Sizə deməmişdim, bu, pul verən deyil?!

Vüsal Bağırlı

Vüsal Bağırlı

16 mart 2023
# 10:39

Kulis.az Vüsal Bağırlının “Papaq atan uşaqlar” adlı yazısını təqdim edir.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Məhəmmədhüseyn Şəhriyar

Liftdən çıxıb mənzilə tərəf addımladım. Blokdan plov və dolma iyi gəlirdi. Özü də kələm dolması. Ola bilsin, ac deyildim deyə qoxu məni vurdu. Ödüm ağzıma gəldi.

Birdən səs-küy eşidildi. Fikir verdim ki, qapımızın yanında qələbəlikdir. Oğlan və qızlardan ibarət bir dəstə uşaq. Çömbəlib nə barədəsə məşvərət edirlər.

Məni görüncə özlərini itirdilər. Şübhəli hərəkətlər, tərəddüdlər. Dikəlib əllərinin arxasında nəyisə gizlətdilər. Biri yıxıldı, biri əyildi. Pıçıldaşdılar. Xısın-xısın gülüşdülər.

Mən salam verib, qapının dəstəyini burdum və evə keçdim. Əl-üzümü yudum, paltarımı dəyişdim, özümə çay süzüb, stula oturdum.

Bu dəm, qapı döyüldü. Elə şiddətlə ki, sanarsan digər tərəfdə kimisə döyüb-öldürürlər, ətindən ət kəsirlər. O yazıq da özünü qapıya-bacaya çırpır, xilas olmağa çalışır.

Tarapp! Turupp! Gugumb!

Qapı elə silkələnirdi, az qalırdı çərçivədən çıxa. Hər ehtimala işimi ehtiyatlı tutdum, bir əlimdə oxlov, o biri əlimdə uzun dəmir dabankeş qapıya yaxınlaşdım. Əvvəlcə gözlükdən ətrafı müşahidə etdim. Blokda mütləq sükunət hökm sürürdü.

Qapını yavaşca açıb boylandım. Diqqəti cəlb edən bir şey yox idi. Aşağı baxanda, nə görsəm yaxşıdır? Blokumuzun döşəməsində müxtəlif ölçülü, müxtəlif rəngli, nimdaş, təzə, balaca-iri hər cür papaq. Qotazlı-qotazsız, naxışlı-naxışsız, boz, qara, qırmızı, yaşıl, azı iyirmisi qalaqlanıb üst-üstə. Bir o qədəri də səpələnib ətrafa.

Vay dədə, bu qədər papaq olar? Axı bayaqkı uşaqların sayı heç beş-altı nəfər olmazdı?! Bunlar hardan çıxdı?

Nə isə, balaca Nurxanın köməyi ilə papaqları toplayıb otağa qayıtdıq. Evdə şəkərbura, paxlava yox idi, papaqların içinə bir az fındıq, qoz, şabalıd, bir az da konfet, şokolad yığıb, onları yenidən bloka qoyduq.

Bir az keçmiş, qapının arxasından yenə pıçıltılar, xısın-xısın gülüşlər eşidildi. Demək ki, papaqların sahibləri qayıdıblar.

Papaqları götürüb, qaçmağa başladılar. Uşaqlardan biri qışqırırdı:

– Sizə deməmişdim, bu, pul verən deyil?! Getdik 3-cü mərtəbəyə, polisin evinə...

# 1637 dəfə oxunub

Müəllifin son yazıları

# # #