Bu, yazıçı tənbəlliyidir

Bu, yazıçı tənbəlliyidir
23 fevral 2024
# 12:00

Kulis.az Kamal Abdullanın "Qatardakı adam" hekayəsi haqqında Vüqar Vanın “İkinci yazı”sını təqdim edir.

Kamal Abdullanın “Qatardakı adam” hekayəsini oxudum. İstəyirəm, subyektiv fikirlərimi yazım, həm müəllif, həm də oxucular bu fikirlərdən xəbərdar olsunlar.

Hekayənin xülasəsi belədir:

Eyni kupeyə düşmüş iki yad adamdan biri keçmişdə başına gəlmiş nakam sevgisindən danışmağa başlayır. Məktəblərinə təzə, yaşılgözlü bir qız gəlir, bu adam da onu sevməyə başlayır, xəyalında ancaq o qızı fikirləşir, gizlənib onu güdür, yolunu gözləyir. Günlərin bir günü qız buna deyir ki, bəsdir gizləndin, çıx ortaya, mən də səni sevirəm.

Səhəri gün oğlan sevincdən uçan vaxt təsadüfən görür ki, qız dünən ona dediyi şeyləri, bu gün yaxın dostuna deyir. Sən demə, oğlanın yaxın dostu da qızı sevirmiş, gizlənib onun yolunu gözləyirmiş.

Bu hadisədən sonra oğlan bir də sevgiyə, məhəbbətə inanmır. Başını götürüb gedir, ömrü ancaq hazırda yol getdiyi qatarda keçir.

Sonda bələdçi qadın içəri girib çay gətirəndə, məlum olur ki, bu qadının da gözləri yaşıldır, üstəlik kişiylə çox səmimi danışır.

Daha bilmək olmur, bu qadın elə həmənki qızdır, yoxsa o qıza oxşayır deyə, kişinin ömrü bu qatarda keçib.

***

İçində dramatizm olan sənətlərin məşhur bir qaydası var. Bu qaydanı yazı-pozu ilə məşğul olan hər kəs bilir.

Əvvəlcə ortaya nəsə sərirsən. Qəhrəman kimdir, nə iş görür, necə yaşayır, nə düşünür, nədən qorxur, nəyi sevir və s.

İkinci hissədə mühüm bir problem yaranır. Müxtəlif konfliktlər, düyünlər, gərginliklər artır, böyüyür və hər şey getdikcə mürəkkəbləşir.

Üçüncü hissədə isə problemlər həll olur.

Bu üçhissəli klassik mexanizm hekayədə gözlənilməyib. Nə təhkiyəçinin (yəni qulaq asan və şərh edən adamın), nə də qəhrəmanın (yəni danışan adamın) kimliyi, nə işlə məşğul olduğu, onların qatarla hara getdiyi, qəhrəmanın birdən-birə niyə öz həyat hekayəsini danışmağının zəmini, əsası yoxdur.

Hekayənin ən böyük problemi klassik qaydanın ikinci hissəsində yaranır. Ortada nüvə yoxdur, konfliktlər süni, quramadır. Yazıçı konflikt yazıb deyə, konflikt olmur. Konflikt yaranmalıdır. Yəni “məktəbə bir qız gəldi, mən də onu sevdim, sonradan dostumun da onu sevdiyini öyrəndim” yazanda, konflikt olmur. Nə təsirlənirik, nə özümüzü qəhrəmanın yerinə qoya, nə də bunu yeyə bilirik. Konfliktlərin, maneələrin, baş verən hər şeyin hekayənin öz içindən çıxmağı, orqanik olaraq yaranmağı, inkişaf etməyi və həll olmağı lazımdır.

Bu standartı ən çox dialoq üzərində qurulan hekayələr pozurlar. Kamal Abdullanın da bu hekayəsi, əslində, dialoq üzərində yazılıb. Yad bir adam gəlir və birdən-birə öz hekayəsini danışmağa başlayır. Nəticədə, hər şey süni və qurama təsiri bağışlayır.

Bu, yazıçı tənbəlliyidir.

Hekayə janrında ən yaxşı yer sondur. Bu hekayənin sonunda isə bir çox mətləblər naməlum qalır. Əgər sonda sərrast, vurucu bədii həll yoxdursa, demək, hekayə alınmayıb. Sonda qol vurulmalıdır. Qol yoxdursa, nəsə yarımçıqdır.

Təbii ki, yuxarıda danışdığım qayda bir mexanizmdir. Ola bilər ki, bir yazıçı bu mexaniki prosesə addım-addım riayət etsin, amma yenə də hekayə alınmasın. Yaxud bu mexanizmin yerini dəyişdirsin, ya da ümumiyyətlə, heç gözləməsin, amma hekayə çox yaxşı alınsın.

***

Hekayənin dili çox kobud və pintidir. Oxuduqca təəccüblənirdim. Hətta mənə elə gəldi ki, bu hekayə redaktə olunmayıb, yazılıb və birbaşa dərc olunub.

İstəyirəm, bəzi kobud cümlələri sizinlə bölüşüm.

1. Hekayədə 7 dəfə “qatarların yeknəsəq səsi” ifadəsi işlənib. Əvvəlcə, fikirləşdim ki, Xalq yazıçımız nə üçün qatarın səsinə başqa bir ifadə vasitəsi tapa bilməyib, ancaq “yeknəsəq” sözünü yazıb.

Sonra qərara gəldim ki, müəllif “qatarların yeknəsəq səsi”nə bu qədər vurğu vurursa, deməli, bir bildiyi var, bilə-bilə yazıb.

Əgər bir hekayədə 7 dəfə “qatarların səsinin “yeknəsəq”” olduğu yazılırsa, deməli, yazıçı bizə bir vəd verir. Yəni bunu elə-belə yazmıram, mütləq nəyəsə bağlayacağam.

Amma sonda bu “yeknəsəq səs” heç nəyə bağlanmadı və mən məyus oldum.

2. Düz 41 dəfə “mən” və 20 dəfə “onu, onun” əvəzliyi, 39 dəfə “bu” işarə əvəzliyi işlənib.

Bu hal artıq ciddi redaktə problemindən xəbər verir. Ən təcrübəsiz redaktor belə “mən”ləri, “bu”ları maksimum azalda bilərdi.

3. ... Sonra bu ahıl kişi quş yüngüllüyü ilə sıçrayaraq mənimlə üzbəüzdə, amma yuxarıdakı yerinə, əlbəttə ki, əllərilə bədəninə dirsək verib atılıb oturdu, elə oturduğu yerdəcə fırlanıb üzü kupeyə döndü. Sonra bu kişi başladı soyunmağa. Əvvəlcə pencəyini çıxardı. Kəmali-qabiliyyətlə şalvarını soyundu...

Təsadüfi götürdüyüm bu yarımçıq abzasa fikir verək. 2 dəfə “sonra”, 2 dəfə “soyundu, soyunmaq”, 2 dəfə “oturdu”, 2 dəfə “bu kişi”, 2 dəfə eyni məzmunlu “sıçramaq və atılmaq” sözü işlənib.

Əvvəlcə, əlbəttə, kəmali-qabiliyyətlə... Bu ifadələr də mətnin alaq otlarıdır.

Üstəlik, müəllifin nə demək istədiyi ilk oxunuşda başa da düşülmür, fikir aydın çatdırılmır.

Bütün mətn bu haldadır. İstənilən abzasda belə iradlar tapmaq olar.

4. Hekayədəki qəhrəmanlar niyəsə “Ya qərib İmam Rza” deyirlər. Təhkiyəçi də, başına gələn hadisəni danışan adam da, bələdçi qadın da. Hamı qərib İmam Rzanı köməyə çağırır.

Axı nə üçün?

***

“Qatar” ədəbiyyatda həddindən artıq çox işlənən və kifayət qədər yaxşı nümunələri olan metafora və obyektdir. İsi Məlikzadədən Pirandelloya, Aqata Kristidən Rasputinə qədər, demək olar, bütün yazıçılar “qatar”dan istifadə ediblər. Sovet dövrünün yazıçılarının ən sevdiyi şey qatarda hekayə yazmaq idi. Bur “priyom”dan hamı istifadə edirdi. İndi isə, mənə elə gəlir, qatarda hekayə yazmağın vaxtı artıq keçib.

Həm də “sözlərin mahiyyətində həqiqi mənaları gizlənib” tezisini əsas tutsaq, “qatar” nəinki proza, əksinə, poeziya faktıdır. Şair dostlar razılaşar, hərəkətdə olan bir şey poeziyadır. Necə ki, Həcc prozadır, Həccə gedən adam poeziya.

Çox yaxşı olardı ki, Kamal müəllim bu mövzunu özünün “Kədərli seçmələr”ində şeir kimi yazaydı.

Ona görə qatarda yeni bir şey demək çətin və əziyyətli işdir.

Üstəlik, mövzunun özü də istər kinoda, istər ədəbiyyatda, istər musiqi də olsun, həddindən artıq çox işlənməkdən bayağılaşmış mövzudur. Məktəbə təzə qız gəlir, qəhrəman onu sevir, sonradan məlum olur ki, dostu da onu sevirmiş.

Yekun olaraq onu deyə bilərəm ki, Kamal Abdullanın bu mətni hekayə yox, özündən əvvəlki mövzuların və metaforaların “remake”idir.

# 8974 dəfə oxunub

Müəllifin son yazıları

# # #