəyəm, bir nimdaş müxbir kimi "obedə" dönər sifariş eləmişəm. Maraqlananlar üçün deyim ki, bol mayonez və acılı toyuq dönəri demişəm.

Təxminən bir saatdır dönərdən xəbər-ətər yoxdu. Aclığın əlinə lapatkə alıb mədəmin divarlarını qazıdığını görüb restorana zəng edirəm.

Dəstəyi götürürlər:

- "Ən bomba dönər" restoranı, buyurun! - Elə bayaq sifariş verəndə zəngi açan oğlan idi. Səsindəki minnət tonundan tanıdım.

Hə, vallah, elə minnətlə, özünü dartaraq danışır, elə bil demək istəyir ki, ay kasıb, yenə dönər-ayran üçün zəng eləmisən?!

Yüngülvari öskürüb səsimi təmizlədim:

- Qardaş, salam! Mən bayaq dönər “zakaz” vermişdim.

- Aha... - yenə eyni səs tonuyla dedi.

İstədim deyəm ki, zəhrimar aha, çor aha! "Bayaq dönər zakaz vermişdim" cümləsindən sonra mən danışmağa davam eləməli deyiləm e, sən danışmalısan. Nə "aha"?!

Dişimi sıxıb davam elədim:

- Toyuq dönəri demişdim, çörəkdə.

Yenə dedi:

- Aha...

Beynim tamam çöndü:

- Bir saat qabaq zakaz vermişəm e! Bir saat! Nə aha?!

"Bir saat"ı elə hiddətlə dedim, elə bil, bir ay, bir il, bir əsrdir.

Dedim, dəstəyi orda başqa kim varsa, ona ver. Elə bunu demişdim ki, dəstəyin o tərəfindən xanım səsi eşidildi. Çox diri, gözəl səsli xanım da eyni cümlə ilə başladı:

- "Ən bomba dönər" restoranı, buyurun!

Əsəbim bir az sakitləşdi, daha mülayim səslə danışmağa başladım. Mədəmdəki qazıntı işləri də qısa müddətlik dayandırıldı.

- Xanım, salam! Mən bayaq dönər zakaz eləmişdim.

- Salam, müəllim! Nə dönəri?

Müəllim sözünü elə incəliklə dedi ki, aclıq-filan, dönər, ayran, mayonezi bol - hamısı yadımdan çıxdı. Hara, niyə zəng elədiyimi unutdum.

Çaşıb özüm də sualı təkrarladım:

- Nə dönəri?

- Müəllim, soruşuram, nə dönəri zakaz eləmişdiz? - qız şən səslə dedi.

- Hə, həəəə... Toyuq dönəri, çörəkdə. Mayonezi bol, acısı da. Yanında da ayran...

- Nə vaxt zakaz eləmişdiniz, müəllim? - eyni incəliklə soruşdu.

- Bir saat qabaq. - Özümdən asılı olmadan "bir saat"ı elə dedim, elə bil bir-iki saniyə qabaq zakaz vermişəm, yəni heç nədi dəəə, nədi ki, bir saatdı də.

Qızdan qəfil gözləmədiyim cavab gəldi:

- Aha...

Dedim, zəhrimar aha, azzar aha! Tez dönərimi gətirin, bir tikə zəhərlənib işə qayıdım, indi redaktor zəng eləyəcək ki, Ulucay, İki saatdı hardasan?!

"İki saat"ı da elə tonla deyir, elə bil iki aydı, iki ildi...

# 5237 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
# # #