Motivasiya təlimçilərinin fabulası ətrafında

Orxan Şahbaz, Vüqar Babazadə

Orxan Şahbaz, Vüqar Babazadə

13 oktyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Motivasiya təlimçilərinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bu gün sizə beynəlxalq dərəcəli biznes təlimçi, fəhləlikdən müdirliyə qədər yüksələn, beyninin 100%-ni istifadə edə bilən, səhərlər tez oyanıb, gündə 5 litr su içən, gənc qız və oğlanların sevimlisi, bir təlimə 1500 manata gedən, 2 ilə 34 kilo arıqlayan, fəxrimiz, gözümüzün ağı-qarası Orxan Şahbazdan danışacağam. Daha doğrusu, danışmayacağam, göstərəcəyəm...

Bu cür ( Əli Xəyyam, dj Tural, Rövşən Abdullaoğlu və sair də bura daxildir) adamları ara-sıra yada salıb, onlara özlərini göstərmək lazımdır ki, qoy bilsinlər kimdirlər, nəçidirlər, nə işlərlə məşğul olurlar və özlərinə qarşı nə qədər ikiüzlüdürlər.

Hamısını açacam. Gizlətdiklərini ortaya çıxaracam, onları öz güllələri ilə vuracam, büründükləri “maarifçi-təlimçi” maskasını cıracam.

Ürəyim doludur. Başlayaq Orxan Şahbazın feysbukda onu tənqid edən adamlar haqqında yazdığı bir statusdan. O yazır:

“Bunlardan 10 - 15 nəfər toplayıb hamısını bir yerdə mənimlə tv, youtube, harda olur olsun debat etmək istəyərəm. Təbii ki, özlərinə güvənirlərsə belə düşük fikirlər yazmaq əvəzinə, debatda qarşı-qarşıya danışarlar.
Hər cümləsi yox a, hər sözünü səhv çıxararam))”.

Vauuu. Balaca Barış Özcana bax. Əsəbiləşib, söhbətə-filan çağırır adamları.

Birincisi, “təsirli nitq, danışıq, özünüifadə, manipulyasiya” kimi söhbətlərdən filan qədər manata seminarlar keçib, camaata ağıl verən Orxan müəllim cümlə qura bilmir, sözləri yerində işlətmək qabiliyyəti yoxdur, durğu işarələrindən düzgün istifadə etməyi bacarmır. Doğrudan, çox gülməlidir.

Onun yazdığı cümlə, əslində, belə olmalıdır:

“Bu adamların 10-15 nəfərini yığıb istənilən yerdə debat edəsən".

Sadə bir cümlə qurub-yaza bilməyən adam, deyir ki, nitqinizi düzgün istifadə edin, nə bilim, dil öyrənin. Rəzillikdir. Dəhşətə gəlirsən. (Burda dözməyib başıma bir şillə vurdum)

İkincisi, bu adamın emosional vəziyyəti qaydasında deyil. “Əsəbi necə idarə etmək olar?” adında video çəkib camaata məsləhət verən motivasiya pərimiz kiçik bir tənqidə dözə bilmir. O hələ də başa düşməyib ki, özünə gülən adam, özünü görən adamdır.

Orxan iynədir. Hamını bəzəyir, özü lüt gəzir.

Üçüncüsü, “brat, bilirsən nətərdi?” təfəkkürlü Orxan bəyin debat dəvətini qəbul edirəm. Ürəyi harada istəyir debat edək. Bilirəm ki, onun debata cəsarəti yoxdur. Əslində, o status bu fikirdən yaranıb: “Bunlardan 10-15 nəfər toplayıb hamısını minəsən”. Əsəbiləşmə, oğlan. Zirvəyə gedən yolda mənim kimi adamlar sənə bir az problem yaradacaqlar. Bizi unut getsin. Bacaracaqsanmı? Bacarsaydın, bu yazını yazmazdım.

Daima müasirlikdən, mentalitetin pis tərəflərindən, Avropanın yaxşı şeylərindən danışan adamın yazdığı statusa baxın:

“Bir ailə ilə söhbət edirdim.
Ailədaxili "icazə almaq" mədəniyyəti yaradıblar.
Uşaqdan, yaşlı adama qədər hamısı bir-birindən icazə alaraq münasibət qurur.
Ata övladından icazə alaraq otağa daxil olur və ya əksinə.
Möhtəşəm bir şeydir”.

Bəsdirin də. Ürəyimiz bulandı axı. Otağa girmək üçün icazə almağın nəyi möhtəşəmdir? Ümumiyyətlə, belə bir şeyin olduğuna inanmıram, Orxan milyon faiz püləyir, amma lap bütün ehtimalları nəzərə alıb, belə bir ailə olduğuna inansaq (hamı bir-birindən icazə alaraq yaşayır) hamının bir-birindən icazə almağı anormal haldır. Qapını döyüb içəri girməyi başa düşdük. "Hamı bir-birindən icazə alaraq yaşayır" nədir sən Allah? Belə ailə olar? O evdə hamı ciddi tramvalarla yaşayır. Orxan da gedib deyib, möhtəşəmsiz.

