Cəbhədən gələn mesaj

Cəbhədən gələn mesaj
12 oktyabr 2021
# 14:01

“ - Bu gürcünün adı nədir?

- Cəbhədə hamının yalnız bir adı olur - əsgər!”

(Rezo Çxeidzenin “Əsgər atası” filmindən)

Bu hadisə ötən ilin oktyabrında, təxminən bu vaxtlar baş vermişdi. Müharibənin bilməyindən az qala bir il sonra, olayı yenidən xatırladıqda, o zaman keçirdiyim hiss-həyəcanımı, indi təkrarən yaşadım.

Qonşu mənzildə bir ailə yaşayırdı. Ata, ana və onların gənc övladları. Oğlan Elmlər Akademiyası tərəfdə yerləşən hansısa nəşriyyatda, ya da kitab dükanında işləyirdi. Mütaliə həvəskarı olan gənc, harasa gedəndə, hardansa gələndə, daim qoltuğunda kitab olurdu. Bəzən, ayaqüstü salamlaşıb söhbətləşir, oxuduğumuz son kitablardan, romanlardan, müəlliflərdən bəhs edir, məlumat mübadiləsi, ədəbi müqayisələr aparırdıq.

Onun ən sevdiyi yazıçı Anton Çexov, ən sevdiyi əsər Tomas Vulfun "Bir dön geriyə bax, mələk" romanı idi. Sonra, oğlan qeyb oldu. Xeyli müddət onu görmədim. Bir dəfə, liftdə valideynləri ilə rastlaşdım. Övladlarının harada olduğunu soruşdum. İkisi də birdən dilləndi. Bir ağızdan, xorla danışdılar.

Oğlanı səfərbərliyə almış, cəbhəyə aparmışdılar. Füzuli, Xocavənd, Hadrut tərəflərdə döyüşürdü. Ən qəribəsi nə idi? Oğulları cəbhədə, ön xətdə, birbaşa odun, alovun içində olsa da, onlar bikef deyildilər, əksinə sevinirdilər, gözləri işıldayırdı.

Qürur duyurdular. Axı oğulları vətəni, torpağı azad etməyə yollanmışdı? Bu elə-belə, sıradan hadisə deyil, fəxr ediləsi məqam idi.

Doğrusu, belə reaksiyanı gözləmirdim. Bu hisslər mənim üçün yenilik idi. İlk dəfədir belə şeylə rastlaşırdım.

Liftdən düşüb qapının ağzında sağollaşdıq. Bir neçə həftədən sonra, onlarla yenə rastlaşdım. Yenə liftdə. Bu dəfə, kefsiz, narahat görünürdülər. Açıq-aşkar üzgün idilər. Liftin içərisində dərin sükut və dilxorçuluq hökm sürürdü. Lift uğultuyla qalxdıqca mən onlara baxır, onlar isə baxışlarını yayındırır, nəzərlərini yerə dikirdilər.

İstər-istəməz qorxu hissi keçirdim. Müharibə, cəbhə, şiddətli döyüşlər, ölüm, itim…

Görəsən, bir şey olmuşdurmu? Görəsən, nə baş verdiyini xəbər alımmı? Belə, məqamda sual vermək nə dərəcədə düzgündür?

Nəhayət qəti qərara gəldim və hər ikisinə diqqətlə baxaraq, oğullarını xəbər aldım.

- Salamatlıqdır?

Sözüm hər ikisini tutdu. Diksindilər. Doluxsundular. Bu dəfə yalnız qadın danışmağa başladı. Gözləri dolmuşdu. Əsəbi idi. Əlləri əsirdi. Neçə gündür oğuldan heç bir xəbər olmadığını, buna görə bərk həyəcan keçirdiklərini, nigaran qaldıqlarını titrək səslə bildirdi. O danışır, danışır, ağlamasa belə, göz yaşları yanaqlardan üzüaşağı yuvarlanırdı. Elə bu zaman, qadının danışdığı müddətdə, qısa siqnal səsi eşidildi.

Dınq...!

Səs bir də təkrar olundu.

Dınq!

Başımızı qeyri-ixtiyari səs gələn tərəfə çevirdik. Kişinin telefonu yanıb-söndü, işıq göründü. Ona SMS gəlmişdi. Kişi gözünü monitora dikdi. Yazını oxuduğu məqamda, bircə, üzünü görəydiniz, mimikanın, hisslərin bir andaca necə dəyişdiyini biləydiniz?!

Düyünlənmiş qaşlar yuxarı dartıldı, qırışmış üz açıldı, büzüşmüş ağız kənarları hamarlandı. Qaşqabaq tədricən təbəssümə çevrildi. Gözlər sevincdən qıyıldı. Göz bəbəkləri genişləndi və yenə par-par yanmağa, ümidlə parlamağa başladı. Bəli, mesaj ondan gəlmişdi.

Əsgər Oğuldan.

O, qısa və lakonik yazılmış bir-iki sözlə, təfərrüatsız hər şeyin yaxşı olduğunu, sağ-salamat olduğunu, düşmənə qan uddurduqlarını, tezliklə qələbə qazanacaqlarını deyirdi.

Heç demə, düşmən arxasına kəşfiyyata göndərildiyinə, vacib döyüş tapşırığı yerinə yetirdiyinə görə xəbər göndərmək mümkün deyilmiş. Amma, indi bir kəlmə, bir neçə söz yazmağa imkan yaranıbmış. Kim bilir, bəlkə də hansısa hospitalda, yaxud, hərbi səhra yeməkxanasında, bəlkə, şıdırğı döyüşdə, yaxud da, savaşarası qısa fasilə zamanı səngərdə, tələsik yazılıb “OK” düyməsini basmaqla göndərilmiş sözün, cümlənin hansı gücə malik olduğunu, hansı möhtəşəm təəssüratlar, hansı ümidlər yaratdığını, dəqiqələr içində ölüm-qalım arasında çırpınan həyatın müdhiş faicədən sıyrılıb, hədsiz xoşbəxtliyə çevrildiyini həmin an görmək, duymaq adamı həm riqqətə gətirir, həm də mütəəssir edirdi.

# 8014 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #