Elgizin “səhv çıxartdığı” cinlər

Elgiz, aparıcı

Elgiz, aparıcı

21 fevral 2022
# 12:00

Son zamanlar ölkəmizdə yaranan ciddi bir problemdən yazmaq istəyirəm. Bu problem cinlərlə bağlıdır.

Fikir vermisinizsə bir vaxtlar çox məşhurlaşan, onun-bunun içinə girən, camaatı qorxudan, insanlara gün verib, işıq verməyən cinlər yox olublar. Bu hal məni olduqca narahat edir.

Daha heç kim cinlərdən şikayətçi deyil. Əvvəllər çox hörmətli tele-aparıcımız Elgizin “Adam içində” adlı verilişinə gündə bir nəfər çıxırdı ki, “bəs mənə cin girib”. Ekspertlər də oturub bu problemi müzakirə edirdilər.

O vaxtlardan bəri belə bir dialoq yadımda qalıb:

Elgiz: “Siz inanırsız ki, sağalacaqsız?”

Cin: “Yox”.

Elgiz: “Niyə, qızım?”

Ekstrasens: “Cinlərini qaldırmışığe, Elgiz, nə qız?”

Cinlərin Azərbaycan xalqından üz döndərib çıxıb getməyinə görə səmimi duyğularımla çox təəssüflənirəm. Boş vaxtlarımda ancaq bu problemin həllini axtarıram, bu mövzu haqqında baş sındırıram. Niyə axı cinlər bizi tərk edib, getdilər? 5-10 il bundan qabaq müxtəlif “cin çıxarma əməliyyatları”, “yığışıb cini döyməyə gedən dəstələr”, nə bilim “cinləri səhv çıxaran yaxşı oğlanlar” vardı. Hətta bir ekstrasens vardı, deyirdi ki, “mənim tabeliyimdə 3-4 dənə cin var”.

Bir vaxtlar bu cin tayfası gözəgörünən varlıqlar olub. Sonradan nəsə günah ediblər deyə, Allahın qəzəbinə tuş gəlib gözəgörünməz olublar. Ona görə də qalıblar başlı-başına, ona-buna girib, pis-pis işlərlə məşğul olmağa başlayıblar.

Yəqin ki, bu söhbəti hamımız bilirik. Babalarımız o vaxt meşədə odun yığmağa gedəndə bir cin görüb, cin deyib ki, “Nə qulluğun?”, babalarımız da sancağı götürüb, cinə soxub onu öldürüblər.

Cin söhbətini burda saxlayıb, sizə keçən həftə ölkəmizdə baş verən maraqlı hadisələrdən danışmaq istəyirəm.

Bir zolaqlı kostyum geyinən qaqaş mikrofonu götürüb, hara baxırsan mahnı oxuyur. Mahnısını sözləri də təxminən belədir:

“Adını telefona balan yazmışam,

Mən sənə salam yazmışam”.

Alqışlayıram. Postmodernizmdir, insan nə eləsə adını sənət qoya bilər.

Daha sonra Ata Abdullayevin amerikalı qara dərili həyat yoldaşı video çəkib, “Azərbaycanı sevdiyini” söylədi.

Efirdə Nura Suri çox hikmətli bir kəlam işlətdi. Bunu yazıram ki, nə vaxtsa lazım olar: “Oğlan həm qəşəng, həm də imkanlı olmalıdır ki, ona baxım”.

Aktyor Müşfiq oğluna Dubayda toy elədi. Mətanət Əsədova Manaf Ağayevə görə aksiyaya başladı. Rəqsanənin açıq-saçıq klipi müzakirələrə səbəb oldu. Hacı Nuran ilk dəfə doğum günündə rəqs etdi. Nigar Camalın elə bir görüntüsü yayıldı ki, vay, vay. Elgizin verilişində nazı özündən böyük olan boyu balaca qız, deyəsən, evlənməyə razılaşdı. Amma tam dəqiq məlumatım yoxdur, onu dəqiqləşdirib, rəylərdə yazarsız. Pişik Günelə ev bağışladılar. Rəşid Mahmudov yumurtanın bahalaşmasından şikayət elədi.

Ey cin! Hardasan, axı? Bu xalqın sizə ehtiyacı var.

# 1599 dəfə oxunub

Müəllifin son yazıları

# # #