Biznesin allahı, Biznesin “B” hərfini deyən kimi yada düşən Orxan müəllimin belə bir videosu var:

“Qoca bir qarpızsatan kişi varmış. Qarpızların üstünə belə bir yazı yazıb vurur: “1 ədəd qarpız 3 dollar, 3 ədəd qarpız 10 dollar”. Günlərin bir günü kimsə gəlib buna deyir ki, 1 qarpız daha ucuz olmalıdı, sən düz eləmirsən-zad”. Allah haqqı bu hissədə videonu saxlayıb, dedim ki, “kişi də deyəcək ki, hamı belə deyir, amma hamı da gəlib 3 qarpız satır”. Videoya axıra kimi baxdım, gördüm düz fikirləşmişəm. Orxanın danışdıqları boş bir borudur. Bu başından baxırsan, o başında nə olduğu görünür. Orxanın danışdıqları ilğımdır. Fişəng partlamasıdır. Bumm və ortada heç nə yoxdur.

Özü də, doğrudan, bu nə mənasız söhbətdir belə, dostum? Sən nə üçün özünü belə aparırsan? Tərs psixologiyanın bu söhbətə dəxli yoxdur axı.

Müsahibəsində “məsləhət verən insanlardan uzaq durun” deyən müəllim öz-özünü səhv çıxararaq bütün gün camaata məsləhət verir. Həyatın ironiyasına bax. Sən nə olmaq istəyirsən və sonda nə olursan...

Falçılıqla motivasiya təlimçisi arasında heç bir fərq yoxdur mənim üçün. Hər ikisi insanları aldadaraq onların pulunu alır və əvəzində bir az iylənmiş ümid verir. Hətta falçılıq daha təbiidir və birbaşadır. Falçı deyir ki, bir ilə varlanacaqsan, motivator deyir ki, su içsən və səhər tez oyansan, bəlkə, varlandın. Bu baxımdan falçılıq daha səmimidir.

Kiminsə biznes təlimçiliyində beynəlxalq dərəcəli (?) nəyisə varsa başlayır ki:

“Beyninizi dəyişdirin”
“Dil öyrənin”
“Dostlarınızı düzgün seçin”

“Çevir tatı, vur tatı” məzmunlu söhbətlərin Kiyosaki, Robin Şarma, Brayn Treysi, Napaloen Hilllə, cəhənnəm Barış Özcanla şiti-şoru o qədər çıxıb ki, bir az sağlam düşüncəli, normal adamlar dayanır və düşünür:

“Bir dəqiqə. Axı “azərbaycanlı motivatorlar” imitasiyanın imitasiyasını edirlər. Nə üçün saxtakar adamlara inanmalıyam? Rədd olsunlar. Əgər söhbət öz həyatımdan gedirsə, bunu dəyişdirməyi məndən daha yaxşı heç kim bacarmaz”.

Səviyyəsiz kitab məsləhətləriniz, pafoslu nitqləriniz və saxtakar hoqqabazlığınızla ətimizi kilo-kilo, ton-ton tökürsünüz. İnsanları aldadıb onların pulları ilə böyüyürsüz. Gənclərə qaz verib, onları depressiyaya aparırsız. Tələbələri aldadırsız. “Mən bunu etmişəm, sən də edə bilərsən, yaxud etməlisən” deyə bir şey yoxdur. Hmm, doğrudan, sən bunu etmisən? Ba, ba, ba, mənim iki gözüm aydın. Nə edim? Səhərlər yuxudan durub 5 litr su içəndə sadəcə böyrəklərim ağrıyır. Uğur qazana bilmirəm.

Uğur nədir? Bəlkə, oturaq bundan danışaq? Videolarında, statuslarında “mülk və var-dövlət anlayışını beynimdən silmişəm” deyən Orxan məllim, bəs niyə uğur qazanmaq istəyir, zirvələri dırmanmaq arzusu var, camaata ağıl verir? Guya bu Ferrarisini satmış rahib-filandı da. Daha adamların xəbəri yoxdur ki, həmin rahib Ferrarinin pulu ilə neynədi?

Düşünmək və sorğulamaq gözəldir. Bunu təlqin etmək də gözəldir. Di gəl ki, bunu davamlı şəkildə edəndə insan öz beynində gizli həbs həyatı yaşamağa başlayır. Qızıl orta lazımdır. Məsələn, bir həftə Tomas Eliott oxuyandan sonra, bir həftə də Xəyal Rza oxumaq lazımdır.

İçində “pozitiv”, “enerji”, “aydınlanma” kimi sözlər olan kitablardan, adamlardan, təlimlərdən, Orxanlardan uzaq durun, arxanıza baxmadan qaçın. Həmin şeylər sadəcə Vatsap statuslarında “soxucu sözlər” bölməsi üçün lazım olur.

Bir şey üçün oxuma, Orxan. Beynindəki qisasçı adamı öldür. Ruhi müvazinətini tənzimlə. Qəbul et ki, hər zaman haqlı ola bilməzsən. Sənin bütün cəbhələrini tanıyır, 10 gediş sonranı təxmin edə bilirəm. Bir gün mütləq özünlə üzləş. Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir. Şöhrətpərəstlik yalançılığın anasıdır. Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir. Bu aforizmləri ona görə yazıram ki, başa düşəsən.

Sonda “fəlsəfə ilə sevişən, psixologiya ilə qol-qanad olan” sənə və sənin timsalında olan bütün motivatorlara bir sualım var:

“Hər şey göründüyü kimidir, amma heç bir şey göründüyü kimi deyil. Heç bir şey göründüyü kimi deyilsə, nə üçün hər şey göründüyü kimidir?”

# 9450 dəfə oxunub

Müəllifin son yazıları

# # #